Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-810/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» MMC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, «xxxx» MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «xxxx» MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analiti Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 05 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsişməsində yerləşən yaşayış binasının 2-ci mərtəbəsində «xxxx» MMC-yə məxsus klinikada 05 mart 2021-ci il tarixdə, saat 18:55-də plandan kənar yoxlama keçirilərkən lisenziyada göstərilən işlərdən kənar ortopedik və ortodontik iş aşkarlanmışdır. Bununla da, «xxxx» MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi İ.M.Hacıyev inzibati xəta haqqında protokolu müdafiə edərək «xxxx» MMCnin barəsində Azərbaycan Respublikasının İXM-nin 215.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» MMC-nin nümayəndəsi T.B.Rüstəmov bildirmişdir ki, onların sübutu yoxlama aktıdır. Həmin aktda iki həkimin adı qeyd olunub. Səhiyyə Nazirliyi lisenziyadan kənar əlavə lisenziya istəyir. O, da əlavə lisenziyanı da təqdim edir. Göstərilənləri nəzərə alaraq, «xxxx» MMC-nin barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «xxxx» MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan yoxlama suallarının siyahısından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsiçməsində yerləşən yaşayış binasının 2-ci mərtəbəsində «xxxx» MMC-yə məxsus “Estetik Bakı Klinikasın”da yoxlama aparmaq üçün şərait yaradılmamış, sənədlər təqdim olunmadığından araşdırma aparmaq mümkün olmamış və lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti, yəni ortopedik və ortodontik stomatoloji fəaliyyət həyata keçirilməsi müəyyən olunmuşdur. İş materiallarında olan 05 mart 2021-ci il tarixli, 70 saylı planlı yoxlama aktından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsiçməsində yerləşən yaşayış binasının 2-ci mərtəbəsində «xxxx» MMC-yə məxsus “Estetik Bakı Klinikasın”da plandan kənar yoxlama həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analiti Ekspertiza Mərkəzinin əməkdaşları Elnur Niftəliyev, Əşrəf Nəsrullayev və Samir Əzizov klinikaya daxil olmuş, onları qarşılayan X1 həkim stomatoloq kimi fəaliyyət göstərdiyini və rəhbərlikdən heç kimin olmadığını bildirərək plandan kənar yoxlamaya əsas olan sənədləri qəbul etməkdən imtina etdi. Bundan sonra yoxlama başlanılmış və aidiyyəti otaqlara daxil olunmuş, Fəxrəddin Şamiyevə məxsus stomatoloji işə aid çoxlu sayda alətlər və materiallar aşkarlanmışdır. Həkim şifahi olaraq bildirmişdir ki, həmin otaqda terapevtik, ortapedik və ortodontik stomatoloji işlərlə məşğul olur. Digər stomatoloji kabinetdə fəaliyyət göstərən həkim stomatoloq İlqar Əbilovda eyni suala yuxarıda qeyd olunan cavabları vermişdir. Bununla da Klinika tərəfindən lisenziyada göstərilən işlərdən kənar tibb fəaliyyəti aşkarlanmış, yoxlamanın digər sualları üzrə müvafiq sənədlər təqdim olunmadığından həmin suallar üzrə yoxlama baş tutmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 06 iyul 2017-ci il tarixli, İN/L-619/2017 saylı Lisenziyanın surətindən görünür ki, «xxxx» MMC-yə (hüquqi ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Cavadxan küçəsi, ev 29, VÖEN: **********) Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsişməsində yerləşən yaşayış binasının 2-ci mərtəbəsi ünvanında özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti üzrə görülməsinə icazə verilən işlərin siyahısına – Dermatologiya, dermatoloji, kosmetoloji, fizioterapiya, fizioterapevtik, stomatologiya, terapevtik stomatoloji daxildir. Beləliklə, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsişməsində yerləşən yaşayış binasının 2-ci mərtəbəsində «xxxx» MMC-yə məxsus klinikada 05 mart 2021-ci il tarixdə, saat 18:55-də plandan kənar yoxlama keçirilərkən lisenziyada göstərilən işlərdən kənar ortopedik və ortodontik iş aşkarlanmışdır. Bununla da, «xxxx» MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən, Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən «xxxx» MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, «xxxx» MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 215.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «xxxx» MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6.000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-810/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-810/2021
27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver