Məhkəmə qərarları › İş №3(006)-82/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-82/2023

23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-82/2023 23.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Nəcəfbəy Vəzirov küçəsi, ev 10, mənzil 40 VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC 90.000 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 28.692,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Şəxs MMC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, xx.xx.2020-ci ildə Şəxs MMC ilə Çin Xalq Respublikasında yerləşən “EVERBRİGHT (HK) TRADİNG CO. LİMİTED” şirkəti arasında malların göndərilməsinə dair 2020-4-RSH-0030 saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC-də olan hesabdan həmin şirkətin bank hesabına qabaqcadan avans olaraq köçürülmüş vəsait hesabına alınmış mallar qanunla müəyyən edilmiş müddət ərzində, yəni 2 (iki) il müddət daxilində ölkəyə idxal edilmişdir. Malların idxal edilməsi faktı isə təqdim etdikləri gömrük bəyannaməsi ilə sübuta yetirilir. Göstərilənləri nəzərə almaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş xx.xx.2022-ci il tarixli məlumatda Şəxs MMC tərəfindən 90.000,00 ABŞ dolları məbləğində ödəniş etməsi, həmin ödəniş üzrə müəyyən hissənin **********7058, **********5666 və **********5658 saylı YGB-lərlə bəyan edilməsi, lakin ödənişin aparıldığı gündən 02 il müddətində 28.692,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin banka təqdim edilməməsi göstərilmişdir. - İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə “Alıcı”- Şəxs MMC ilə “Tədarükçü” – “EVERBRİGHT (HK) TRADİNG CO. LİMİTED” şirkəti arasında bağlanmış, müqaviləyə görə Tədarükçünün sifarişlərin ilkin mərhələdə tərəflərlə razılaşdırılmış spesifikasiyaya əsasən malın partiyaya əlavə olunan invoyslara uyğun olaraq Alıcını mal ilə təchiz etməsi, Alıcının isə bu malın dəyərini Tədarükçüyə ödəməsi razılaşdırılmışdır. - Ödəniş sənədinə əsasən Şəxs MMC tərəfindən “EVERBRİGHT (HK) TRADİNG CO. LİMİTED” şirkətinin hesabına xx.xx.2020-ci il tarixli, 2020-4-RSH-0030 saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixdə 90.000,00 ABŞ dolları məbləğində pul göndərilmişdir; - **********3291 saylı gömrük bəyannaməsi üzrə 30.822,00 ABŞ dolları dəyərində mal 2 il müddətində ölkəyə idxal olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC ilə Çin Xalq Respublikasında yerləşən “EVERBRİGHT (HK) TRADİNG CO. LİMİTED” şirkəti arasında xx.xx.2020-ci il tarixdə malların göndərilməsinə dair 2020-4-RSH-0030 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdə 90.000 ABŞ dolları məbləğində vəsait “EVERBRİGHT (HK) TRADİNG CO. LİMİTED” şirkətinin hesabına köçürülmüş, həmin köçürməyə əsasən sonuncu tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində sifariş olunan mallar ölkəyə idxal edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə sifariş olunan mallar ölkəyə idxal edildiyi üçün Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar