Məhkəmə qərarları › İş №3(006)-812/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-812/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-812/2025 03.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Şikayətçi: X2 iştirakları ilə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25455612 saylı inzibati tənbeh vermə barədə qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixli, EQ 25455612 saylı inzibati tənbeh vermə barədə qərara əsasən 40 manat məbləğində əsassız cərimə edilmişdir. Belə ki, həmin qərara əsasən Ağa Neymətulla küçəsində nömrəsi bəlli olmayan onun avtomobilinə bənzər avtomaşın dairəni qadağan nişanının altında döndüyü üçün İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə xəta törətmişdir. Lakin, fotoşəkildə inzibati xəta törədərkən həmin avtomobilin ön dövlət qeydiyyat nişanı görünmür və ön hissəsi onun avtomobilindən fərqlidir. İkinci şəkildə isə ona məxsus “Mercedes-Benz” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dönüş etməsi görünür, lakin qadağan nişanının altında dönməsi görünmür. Bu şəkillər inzibati xətanı törədən avtomobilin ona məxsus “Mercedes-Benz” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu təsdiq etmir. Bundan başqa, fotoşəkillərdən və göstərilən qadağan nişanının üstündəki Heydər Əliyev prospektinə istiqamət oxundan bəlli olur ki, “Mercedes-Benz” markalı avtomobili Heydər Əliyev prospekti istiqamətindən Ağa Neymətulla küçəsi ilə dairəyə doğru hərəkət etmiş, yəni Heydər Əliyev prospekti həmin “Mercedes-Benz” markalı avtomobilin hərəkətinin əks istiqamətində geridə qalmış, bu dairədən düz və sağ istiqamətə Heydər Əliyev pospektinə heç bir çıxış yoxdur. Heydər Əliyev prospektinə çıxış Ağa Neymətulla küçəsi ilə hərəkət edən “Mercedes-Benz” avtomobilinin yalnız arxa tərəf istiqamətində yerləşir. “Mercedes-Benz” markalı avtomobilin əks istiqamətindən (qarşısından) Ağa Neymətulla küçəsi ilə hərəkət edən və sağdan Ağa Neymətulla küçəsinin dairəsinə daxil olan avtomobil yolu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin köhnə binasının qarşısından keçərək yeraltı keçidin yanından sağa burularaq Heydər Əliyev prospektinə girir. Dairəyə əks istiqamətdən hərəkət edən və sağdan gələn avtomobillərin isə H.Əliyev prospektinə çıxışı var, lakin dairənin hərəkət istiqamətnə görə həmin avtomobillərin sola dönmə çıxışı yoxdur. Bu fakt bir daha da təsdiq edir ki, qadağan nişanı Ağa Neymətulla küçəsindəki dairədə qarşıdan və sağdan gələn yol hərəkəti iştirakçıları üçün qoyulmuşdur. Yəni həmin dairədən sola dönməni qadağan edən nişanın inzibati xətanı törətdiyi iddia olunan dövlət qeydiyyat nişanı bəlli olmayan avtomobilə adiyyəti yoxdur. Qeyd olunan bu hallar onun İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən xəta törətdiyi faktını təsdiq etmir, təqsirini sübuta yetirmir. Göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixli, EQ 25455612 saylı inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X3 şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan elektron portaldan çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixli, EQ 25455612 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2025-ci il tarixdə, saat 16:22-də idarə etdiyi “Mercedes-Benz” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Ağa Neymətulla küçəsində yol nişanlarının tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); • İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Beləliklə məhkəmədə müəyyən edilir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, zəruri araşdırma aparılmadan, hadisənin baş vermə şəraiti dəqiq tədqiq edilmədən işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, EQ 25455612 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qıbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25455612 saylı inzibati tənbeh vermə barədə qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar