Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-846/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi üzrə tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokola iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsinin Yol-patrul xidmətinin əməkdaşı tərəfindən Şəxs barəsində tərtib edilmiş 16.02.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs həmin gün saat 17:19-da Azadlıq prospektində idarə etdiyi «X1» markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 16.02.2022-ci il tarixdə, saat 17 radələrində idarə etdiyi «X1» markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektinə gəlmiş və maşını orada park edib yaxınlıqdakı marketə doğru hərəkətlənmişdir. Həmin vaxt park etdiyi əraziyə nəzarət edən şəxsə qısa müddətdə qayıdacağını bildirmişdir. Marketdən geri qayıtdıqda isə yol-patrul xidmətinin əməkdaşının onun avtomobilinin ön tərəfində dayandığını görmüşdür. Polis işçisinə yaxınlaşanda o özünü avtomobilin sahibi kimi təqdim etmiş, polis əməkdaşı isə maşının ön hissədə olan qeydiyyat nömrəsini göstərərək üzərinin naməlum predmetlə örtüldüyünü bildirmişdir. O, az öncə maşınını saxlayıb gedərkən belə bir predmetin olmadığını desə də, polis əməkdaşı israrla onun barəsində bununla bağlı protokol tərtib edəcəyini bildirmişdir. Ön qeydiyyat nişanının üzərinə maneənin kim tərəfindən və hansı məqsədlə qoyulmasından xəbərsiz olmuşdur. Qeyd olunanları nəzərə alaraq, törədilmiş əməlin ona heç bir aidiyyatı olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına nəzər saldıqda müəyyən edilir ki, Şəxs inzibati xətanı, yəni nəqliyyat vasitəsinin on hissəsindəki qeydiyyat nişanının üzərinə maneə çəkməsi yalnız protokola əlavə edilmiş fotoşəkillə müəyyən edilir. Qeyd edilməlidir ki, görüntülərə əsasən maşının yol kənarında dayanmış digər maşınların cərgəsində park vəziyyətindədir və ön hissədəki qeydiyyat nişanı üzərindəki örtüyün də məhz Şəxs tərəfindən quraşdırılmasına dair heç bir əlavə sübut mövcud deyil. İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə məsuliyyət müəyyən edir. Məhkəmə iclasına, barəsində icraat aparılan şəxs maşını park edərkən ön hissədəki qeydiyyat nişanı üzərində heç bir örtüyün olmadığını, bundan sonra təxminən bir neçə dəqiqə maşından kənarda olduğunu demişdir ki, məhz bu zaman kəsiyində polis işçisi maşının qeydiyyat nömrəsində maneəni görmüşdür. Başqa sözlə, arada yaranmış zaman boşluğu qeydiyyat nömrəsi üzərinə kənar şəxsin örtük yerləşdirməsinə ehtimal yaratmış olur. Həmin örtüyün birbaşa olaraq Şəxs tərəfindən qeydiyyat nişanı üzərinə çəkilməsinə dair isə iş üzrə heç bir mötəbər sübut əldə edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə göstərilənləri nəzərədən keçirərək hesab edir ki, Şəxs tərəfindən Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsinin 16.02.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolunda göstərilən inzibati xətanı törədilməsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-846/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-846/2022
16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver