Məhkəmə qərarları › İş №3(006)-815/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-815/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-815/2025 12.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 iştirakları ilə, Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Audivovizual Şurası Aparatının Şəxs MMC-nin barəsində tərtib etdiyi 06 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş material məhkəməyə daxil olmuşdur. 06 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin Teleport platforma operatoru xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə saat 11:00-da ünvan 1 ünvanında retranslyasiya zamanı “Media” haqqında qanunun 32.4-cü maddəsinin platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq, səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilələrin surətini Şuraya təqdim etməlidir. Nəticədə, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 381.11-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Audivovizual Şurası Aparatının etibarnamə üzrə nümayəndəsi X3 protokolun məzmununa uyğun çıxış edərək, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən universal platforma operatoru fəaliyyəti üçün 01 fevral 2024-cü il tarixli UPO- 042 qeydiyyat nömrəli lisenziya sənədi verilmişdir. Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən 05 fevral 2025-ci il tarixdə, saat 11.00-da aparılmış Şəxs xidmətinin monitorinqi zamanı müxtəlif dillərdə yayımlanan 32 televiziya kanalının retranslyasiyasının buna hüquq verən sənəd: müqavilə, lisenziya, icazə və sairə olmadan və “Media haqqında" Azərbaycan Respublikasının Qanununun 32.4-cü maddəsinin tələbinin pozulması faktı aşkar olunmuşdur. Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X4 izahatında qeyd etdi ki, direktoru olduğu hüquqi şəxs barəsində Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən tərtib olunmuş protokolla razı deyillər. Belə ki, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunan 32 ədəd telekanallardan VİJİ History və Arrigant kanalları "İ-media” MMC ilə imzalanan müqavilə əsasında retranslasiya olunur. Euro D, TRT Belgesel, TRT Çocuk, Euro Star, Power Türk, ATV Avropa, ShowTürk, TV8, Blomberg "xxxx" MMC ilə imzalanan müqavilə əsasında retranslasiya olunur. Dom kino. O!. Telekafe, National Geographic kanallar Audiovizual şura tərəfindən 02 Sentyabr 2024 il tarixli 3-49/2-454/2024 saylı məktuba əsasən icazəsinə ehtiyac olmamasına (məktubun Əlavə 2-da qeyd olunan xarici televiziya kanalları Əlavə 1 çərçivəsində bağlanmış müqavilələrin mövcudluğu halında paketlarə daxil edilə bilər) nəzərə alaraq retranslasiya olunur. Siyahıda qeyd olunan kanallar Audiovizual şura tərəfindən 02 sentyabr 2024-cü il tarixli 3-49/2-454/2024 saylı məktuba əsasən icazə tələb olunan kanalların siyahısında qeyd edilmədiyi və Azərbaycan Respublikası ərazisində rəsmi lisenziya sahibi olmadığı üçün internet və peyk vasitəsi ilə açıq şəkildə yayımlanmasını nəzərə alaraq retranslasiya olunurdu. Audiovizual Şura tərəfindən daxil olan müraciətə əsasən həmin kanalların retranslasiyası dayandırılmışdır. Siyahıda qeyd olunan SCİ-Fİ kanalı.Audiovizual şurası tərəfindən Niltex Holdinq Limited şirkətinə aid olduğunu bilindiyi zaman, həmin şirkət ilə kanalın yayımlanmasına aid danışıqlar uğursuz nəticə veriləndən sonra, həmin kanalın retranslasiyası dayandırılmışdır. "Teleport” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən tərtib olunmuş 06 fevral 2025-ci il tarixli, MN№ ******* saylı protokolun təmin olunmamasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda verilmiş suallara cavab olaraq, qarşı tərəfin təqdim etdiyi siyahıda 32 kanalın hüquq verən sənəd olmadan retranslyasiya olunmasını göstərilmiş, qeyd olunan kanallara dair müvafiq şirkətlərlə aralarında müqavilə bağlanıldığını, qarşı tərəfin protokol tərtib olunan zaman müvafiq sənədlər tələb etdiyini, buna görə vaxt istənildiyini, lakin qarşı tərəfin onlara müvafiq sənədləri təqdim etmək üçün vaxt vermədən protokolu tərtib etdiyini bildirmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası İXM-in 381.11-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində Şəxs MMC-nin təqsiri araşdırılmış sübutlarla öz təsdiqini tapmır və bu səbəbdən iş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 01 fevral 2024-cü il tarixli UPO-042 saylı xüsusi lisenziyadan görünür ki, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən Teleport MMC-yə Azərbaycan Respublikası ərazisində kabel, İPTV, OTT, mobil TV yayımı üsulu ilə Teleport həyata keçirmək üçün lisenziya verilmişdir. “Retranslyasiya fəaliyyətinin Monitorinqinə dair” 05 fevral 2025-ci il tarixli arayışdan görünür ki, Teleport platforma operatoru xidmətinin retranslyasiya paketində olan xarici televiziya kanallarının monitorinqi zamanı müxtəlif dillərdə yayımlanan 32 (otuz iki) televiziya kanalının retranslyasiyasının buna hüquq verən sənəd (müqavilə, lisenziya, icazə və sairə) olmadan və “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 32.4-cü maddəsinin tələbinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) pozulması ilə həyata keçirilməsi təsbit olunmuşdur. Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbəsi tərəfindən təqdim olunmuş RM /25-004 nömrəli arayışa dair 05 fevral 2025-ci il tarixli, № HR- 004/2025 nömrəli hüquqi rəydən görünür ki, təqdim olunmuş arayışda qeyd olunmuş fakt, yəni, müxtəlif dillərdə yayımlanan 32 (otuz iki) televiziya kanalının retranslyasiyasına hüquq verən sənəd (müqavilə, lisenziya, icazə və sairə) olmadan retranslyasiyası “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 32.4-cü maddəsinin tələbinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) pozulması halıdır. Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən ünvanlanmış 05 fevral 2025ci il tarixli, 3-49/2-117/2025 nömrəli məktubdan görünür ki, Şəxs MMC-nin platforma operatoru xidməti (Teleport) tərəfindən xarici televiziya kanallarının siyahısı üzrə Audiovizual Şura tərəfindən 05 fevral 2025-ci il tarixdə, saat 11:00-da aparılmış monitorinq zamanı müxtəlif dillərdə yayımlanan 32 (otuz iki) televiziya kanalının həmin xidmət tərəfindən buna hüquq verən sənəd və ya sənədlər (müqavilə, lisenziya, icazə və sairə) olmadan retranslyasiya olunması və bununla da “Media haqqında" Qanunun 32.4-cü maddəsinin tələbinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) pozulması faktı aşkar olunmuşdur. 29 dekabr 2024-cü il tarixli “30 dekabr 2023-cü il tarixli №1-İM-TELP-23 saylı Lisenziya Razılaşmasının” 1 saylı Əlavə Razılaşmasından görünür ki, "xxxx" MMC ilə Şəxs MMC arasında xarici televixziya kanalının retranslyasiya olunması üçün razılaşma bağlanmış, qüvvəyə minmə tarixi 01 yanvar 2025-ci il tarixdən müəyyən edilmişdir. 29 dekabr 2024-cü il tarixli “30 dekabr 2023-cü il tarixli №1-TS-TELPT-23 saylı Lisenziya Razılaşmasının” 1 saylı Əlavə Razılaşmasından görünür ki, "xxxx" MMC ilə Şəxs MMC arasında xarici televiziya kanalının retranslyasiya olunması üçün razılaşma bağlanmış, qüvvəyə minmə tarixi 01 yanvar 2025-ci il tarixdən müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 381.11-ci maddəsinə görə Audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulmasına görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilkin olaraq yuxarıda qeyd olunan maddənin dispozisiyasında sadalanan xüsusatlara, yəni – audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulmasına münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun; 1.1.21-ci maddəsinə əsasən platforma operatoru – proqramların, o cümlədən sifarişli yayım xidmətlərinin kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiyasını həyata keçirən fiziki və ya hüquqi şəxsdir. 27.1.3-cü maddəsinə görə platforma operatoru qismində sadə platforma operatoru (27.1.3.1) və universal platforma operatoru (27.1.3.2) çıxış edir. 32.1-ci maddəsinə əsasən platforma operatoru lisenziya əsasında fəaliyyət göstərir. 32.2-ci maddəsinə görə sadə platforma operatoru yalnız bir üsulla, universal platforma operatoru isə eyni zamanda 2 (iki) və daha çox üsulla retranslyasiya həyata keçirə bilər. 32.4-cü maddəsinə əsasən platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir. 32.6-cı maddəsinə görə platforma operatoru müqavilə əsasında platforma yayımçısının proqramlarının retranslyasiyasını həyata keçirə bilər. Məhkəmə qeyd edir ki, Şəxs MMC universal platforma operatoru olmaqla Azərbaycan Respublikası Audio Vizual Şurası tərəfindən verilmiş 01 fevral 2024-cü il tarixli UPO-042 saylı xüsusi lisenziya əsasında fəaliyyət göstərməklə, platforma yayımçıları olan "xxxx" MMC və və "xxxx" MMC ilə 30 dekabr 2023-cü il tarixli müqavilələr və bu müqavilələrə əlavə edilmiş razşılaşmalar əsasında proqramların retranslyasiyasını həyata keçirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəxs MMC Audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərini pozmadan Azərbaycan Respublikası Audio Vizual Şurası tərəfindən tərtib edilmiş “Retranslyasiya fəaliyyətinin Monitorinqinə dair” 05 fevral 2025-ci il tarixli arayışda hüquq verən sənəd olmadan retranslyasiya olunan xarici televiziya kanalarından olan “VİJU History” və “ARİRANG KOREA” "xxxx" MMC ilə Teleport MMC arasında bağlanmış 1 saylı Əlavə Razılaşmaya əsasən, “EURO D”, TRT Belgesel, TRT COCUK, EURO STAR, POVVER TURK, ATV AVRUPA, SHOVVTURK, TV8-İnternational, BLOMBERG HT kanalları isə "xxxx"MMC ilə bağlanmış 1 saylı Əlavə Razılaşmaya əsasən, ДОМ КИНО, ТЕЛЕКАФЕ, О!, National Geographic-ə münasibətdə isə Azərbaycan Respublikası Audio Vizual Şurası tərəfindən təqdim edilmiş Əlavə 2-yə əsasən şifahi razılaşmaya əsasən, Start Air. TRT Sport 3. Русский роман. Hüzur TV. Hollywood. Dagestan TV. Univer TV. Tİ-Jİ. 2x2. Настоящее время. Миллет. Мульт и Музыка. Малыш. КВН ТВ. Русский бесстселлер və Солнце kanallarını (Audiovizual şura tərəfindən 02 Sentyabr 2024 il tarixli 3-49/2-454/2024 saylı məktuba əsasən) icazə tələb olunan kanalların siyahısında qeyd olunmadığına və açıq şəkildə yayımlanmasını nəzərə alaraq müqavilə olmadan retranslasiyasını həyata keçirmiş, SCİ-Fİ kanalının isə (Niltex Holdinq Limited şirkətinə aid olduğunu və həmin şirkətlə kanalın yayımlanması üçün danışıqlar uğursuz nəticə verdiyinə görə) retranslasiyasını dayandırmışdır. Eyni zamanda məhkəmə inzibati xəta haqqında protokolda qeyd olunan müqavilələrin hüquqi şəxs tərəfindən təqdim edilməməsinə münasibətdə bildirir ki, X7 32.4-cü maddəsinə əsasən xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim edilməsi göstərilsə də, onun təqdim edilməsi üçün hər-hansı bir konkret vaxt müəyyən edilməmiş, əksinə orqan inzibati protokol tərtib edərkən birtərəfli mövqedən yanaşaraq hüquqi şəxsin yayıma dair müqaviləsinin olub-olmamasını aradırmamış, müqavilələrin təqdim edilməsi üçün şərait yaratmamışdır. Məhkəmə araşdırması zamanı isə hüquqi şəxsin təqdim etdiyi müqavilələrin protokol tərtib olunan tarixdən (06 fevral 2025-ci il tarixdə) daha əvvəl, yəni - 29 dekabr 2024-cü il tarixində bağlandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 381.11-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi, həmin xəta təqsirli olaraq törədildikdə və həmin xəta üzrə şəxsin təqsiri sübuta yetirildikdə inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırki iş üzrə Şəxs MMC-nin təqsiri müəyyən olunmur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 06 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 381.11ci maddəsi ilə tərtib edilmiş 06 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar