Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-805/2023 09.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 iştirakları ilə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə barədə qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, saat 11:30 radələrində idarə etdiyi “KİA OPTİMA” markalı, **-SK- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qarşısında olan işıqforun yaşıl işığından keçərkən sarı işıq yanmış, lakin o, qəflətən tormozlama verməyə texniki imkanı olmadığından işıqforun sarı işığından keçib getmişdir. Polis əməkdaşı İbrahim Hüseynov onu saxlayaraq sarı işıqda keçdiyini və qaydaları pozduğunu bildirmişdir. O isə izah etmişdir ki, həmin anda avtomobili sürətə görə dayandırmaq qeyri-mümkün idi. Lakin buna baxmayaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə protokol tərtib edilmişdir. O, tələsdiyi üçün polis əməkdaşı ilə mübahisəyə vaxt ayıra bilməmiş və qərarın ona dərhal təqdim olunmasını bildirirək söhbətə son qoymuşdur. İşıqforun hərəkəti qadağan edən sarı işıqları o zaman qayda pozuntusu hesab edilir ki, avtomobili tam dayandırmaq üçün texniki imkan olmuş olsun. Lakin işıqforun sarı işıqları yanan anda o, artıq işıqforu keçmə anında olduğundan avtomobili sürətlə dayandırsa idi, qəza şəraiti yarada bilərdi. Sadalanan hallara görə ona yazılmış protokol və onun əsasında olan qərar tam qanunsuz və əsassızdır, heç bir mötəbər sübuta əsaslanmır. Eyni zamanda qeyd edir ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş əvvəlki qərar ləğv edilsə də, həmin orqan heç bir araşdırma aparmadan təkrar eyni qərar qəbul etmişdir. Göstərilənlərə əsasən Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair yeni qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, şikayət vermiş şəxs və qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 3(006)- 3230/2022 saylı qərarı ilə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərar ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir; • Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında (hadisə xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda) qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə barədə qərarla X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48ci maddəsi); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə). Məhkəmədə müəyyən edilir ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən hazırki xəta ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarında göstərilən hallar üzrə tam araşdırma aparılmadan, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı görüntü və ya başqa bir təkzibedilməz dəlil olmadan işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə barədə qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə barədə ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-805/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-805/2023
09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver