Məhkəmə qərarları › İş №3(006)-813/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-813/2025

21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-813/2025 21.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasəmova Leyla Nurəddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsus “Mercedes Benz-240” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2025-ci il tarixli, AYN ******* elektron qərarla AYNA tərəfindən 20 manat məbləğində əsassız cərimə yazılmışdır. Həmin əsasız və qanunsuz elektron protokol qərara etiraz edir. xx.xx.2025-ci il tarixli, AYN ******* elektron qərara əsasən AYNA iddia edir ki, ona məxsus ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı Apellyasiya Məhkəməsinin qarşısında, Ayna Sultanova küçəsində parklama edərkən İXM-nin 346-1.1-ci maddəsinə əsasən xəta törətmişdir. AYNA-nın bu qərarı həm qanunsuz həm də əsassızdır. Çünki o, qeyd olunan tarixdə və saatda mobil telefonla həmin ərazidə parklama üçün 0.70 qəpik məbləğində pul ödəmişdir. Belə ki, o, qərarda qeyd olunan tarixdə və radələrdə Bakı Apellyasiya Məhkəməsinin giriş qapısının yaxınlığında avtomobilini park etmişdir. Parklama nişanın üzrərində 10915 məntəqə nömrəsi olduqca kiçik rəqəmlərlə qeyd olunduğunda hərəkət edən zaman avtomobildən həmin nömrəni oxuya bilməmişdir. Foto şəkildən də göründüyü kimi küçənin yuxarı hisəsində qoyulan nişan avtomobilindən uzaq məsafədə təxminən 30 metr məsafədədir. Park etdikdən sonra məntəqə nömrəsini yaxından oxuyub SMS göndərmək üçün avtomobildən düşüb nişana doğru getmişdir. Qeyd edir ki, əməliyyat olduğu üçün sərbəst yeriyə bilmədiyindən müvəkillinin köməyi ilə avtomobildən düşmüş və çəliklə asta-asta nişana doğru getməyə başlamışdır. Nişanın üzrərindən park nömrəsini yaxından oxuduqdan sonra SMS göndərmək istəyərkən mobil telefonunun avtomobildə qaldığı məlum olmuşdur. Odur ki, yenə də çəliklə asta-asta avtomobilinə tərəf 30 metr məsafəni geri qayıtmaq məcburiyyətində qalmışdır. Bu zaman AYNA-nın işçisinin avtomobilinin qarşısında durduğunu və ona baxdığını görmüşdür. Halbuki, avtomobili saxlayarkən onu ətrafda görməmişdir. Əgər AYNA-nın həmin işçisini görmüş olsaydı və ya o avtomobilinə yaxınlaşmış olsaydı o zaman məntəqə nömrəsini ondan soruşardı və böyük əziyyətlə çəliklə uzaq məsafəni getməzdi. O, həmin işçidən avtomobilinin foto şəklini çəkib AYNA-ya göndərib göndərmədiyini soruşmuşdur. Həmin şəxs bildirdi ki, göndərməmişdir. Lakin, cərimə barədə SMS məlumatlandırma ona gələndə məlum oldu ki, AYNA-nin həmin işçisi onu aldatmış, o məhkəmənin qarşısındakı nar kolun arxasında gizlənmişdir. O, avtomobildən düşüb nişanin üzrərindəki məntəqə nömrəsini oxumağa getdikdə AYNA əməkdaşı avtomobilinin foto şəklini çəkib AYNA-nın mərkəzi informasiya sisteminə göndərmişdir. Qeyd edir ki, o, həmin tarixdə və radələrdə parklanmaya görə 0.70 qəpik pul ödədiyi üçün İXM-nin 346-1.1-ci maddəsi ilə xəta törətməmişdir. İXM-nin 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görəiyirmi manat məbləğində cərimə edilir. İXM-nin 346-1.1-ci normasında ödənişli parklanma yerinə daxil olduqdan sonra parklanma müddətinin SMS-lə başladılması üçün hər hansı konkrekt müddət göstərilməmişdir. Yol hərəkəti haqqında qanunun 53-ci maddəsində də bu müddət qeyd edilməmişdir. Odur ki, parklanma müddətinin bir neçə dəqiqə gec başladılması qanun pozuntusu və inzibati xəta hesab edilə bilməz. Qanunla parklanma nişanlarının parklanma yerindən çox uzaq məsafədə qoyulması, parklanma məntəqəsinin nömrəsinin nişanların üzərində avtomobilin içindən oxuna biməyəcək dərəcədə çox kiçik rəqəmlərlə yazılması, həmçinin AYNA işçilərinin gözdən uzaq yerlərdə gizlənməsi faktlarına görə məhz AYNA özü Yol Hərəkəti haqqında qanunun 53-cü maddəsinin XİV-ci bəndinin tələblərinin kobud şəkildə pozulmuşdur. Odur ki. AYNA-nin Yol Hərəkəti haqqında qanunun 53-ci maddəsinin XİV-ci bəndinin tələblərinin kobud şəkildə pozulması nəticəsində parklanmaya görə 1181 nömrəsinə SMS məlumatlandırmanı səhhəti ilə bağlı üzrlü səbəbdən bir neçə dəqiqə gec göndərdiyi üçün İXM-nin 346-1.1-ci maddəsinin tələbinin pozulmasına görə barəsində qəbul edilmiş AYN0997254 nömrəli qərar qanunsuz və əsasızdır. Qeyd olunanları nəzərə alaraq barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan portaldan çıxarışlardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə İXM-nin 346-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün xx.xx.2025-ci il tarixli qərarla 20 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 346-1.1-ci maddəsi nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə görə məsuliyyət nəzərdə tutur. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, X2 tərəfindən xx.xx.2025-ci il tarixdə “Mercedes Benz-240” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobili parklamaya görə müvafiq ödəniş edilmişdir. Belə olan halda da şəxsin İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi düzgün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar