Məhkəmə qərarları › İş №3(006)-805/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-805/2021

22.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-805/2021 22.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Şikayət vermiş şəxs: X1 iştirakları ilə Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 23.11.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 2020-ci ilin noyabr ayının 8-i, təxminən saat 16:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva ilə Puşkin küçələrinin kəsişməsində olan işıqforda dayanıb yaşıl siqnalın yanmasını gözlədikdən sonra yol ayrıcına daxil olub. Daxil olarkən sol tərəfindən hərəkət edən, yəni Dilarə Əliyeva küçəsi ilə hərəkət edən avtomobillər yol ayrıcında olduğundan o, Puşkin küçəsi ilə düz hərəkət etmək istəyirdi. Qeyd edir ki, yol ayrıcında olarkən onun hərəkət istiqamətində işıqfor qırmızı işığa, Dilarə Əliyeva küçəsində hərəkət edənlərə isə yaşıl işığa keçdi. Bu zaman o, yol ayrıcını keçdikdən sonra onlar hərəkət etməli idilər. X6 küçəsinə hərəkət edən “Toyota Prius” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil “Yol hərəkəti haqqında” Qanunun tələblərinə məhəl qoymayaraq onun yol ayrıcını keçməyini gözləməmiş, nəticədə onun avtomobilinin sağ tərəfinə dəyərək qəza törətmişdir. Qəza zamanı onun avtomobilinin sağ ön qapısı, sağ ön qanadı (krılo) və sağ ön təkəri yararsız hala düşmüşdür. Bundan sonra o, “102” qaynar xəttinə baş vermiş qəza barədə məlumat vermişdir. Bir müddət sonra Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin əməkdaşı Bəxtiyar Əliyev gəlsə də, hadisə yerinə heç bir baxış keçirmədən, avtomobillərdə olan şəxslərin xəsarət alıb-almaması ilə maraqlanmadan, sürücülərin sərxoşluq vəziyyətini yoxlamadan və hadisə yerində protokol tərtib etmədən yalnızca sənədləri alıb 09.11.2020-ci il tarixdə, saat 13:00-da X9 İdarəsində olmalarını bildirib çıxıb getmişdir. Daha sonra o, siğorta şirkətinə məlumat vermişdir. Beləliklə, 09.11.2020-ci il tarixdə Bəxtiyar Əliyev əsassız olaraq hadisənin baş verməsində onun təqsirkar olduğunu və bu səbəbdən də barasində inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirdi. O dəfələrlə ona hadisənin baş verməsində təqsirkar olmadığını, yol ayrıcında olduğundan həmin avtomobilin onun yol ayrıcını boşaltıqdan sonra keçməli olduğunu və bunun qanunun tələbi olduğunu bildirsə də, B.Əliyev buna məhəl qoymayaraq yenə də onun zərər çəkmiş şəxs olduğu halda, barəsində İXP ******* saylı protokol tərtib etmiş və onu İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat miqdarında cərimə etmişdir. Halbuki, “Yol hərəkəti haqqında” Qanunun 76.5-ci maddəsinə əsasən svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir. Onu da xüsusi ilə vurğulayır ki, qərarı əldə etdikdən sonra onunla tanış olarkən məlum olmuşdur ki, həmin qərar Bakı şəhər X9 İdarəsinin polis kapitanı X4 tərəfindən qəbul edilmişdir. Lakin o, bu şəxsi ümumiyyətlə görməmiş, onun şikayəti Mikayıl Tağıyev tərəfindən araşdırılmışdır. Qərarın heç bir vaxt görmədiyi şəxs tərəfindən qəbul edilməsi isə bir daha bu qərarın əsassız olduğunu göstərir. Göstərilənləri nəzərə alaraq Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 23.11.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X3 şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Təxirə salınmış məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi təkrar məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Eyni zamanda məhkəməyə yazılı etiraz və hadisənin görüntüləri təqdim olunmuşdur. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və işdə olan digər sənədləri tədqiq edib, habelə təqdim olunmuş videogörüntüyə baxaraq belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Bakı şəhər X9 İdarəsinin polis kapitanı X4 tərəfindən qəbul edilmiş 23.11.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 08.11.2020-ci il tarixdə, saat 16:19-da idarə etdiyi “Hyundai Sonata” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ilə Puşkin küçəsinin kəsişməsində yolayrıcı keçmə qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Təqdim edilmiş videogörüntüdən görünür ki, Dilarə Əliyeva küçəsi ilə Puşkin küçəsinin kəsişməsində olan yol ayrıcında sıxlıq var, “Hyundai Sonata” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin yol ayrıcına, yəni “sarı kəsişmə toru”na daxil olaraq digər nəqliyyat vasitələrinə münasibətdə düzünə hərəkət istiqamətində dayanır və oranı keçə bilmir, bir müddət sonra isə özünə münasibətdə sol və sağdan avtomobillərin hərəkəti davam etdiyi vaxtda öz hərəkətini davam etdirib soldan gələn, hərəkət üstünlüyünə malik nəqliyyat vasitəsi ilə toqquşur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin İİ hissəsinə görə əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Həmin Qanunun 69-cu maddəsinin Vİİ hissəsinin 6-cı bəndinə əsasən 1.25 nişanlanması sarı haşiyə daxilində xətlərdən ibarət xanalar şəklində tətbiq olunur və bu Qanunun 75-ci maddəsinin İİ hissəsində nəzərdə tutulan halda sürücülərə yolayrıcında daxil olmanın qadağan edildiyi hissəni (kəsişmə yerini) göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə məsuliyyət müəyyən edir. Göründüyü kimi, X3 yol ayrıcında sıxlıq olduğunu görmüş, lakin həmin yol ayrıcına daxil olaraq keçəcəyini güman edib hərəkətini davam etdirmiş və nəticədə hərəkət üstünlüyünə malik digər nəqliyyat vasitəsinə maneə yaradaraq yol nəqliyyat hadisəsini törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 23.11.2020-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar