Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-822/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, X1 Nəsimi rayon Polis İdarəsinin DYPŞ YPX tərəfindən qəbul edilmiş 22.07.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon Polis İdarəsinin DYPŞ YPX tərəfindən qəbul edilmiş 22.07.2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Nəsimi Rayon DYPŞ YPX inspektoru Polis serjantı X3 tərəfindən qəbul edilmiş 22.07.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə AR İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə, yəni 22.07.2020-ci il tarixində, saat 18:36da, Azadlıq prospektində nəqliyyat vasitəsini idarə edərkən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə 200 (iki yüz) manat məbləğində cərimə olunmuşdur. Həmin qərar əsassızdır. Belə ki, sözügedən inzibati protokolun tərtib olunduğu tarixdə və saatda o, 2 saylı Psixiatriya Xəstəxanasında müalicə alırdı. Həmin tarixdə o, nə nəqliyyat vasitəsi idarə etmiş, nə də sərnişin kimi hər hansı nəqliyyat vasitəsində olmuşdur. O, 1998-ci ildən bəri şizofreniya xəstəliyindən əziyyət çəkir və 2 saylı Psixiatriya Xəstəxanasında müalicə alır. Xəstəliyi ilə bağlı sənədləri müalicə aldığı xəstəxanadan istəsə də həmin sənədləri məhkəmə sorğusu əsasında veriləcəyi bildirilmişdir. Bu səbəbdən qeyd olunan sənədləri məhkəmə özü sorğu nəticəsində ala bilər. 22.07.2020-ci il tarixində o, faktiki olaraq xəstəxanada müalicə alırdı, bu səbəbdən DYPŞ YPX inspektoru tərəfindən onun məlumatlarından sui-istifadə etməklə inzibati xəta haqqında protokol tərtib etməsi və onun əsasında müvafiq inzibati tənbeh vermə haqqında qərarı tamamilə qanunsuz və əsassız olmaqla onun bütün prosessual və maddi hüquqlarını kobud surətdə pozur. Barəsində şikayət verilən hazırki 22.07.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ona rəsmi qaydada təqdim olunmamışdır. Yalnız inzibati tənbehin icrası ilə əlaqədar olaraq çağırılaraq 25 fevral 2022ci il tarixində qərarı gedib özü götürmüşdür. Bu səbəbdən sözügedən qərardan şikayət vermə müddətini üzrlü səbəbdən ötürdüyü üçün müddətin bərpası ilə bağlı ərizəni hazırki şikayətə əlavə etmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verərək Nəsimi rayon Polis İdarəsinin DYPŞ YPX tərəfindən qəbul edilmiş 22.07.2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət vermə müddəti bərpa edilməli və şikayət təmin edilməlidir. İş materiallarında olan 22.07.2020-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 22 iyul 2022-ci il tarixdə İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, X1 İXM-nin 211.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və N.A.Rəhimov öz təqsirsizliyini sübuta yetirməli deyil. Məhkəmə tərəfindən Nəsimi rayon Polis İdarəsinin DYPŞ-nə X2 tərəfindən verilmiş şikayətə baxılmasının vaxtı və yeri barədə bildirişlər göndərilsə də, onlar məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin (inzibati xəta haqqında protokol, xüsusi texniki vasitə ilə çəkilmiş foto, video və sair materialları) məhkəməyə təqdim olunmasını təmin etməmişlər. Bununla da, Nəsimi rayon Polis İdarəsinin DYPŞ YPX X1 İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməsini, mübahisələndirilən qərarın qanuniliyini sübuta yetirməmişdir. Göstərilən əsaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Nəsimi rayon Polis İdarəsinin DYPŞ YPX tərəfindən qəbul edilmiş 22.07.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-822/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-822/2022
11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver