Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-832/2023 21.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı şəhər X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla bağlı xx.xx.2022-ci il tarixində baş tutmuş 3(006)-3808/2022 nömrəli iş ilə bağlı hakim Babək Pənahovun “şikayət qismən təmin edilsin” başlığı adı altında aldığı qərara əsasən Bakı şəhər DYPİ-nə hadisənin yenidən araşdırılması və baxılması üçün müraciət etmiş, etdiyi müraciət zamanı heç bir araşdırılma aparılmadan həmin inzibati tənbeh vermə haqqında qərarın sadəcə tarixi dəyişdirilərək yeni tarix və fərqli seriya nömrəli protokol ilə eyni maddə başlığı adı altında qərarı ona təqdim etmişlər. Göstərilənlərə əsasən Bakı şəhəri DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi E.A.Fətəliyev şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki,o, 03 sentyabr 2022-ci il tarixdə, 14:05 radələrində idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Ü.Hacıbəyli küçəsində olan zaman yol polisi əməkdaşı X3 idarə etdiyi **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ona “saxla” əmri vermiş və kobud bir şəkildə onun avtomobilinin ön yan hissədən şüşəsinin birində qanunla tətbiqinə icazə olmayan örtükdən istifadə olunduğunu bildirmişdir. Halbuki ona avtomobilini gömrük rəsmiləşdirilməsi zamanı bununla bağlı heç bir məlumat verilməmiş eyni zamanda yol polisi əməkdaşları tərəfindən texniki baxış keçirilən zaman heç bir örtüyə rast gəlinməmişdir. Avtomobilinin ön hissəsinin birində (avtomobillər xaricdən gəldiyinə görə) görünməyən şəffaf bir örtük olmuşdur (orada hər hansı örtük olsa belə hər iki tərəfdə olardı, sadəcə bir tərəfdə deyil), örtük o qədər şəffaf vəziyyətdədir ki, o, nə gömrük əməkdaşları, nə də ki, texniki baxış zamanı polis əməkdaşları tərəfindən görülməmiş, əks halda yerindəcə şüşədən sökülməli idi. Həmçinin o, polis əməkdaşı E.S.Qasımova bildirmişdir ki, bu örütüyü özü belə görməmiş, əks halda həmin pozuntunu aradan qaldırardı. Lakin polis əməkdaşı buna məhəl qoymayaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən 150 manat məbləğində cərimələmişdir. Barəsində protokol tərtib edilərkən polis əməkdaşları tərəfindən çəkiliş aparılmış, lakin sonuncular həmin videogörüntüləri ona təqdim etməkdən imtina edirlər. Bundan başqa, avtomobil şüşələrinə çəkilmiş örtüklərin şəffalığını xüsusi aparatla ölçülür, lakin barəsində protokol tərtib edilərkən heç bir aparatdn istifadə edilməmişdir. Göstərilənləri nəzərə alaraq şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Şəhər BPİ-nin DYPİ-nə lazımi qaydada məlumat verilsə də, Bakı Şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı Şəhər BPİ-nin DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Bakı Şəhər BPİ-nin DYPİ-nin ünvanına məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilmişdir (xx.xx.2023-cü il tarixli reyesterin 21 sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Bakı Şəhər BPİ-nin DYPİ-nin ünvanına məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilmişdir (xx.xx.2023-cü il tarixli reyesterin 16 sıra nömrəsi ilə). Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı qərar ləğv edilməli və yenidən araşdırılması üçün qərarı qəbul edən orqan Bakı Şəhər BPİ-nin DYPİ-nə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, E.A.Fətəliyev xx.xx.2022-ci il tarixdə, saat 14:05-də Bakı şəhəri, Ü.Hacıbəyli küçəsində “Hyundai Elantra” minik markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman Bakı şəhəri DYPİ-nin polis mayoru E.S.Qasımov tərəfindən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4cü maddələri ilə təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)- 3808/2022 saylı qərarından görünür ki, E.A.Fətəliyevin şikayəti qismən təmin edilmiş, Bakı şəhər X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmişdir (Əsas: E.A.Fətəliyevin 03 sentyabr 2022-ci il tarixdə, 14:05 radelərində idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ile Bakı şəhəri, Ü.Hacıbəyli küçəsində olan zaman ona ittiham olunan inzibati xətanın mövcudluğu ilə razılaşmaması, belə olduğu təqdirdə Bakı şəhər DYPİ-nin polis mayoru E.S.Qasımov protokol tərtib edib ona baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərmək əvəzinə, iş üzrə inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərar qəbul etməsi). Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, E.A.Fətəliyev xx.xx.2022-ci il tarixdə, saat 14:05-də Bakı şəhəri, Ü.Hacıbəyli küçəsində “Hyundai Elantra” minik markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtükləri çəkmiş, sonuncunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, E.A.Fətəliyevin barəsində Bakı Şəhər BPİ-nin DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Yuxarıda göstərilən səbəblərdən də, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin məhkəmə iclasları 2 dəfə ardıcıl olaraq təxirə salınmasına baxmayaraq həmin orqanın nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən iştirak etməmiş və inzibati xəta hadisəsinin mövcudluğunu əks etdirən hər hansı bir sübut və ya videogörüntü məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-3808/2022 saylı qərarında qeyd olunan nöqsanlar Bakı şəhər X6 İdarəsinin əməkdaşı E.S.Qasımov aradan qaldırılmadan və 03 sentyabr 2022-ci il tarixdə, 14:05 radələrində baş vermiş inzibati xəta hadisəsi ilə bağlı şikayətçi protokolla razılaşmadığı halda protokolu baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərmədən yenidən xx.xx.2023-cü il tarixli, TP ******* saylı qanunsuz inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Bakı Şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul ediləkən yuxarıda qeyd edilən kobud prosessual qanun pozuntularına yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı Şəhər BPİ-nin DYPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-832/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-832/2023
21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver