Məhkəmə qərarları › İş №3(006)-849/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-849/2022

14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-849/2022 14.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Şikayətçi: X4 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin rəisi tərəfindən qəbul edilmiş 18.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X8 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin təhqiqatçısı İsa Taralov tərəfindən qəbul edilmiş 30.06.2021-ci il tarixli qərarla onun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş, eyni zamanda onun hərəkətində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi müəyyən edildiyindən haqqında tədbir görülməsi üçün qərar aidiyyəti üzrə göndərilmişdir. 22-ci polis şöbəsinin sahə inspektoru tərəfindən tərtib edilmiş 18.12.2021-ci il tarixli protokol əsasında şöbənin rəisinin həmin tarixli MN ******* saylı qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 300 manat məbləğində cərimə olunmuşdur. Lakin bu qərar qanunsuz olduğu üçün ləğv edilməlidir. Belə ki, onun heç bir günahı yox və ümumiyyətlə inzibati tənbeh vermə haqqında qərar məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin rəisi tərəfindən qəbul edilmiş 18.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayət vermiş şəxs X8 şikayəin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 30.06.2021-ci il tarixli qərara əsasən X3 və X4 qarşılıqlı şikayətləri əsasında toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, X8 barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün materiallar 22-ci polis şöbəsinə göndərilmişdir; - 18.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən X8 31.05.2021-ci il tarixdə, saat 12 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında X2 döymüş, bununla da İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir; - 18.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X1 Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə 300 manat cərimə edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin rəisi tərəfindən qəbul edilmiş 18.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmədə müəyyən edilir ki, X8 barəsində 30.06.2021-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, eyni zamanda onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün materiallar 22-ci polis şöbəsinə göndərilmişdir. Lakin, bu şəxs haqqında inzibati tənbeh vermə haqqında qərar qanunla müəyyən edilmiş 3 aylıq müddət ərzində deyil, həmin qərardan 5 aydan artıq müddət keçdikdən sonra – 18.12.2021-ci il tarixdə tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində (bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması) nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin rəisi tərəfindən qəbul edilmiş 18.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar