Məhkəmə qərarları › İş №3(006)-821/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-821/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-821/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikası Mərkəzi Bankın tərtib etmiş: nümayəndəsi X6 oğlunun Barəsində icraat aparılan şəxs: Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsi, ev 32, VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi üzrə tərtib olunmuş 28.02.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC 20.000,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 26.12.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan 15.568,20 ABŞ dolları dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmədə Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi X3 izahatında göstərdi ki, "xxxx" QSC tərəfindən 05.01.2022-ci il tarixdə Mərkəzi Banka ünvanlanmış müraciətə əsasən müəyyən edilmişdir ki, Şəxs MMC 26.12.2019-cu il tarixdə 20.000,00 ABŞ dolları məbləğində vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait müqabilində 15.568,20 ABŞ dolları dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, avans yolu ilə ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Belə ki, Şəxs MMC tərəfindən Mərkəzi Banka təqdim edilmiş **********2599 saylı gömrük bəyənnaməsinin 44-cü qrafasında müqavilənin tarixi 01.06.2018-ci il tarix göstərilsə də, “e-gömrük bəyannaməsi haqqında” elektron sistemdən əldə olunmuş məlumata əsasən bu sənəd üzrə idxal olunmuş 34.233,80 ABŞ dolları dəyərində malın yalnız 4.431,80 ABŞ dolları “YapıKredi Bank Azərbaycan“ QSC üzrə 26.12.2019-cu il tarixdə həyata keçirilən köçürmə ilə bağlı bəyan edilmişdir. **********2599 saylı gömrük bəyannaməsi ilə bağlı isə qeyd edir ki, bu sənəd üzrə ölkəyə idxal olunan mallar Şəxs MMC-yə 01.07.2017-ci il tarixli müqavilə üzrə göndərilmiş və bu bəyannamə heç bir ödənişə bağlanmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 izahatında göstərdi ki, şirkət tərəfindən 26.12.2019-cu il tarixdə "xxxx" QSC-də olan hesabdan Polşada fəaliyyət göstərən “ZMB BİALYSTOK SP/Z o.o.” şirkətinə 20.000 ABŞ dolları, 05.02.2020-ci il tarixdə 11.752 ABŞ dolları vəsait köçürülmüşdür. Bu ödəmələrlə bağlı idxal olunmuş mallara dair təqdim edilmiş gömrük bəyannaməsində müqavilənin tarixi üzrə uyğunsuzluq olmuşdur. Tərəflərindən ilkin sənədlərin və faktiki vəziyyətin öyrənilməsi, eləcə də satıcı şirkətlə araşdırma nəticəsində bütün avanslar üzrə malların şirkətdən tam idxal olunduğu məlum olmuşdur. Uyğunsuzluğun səbəbi 26.12.2019-cu il və 05.02.2020-ci il tarixli ödəniş tapşırıqlarının 01.01.2017-ci il tarixli müqavilə üzrə nəzərdə tutulmasına baxmayaraq, şirkətin əməkdaşı tərəfindən səhvə yol verilərək ödənişinin təyinatı 01.06.2018-ci il tarixli müqavilə göstərilmiş və bu müqavilə üzrə sənədlər gömrükdən qeydiyyatdan keçirilərək banka təhvil verilmişdir. Nəzərdə tutulan ödənişlər üzrə 08.10.2019-cu il tarixdə mallar idxal olunmuş və bu barədə **********2599 saylı gömrük bəyannaməsi tərtib edilmişdir. Bununla bağlı Dövlət Gömrük Komitəsinə müraciət olunsa da, müsbət nəticə əldə oluna bilinməmişdir. İş materiallarında olan: “ "xxxx" QSC tərəfindən 05.01.2022-ci il tarixdə Mərkəzi Banka göndərilmiş məktubda bir sıra müştərilənin, o cümlədən Şəxs MMC-nin ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. Həmin məktuba təqdim edilmiş siyahıda Şəxs MMC-nin 26.12.2019-cu il tarixdə 20.000,00 ABŞ dolları göndərildiyi, lakin 15.568,20 ABŞ dolları bəyan edilmədiyi qeyd olunmuşdur; “ Köçürmə sənədinə əsasən Şəxs MMC tərəfindən Polşada yerləşən “ZMB BİALYSTOK SP/Z o.o.” şirkətinin hesabına 01.06.2018-cı il tarixli müqavilə üzrə 23.12.2019-cu il tarixli, 3/Proforma/2019 saylı invoysla bağlı 26.12.2019-cu il tarixdə əvvəlcədən ödəniş kimi 20.000,00 ABŞ dolları məbləğində pul göndərilmişdir; “ Şəxs MMC ilə “ZMB BİALYSTOK SP/Z o.o.” şirkəti arasında bağlanılmış 01.06.2018-cı il tarixli müqaviləyə əsasən “Satıcı” tərəf “Alıcıya” toyuq sosiskalarını satır, müqavilənin dəyəri 20.000 ABŞ dollarıdır; “ “ZMB BİALYSTOK SP/Z o.o.” şirkəti tərəfindən 01.06.2018-ci il tarixli müqavilə üzrə tərtib olunmuş 23.12.2019-cu il tarixli, 3/Proforma/2019 saylı invoysda satılan malların ümumi dəyəri 38.089,75 ABŞ dolları göstərilir; “ **********2484 saylı gömrük bəyannaməsinə görə Polşada yerləşən “ZMB” şirkəti tərəfindən Şəxs MMC-yə 01.06.2018-ci il tarixli müqavilə üzrə 34.233,80 ABŞ dolları dəyərində göndərilmiş toyuq sosiskaları 18.02.2020-ci il tarixdə ölkəyə idxal olunmuşdur; “ **********2599 saylı gömrük bəyannaməsinə görə Polşada yerləşən “ZMB” şirkəti tərəfindən Şəxs MMC-yə 01.07.2017-ci il tarixli müqavilə üzrə 36.444,20 ABŞ dolları dəyərində göndərilmiş toyuq sosiskaları 08.10.2019-cu il tarixdə ölkəyə idxal olunmuşdur; “ “e-gömrük bəyannaməsi haqqında” məlumatdan görünür ki, Şəxs MMC-nin **********2484 saylı gömrük bəyannaməsi ilə ölkə ərazisinə idxal etdiyi mallar "xxxx" QSC vasitəsilə həyata keçirilmiş 26.12.2019-cu il tarixli (4.431,80 ABŞ dolları), habelə "xxxx" ASC vasitəsilə aparılmış 2019-cu il 23 oktyabr və 12 noyabr tarixli ödənişlərlə bağlı bəyan edilmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə Azərbaycan Respublikası Mərkəzi X5 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə edilmiş dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündənən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmədə müəyyən edilir ki, Şəxs MMC ilə Polşada yerləşən “ZMB BİALYSTOK SP/Z o.o.” şirkəti arasında dəyəri 20.000 ABŞ dolları olan 01.06.2018-cı il tarixli müqavilə bağlanılmış, “ZMB BİALYSTOK SP/Z o.o.” şirkəti tərəfindən bu müqavilə üzrə tərtib olunmuş 23.12.2019-cu il tarixli, 3/Proforma/2019 saylı invoysda satılan malların ümumi dəyəri 38.089,75 ABŞ dolları göstərilmiş, Şəxs MMC isə həmin müqavilə və invoys üzrə 26.12.2019-cu il tarixdə əvvəlcədən ödəniş kimi “ZMB BİALYSTOK SP/Z o.o.” şirkətinin hesabına 20.000,00 ABŞ dolları məbləğində pul göndərmişdir. **********2484 saylı gömrük bəyannaməsinə görə “ZMB” şirkəti tərəfindən Şəxs MMC-yə 01.06.2018-ci il tarixli müqavilə üzrə 34.233,80 ABŞ dolları dəyərində göndərilmiş toyuq sosiskaları 18.02.2020ci il tarixdə, **********2599 saylı gömrük bəyannaməsinə əsasən isə 01.07.2017-ci il tarixli müqavilə üzrə 36.444,20 ABŞ dolları dəyərində göndərilmiş toyuq sosiskaları 08.10.2019cu il tarixdə ölkəyə idxal olunmuşlar. “e-gömrük bəyannaməsi haqqında” elektron sistemdən əldə olunmuş məluata əsasən Şəxs MMC-nin **********2484 saylı gömrük bəyannaməsi ilə ölkə ərazisinə idxal etdiyi mallar "xxxx" QSC vasitəsilə həyata keçirilmiş 26.12.2019-cu il tarixli (4.431,80 ABŞ dolları), habelə "xxxx" ASC vasitəsilə aparılmış 2019-cu il 23 oktyabr və 12 noyabr tarixli ödənişlərlə bağlı bəyan edilmişlər. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC-nin nümayəndəsinin izahatında göstərdiyi xüsusatlar tədqiq edilmiş sənədlərlə öz təsdiqini tapmır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 15.568,20 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi – 3.113 (üç min yüz on üç) ABŞ dolları 64 (sent) məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar