Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-82/2024 19.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq Departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi Rasim Məmmədov tərəfindən 19 dekabr 2023-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 100000,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 100000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 verdiyi izahatında göstərmişdir ki, inzibati xəta haqqında icraatın başlanmasına səbəb olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 19 dekabr 2023-cü tarixli inzibati xəta haqqında protokol əsassızdır. Sözügedən protokola əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müəyyən məbləğdə xaricə pul köçürülsə də, guya həmin pul vəsaitinin müqabilində mallar idxal edilməmiş, edilmədiyinə görə isə ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən göndərilmiş vəsait dəyərində mallar **********7053 və **********4253 nömrəli gömrük bəyannamələri əsasında ölkəyə idxal edilmişdir. Buna baxmayaraq, qeyri-müəyyən səbəblərdən bank tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına malların ölkəyə idxal edilməsinə dair məlumat verilməmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “SHAOXİNG YİXUANQİ TEXTİLE CO. LTD” şirkətinin müvafiq bank hesabına 100000,00 ABŞ dolları ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş "xxxx" ASC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 15 yanvar 2024-cü il tarixli, 1765 saylı məktubdan və **********7053 və **********4253 nömrəli gömrük bəyannamələrinin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “SHAOXİNG YİXUANQİ TEXTİLE CO. LTD” şirkətinin xeyrinə aparılmış xx.xx.2021-ci il tarixində 100000,00 ABŞ dolları avans ödənişi cədvəldə qeyd olunan gömrük bəyannamələri ilə bağlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilsə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 100000,00 ABŞ dolları məbləğində məhsul ölkəyə idxal edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi baş vermədiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-82/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-82/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver