Məhkəmə qərarları › İş №3(006)-840/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-840/2022

03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-840/2022 03.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə Rusiya Federasiyası, Moskva vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək xırda xuliqanlıq etmiş, həmçinin polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs 03 mart 2022-ci il tarixdə saat 01 radələrində xidmətdə olan Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin Bakı şəhəri, Nəsimi rayon Muhafizə İdarəsinin manqa komandiri X4 və Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin Bakı şəhəri, Nəsimi rayon Muhafizə İdarəsinin polis nəfəri X1 ünvanına içkili vəziyyətdə söyüş söyərək təhqir etmişdir. Şəxsiç Nəsimi RPİ 22-ci PŞ-nə dəvət olunduqdan sonra polisin qanuni tələblərinə tabe olmayaraq PŞ-də polis əməkdaşlarını təhqir etməklə PŞ-nin Növbətçi Hissəsinin pəncərəsini başı ilə sındırmışdır. Bununla da, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin polis sahə rəisi S.S.Abbasov tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, 03 mart 2021-ci il tarixdə o, digər polis əməkdaşları ilə xidmətdə olarkən həmin tarixdə, saat 01:10 radələrində bir nəfər şəxs onlara yaxınlaşaraq təhqiramiz ifadələr işlədərək onları təhqir etmiş, polislərin nüfuzuna əksildəcək sözlər və onlara əl-qol ataraq ağır söyüşlərdən istifadə etmişdir. Onlar həmin şəxsi Nəsimi RPİ-nin 22-ci PŞ-yə gətirən zaman növbətçi hissəsinin şüşəsini başıyla qırmış, təkrar bölmədə və 22-ci PŞ-nin əməliyyat qrupunu söyüşlə təhqir edərək əməliyyat qrupunu söyüşlə təhqir edərək bir daha əl-qol atmağa başlamış və onlar əməliyyat qrupu ilə birlikdə növbətçi hissəyə təhvil verilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, 02 mart 2022-ci il tarixdə, saat 23 radələrində yaxın dostları ilə birlikdə “Xətai” metrostansiyasının yaxınlığında yerləşən kafelərin birində spirtli içki qəbul edərək dostlarından ayrılmaqla 03 mart 2022-ci il saat 01 radələrində Nəsimi rayonu ərazisində yerləşən “Nizami” kinoteatrının qarşısına gəlmişdir. O, orada xidmət aparan polis əməkdaşlarına yaxınlaşaraq telefon adapteri istəmişdir. Bu zaman polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənədi tələb etmiş, nəticədə o, polis əməkdaşları ilə mübahisə etməyə başlamış və onların ünvanına nalayiq söyüşlər söymüşdür. Polis əməkdaşları onu avtomobilə mindirərək 03.03.2022-ci il tarixdə saat 01 radələrində 22-ci PŞ-nə gətirmişlər. O, həmçinin, 22-ci PŞ-də içkili olduğundan polisin tələblərinə tabe olmayaraq başı ilə pəncərəni sındırdığını bildirmişdir. Həmçinin bildirmişdir ki, ona istinad edilən inzibati xətaları törətdiyini etiraf edir, hazırda əməlindən səmimi peşmandır və bir daha analoji əməllərə yol verməyəcəyinə dair söz verir. Göstərilənləri nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 03 mart 2022-ci il tarixdə, saat 01:30-da polis əməkdaşları tərəfindən saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Bundan əlavə, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin Bakı şəhəri, Nəsimi rayon Muhafizə İdarəsinin manqa komandiri X4 izahatında bildirmişdir ki, 03 mart 2022-ci il tarixdə, saat 01 radələrində Nəsimi rayonu ərazisində yerləşən “Nizami” kinoteatrının qarşısında xidmət apararkən Şəxs onlara yaxınlaşaraq telefon adapterini istəmişdir. Bu zaman, o, Şəxs sərxoş vəziyyətdə olmasından şübhələnmiş və ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini bildirmişdir. Şəxs içkili vəziyyətdə olduğundan onun və birlikdə xidmət aparan digər polis əməkdaşının ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Bu zaman, Şəxs onlar tərəfindən nizam intizama dəvət olunaraq 22-ci PŞ-nə gətirilmişdir. Şəxs 22-ci PŞ-də polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq başı ilə Növbətçi hissənin şüşəsini sındırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin Bakı şəhəri, Nəsimi rayon Muhafizə İdarəsinin polis nəfəri, polis serjantı X3 T.Y.Quliyevin izahatı ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, 03 mart 2022-ci il tarixdə saat 01 radələrində Nəsimi rayonu ərazisində yerləşən “Nizami” kinoteatrının qarşısında xidmət apararkən Şəxs onlara yaxınlaşaraq telefon adapterı istəmişdir. Bu zaman, onlar Şəxs sərxoş vəziyyətdə olmasından şübhələnmiş və ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini bildirmişlər. Şəxs içkili vəziyyətdə olduğundan onun və birlikdə xidmət aparan T.Y.Quliyevin ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Bu zaman, Şəxs onlar tərəfindən 22-ci PŞ-nə gətirilmişdir. Şəxs 22-ci PŞ-də polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq başı ilə PŞ-nin Növbətçi hissəsinin şüşəsini sındırmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 03 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxsiç 03 mart 2022-ci il tarixdə saat 01 radələrində xidmətdə olan Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin Bakı şəhəri, Nəsimi rayon Mühafizə İdarəsinin manqa komandiri T.Y.Quliyev və Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin Bakı şəhəri, Nəsimi rayon Muhafizə İdarəsinin polis nəfəri M.N.Mirzəcaninin ünvanına içkili vəziyyətdə söyüş söyərək təhqir etmişdir. Şəxs Nəsimi RPİ 22-ci PŞ-nə dəvət olunduqdan sonra polisin qanuni tələblərinə tabe olmayaraq PŞ-də polis əməkdaşlarını təhqir etməklə PŞ-nin Növbətçi Hissəsinin pəncərəsini başı ilə sındırmışdır və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İş materiallarında olan 03 mart 2022-ci il tarixli, 2/3401 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə orta dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq 03 mart 2022-ci il tarixdən saat 01:30-dan məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 03 mart 2022-ci il tarixdə saat 01 radələrində xidmətdə olan Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin Bakı şəhəri, Nəsimi rayon Muhafizə İdarəsinin manqa komandiri T.Y.Quliyev və Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin Bakı şəhəri, Nəsimi rayon Muhafizə İdarəsinin polis nəfəri M.N.Mirzəcaninin ünvanına içkili vəziyyətdə söyüş söyərək təhqir etmişdir. Şəxs Nəsimi RPİ 22-ci PŞ-nə dəvət olunduqdan sonra polisin qanuni tələblərinə tabe olmayaraq PŞ-də polis əməkdaşlarını təhqir etməklə PŞ-nin Növbətçi Hissəsinin pəncərəsini başı ilə sındırmışdır. Özünün də məhkəmə iclasında təsdiq etdiyi kimi polis əməkdaşları tərəfindən saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun sərxoş vəziyyətdə qaynatasının yaşadığı mənzilin qapısını döyəcləyib nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozması və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin, polis əməkdaşları tərəfindən barəsində daxil olmuş şikayət ərizəsi ilə bağlı polis şöbəsinə dəvət edildiyi halda, heç bir üzrlü səbəb göstərmədən polisin qanuni tələblərinə tabe olmayaraq gəlməkdən imtina etməsi və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin faktiki hüquqlarının məhdudlaşdırıldığı andan, yəni 03 mart 2022-ci il tarixdən, saat 01:30dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və və 535.1ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 03 mart 2022-ci il tarixdən saat 01:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar