Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-864/2023 04.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs (bundan sonra Şəxs MMC) nümayəndəsi və vəkili X1 iştirakı ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev 153; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 398-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə imzalanmış xx.xx.2021-ci il tarixli lisenziya müqaviləsinin şərtlərini pozmuş, bununla da Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən telekommunikasiya fəaliyyəti digər prinsiplərlə yanaşı operatorların, provayderlərin, istifadəçilərin hüquq bərabərliyi və qanuni mənafelərinin qorunması, telekommunikasiya şəbəkələrinin qarşılıqlı fəaliyyətinin operativliyi, telekommunikasiya xidmətləri bazarında inhisarçılığın yolverilməzliyi və sağlam rəqabət mühitinin təmin edilməsi prinsipləri, o cümlədən, operatorlar arasında arabağlantı münasibətlərinin tənzimlənməsi istiqaməti əsasında həyata keçirilir. Həmin Qanunun 6-cı maddəsinə görə Azərbaycan Respublikasında telekommunikasiya fəaliyyətinin tənzimlənməsi dövlətin səlahiyyətindədir və operatorlar arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi bu tənzimləmənin istiqamətlərindəndir. Qanunun 12.1-ci maddəsinə əsasən operatorlar öz şəbəkələri arasında qarşılıqlı arabağlantını müqavilə əsasında həyata keçirirlər. Qanunun 12.2-ci maddəsinə görə arabağlantı müqaviləsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şərtlərə zidd olmayan texniki, iqtisadi (şəbəkələrarası qoşulma haqları, qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı pay bölgüsü, ixtisaslaşdırılmış təcili yardım xidmətlərinə edilən zənglərə görə ödənişlər və s. nəzərə alınmaqla) və qanunvericiliyə uyğun olaraq müqaviləni bağlayan tərəflərin müəyyən etdiyi digər məsələlər nəzərə alınmalı və 12.3-cü maddəsinə əsasən isə operator hər bir ümumistifadəli telekommunikasiya şəbəkəsi operatoru ilə 02 ay müddətindən gec olmayaraq arabağlantı müqaviləsi bağlamalıdır. Göstərilən müddət ərzində hər hansı operator ilə razılıq əldə edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən, mübahisənin predmeti nəzərə alınmaqla, müəyyən olunan şərtlər əsasında tərəflər arasında 7 iş gunü müddətində arabağlantı müqaviləsi bağlanmalıdır. Arabağlantı müqaviləsinin bağlanması ilə əlaqədar mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2009-cu il 03 aprel tarixli, 64 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya operatorları arasında bağlanacaq arabağlantı müqavilələrinin əsas şərtlərinin müəyyən edilməsi” Qaydasının 1-ci hissəsinin ikinci abzasında qarşılıqlı arabağlantı münasibətlərinin operatorlar arasında bağlanan arabağlantı müqavilələri ilə tənzimlənməsi qeyd olunmuşdur. Qaydaya əsasən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən olunmuş şərtlər əsasında tərəflər öz aralarında 7 iş günü müddətində arabağlantı müqaviləsini bağlamalıdırlar. "xxxx" MMC ilə Şəxs MMC arasında qarşılıqlı arabağlantı ilə əlaqədar yaranan mübahisəyə dair inzibati icraat üzrə nazirliyin 2022-ci il 24 may tarixli, G-4/22 nömrəli Qərarının 1-ci hissəsinə əsasən tərəflər arasında xx.xx.2022-ci il tarixindən olan qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi üçün 7 iş günü müddətində arabağlantı müqaviləsinin bağlanılması qərara alınmışdır. Bununla əlaqədar olaraq tərəflər arasında xx.xx.2022-ci il tarixindən olan qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi üçün 7 iş günü müddətində arabağlantı müqaviləsinin bağlanılması məqsədilə nazirlik tərəfindən Şəxs MMC-yə xx.xx.2022-ci il tarixli, 1-2-17/5593-22 nömrəli məktubla və "xxxx" MMC-yə isə xx.xx.2022-ci il tarixli, 9676 nömrəli məktubla müvafiq müraciətlər edilmişdir. Lakin, qeyd olunanlara baxmayaraq Şəxs MMC-yə göndərilmiş arabağlantı müqaviləsi Şəxs MMC tərəfindən imzalanmayaraq müqavilənin 11.2-ci bəndində göstərilən şəbəkələrarası zənglərin sonlandırma qiymətinin telekommunikasiya bazarındakı vəziyyətə (iqtisadi və texnoloji) uyğun gəlmədiyindən müqavilənin bu şərtlərlə imzalanması məqbul hesab edilməmişdir. Nəticədə Şəxs MMC ilə nazirlik arasında imzalanmış xx.xx.2021-ci il tarixli lisenziya müqaviləsinin şərtləri pozulmuş və bu isə inzibati məsuliyyətin yaranmasına əsas olmuşdur. Belə ki, lisenziya müqaviləsinin 6.8-ci bəndinə əsasən operatorun şəbəkəsinin Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsinə, o cümlədən digər mobil və sabit şəbəkə operatorlarına qoşulması qanunvericiliyə və lisenziya müqaviləsinə uyğun tənzimlənir. Eyni zamanda, lisenziya müqaviləsinin 7.1-ci bəndinə əsasən tərəflər müqavilədə nəzərdə tutulan vəzifə və öhdəliklərin yerinə yetirilməsi üzrə məsuliyyət daşıyırlar. Müqavilənin 7.3-cü bəndinə əsasən isə operator müqavilənin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, “Lisenziyalar və icazələr haqqında”, “Telekommunikasiya haqqında”, “Fərdi məlumatlar haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarının və digər normativ hüquqi aktların tələblərinə riayət edir və həmin qanunvericiliyin pozulması hallarına görə məsuliyyət daşıyır. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi əsasları ilə inzibati xəta müəyyən olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini, Şəxs MMC-nin 1 günə düşən ortalama təxmini gəlirinin 23 255,88 manat olmasını nəzərə alaraq 2 günlük gəlirin məbləği həcmində yəni 46511,76 manat məbləğində cərimə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi və vəkili X2 izahatında bildirmişdir ki, "xxxx" MMC və Şəxs MMC arasında arabağlantı ilə əlaqədar yaranan mübahisəyə dair inzibati icraatın nəticəsində xx.xx.2022-ci il tarixdə G-422 nömrəli qərar (inzibati akt) qəbul edilmişdir. Qərarın 1-ci bəndinə əsasən tərəflər arasında 7 iş günü müddətində arabağlantı müqaviləsi bağlanması müəyyən edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar olaraq Şəxs MMC-yə xx.xx.2022-ci il tarixli 1-2-17/5593-22 nömrəli məktubla, "xxxx" MMC-yə isə xx.xx.2022-ci il tarixli 9676 nömrəli məktubla müraciət edilmişdir. Bundan sonra, "xxxx" MMC xx.xx.2022-ci il tarixli 9676 nömrəli məktubla Şəxs MMC-yə imzalanması üçün tərtib edilən arabağlantı müqaviləsinin nümunəsini təqdim etmişdir. Şəxs MMC tərəfindən qeyd edilən müqavilənin imzalanmasından xx.xx.2022-ci il tarixli AZF/GR-17431/22 nömrəli məktubla imtina edilmişdir. İmtinanın səbəbi kimi göstərilmişdir ki, "xxxx" MMC tərəfindən hazırlanmış müqavilənin 11.2-ci bəndində göstərilən şəbəkələrarası zənglərin sonlandırma qiyməti telekommunikasiya bazarındakı vəziyyətə (iqtisadi və texnoloji) uyğun gəlmədiyindən qeyd edilən şərtlərlə müqavilənin imzalanması məqbul deyildir. Müqavilə nümunəsinin 11.2-ci bəndindən görünür ki, tərəflərin şəbəkələri arasında birbaşa və ya üçüncü tərəfin şəbəkəsi üzərindən tranzit yolla ötürülən trafikin zənglərin hər dəqiqəsi üçün trafiki ötürən tərəf trafiki qəbul edən tərəfə 0,02 manat manat haqq ödəyir. Şəxs MMC müqaviləni imzalamaması səbəbindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC tərəfindən onunla Nazirlik arasında imzalanmış xx.xx.2021-ci il tarixli lisenziya müqaviləsinin şərtləri pozulmuşdur. Bu fakt Şəxs MMC-nin xx.xx.2022-ci il tarixli AZF/GR17431/22 nömrəli məktubu ilə təsdiq edilir. Protokola Nazirliyin İnzibati Aktı, Nazirliyin xx.xx.2022-ci il tarixli 1-2-17/5593-22 nömrəli məktubu, Şəxs MMC-nin xx.xx.2022-ci il tarixli 9676 nömrəli məktubu, Şəxs MMC-nin xx.xx.2022-ci il tarixli etibarnaməsi və inzibati xəta barədə bildiriş əlavə edilmişdir. Şəxs MMC Protokolun surətini xx.xx.2022-ci il tarixdə almış və həmin tarixdə də Nazirliyin 1-217/6346-22 nömrəli məktubu ilə Prorokol baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Protokolun göndərilməsinə dair məktubda qeyd edilmişdir ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli AZF/GR-17431/22 nömrəli məktubla "xxxx" MMC ilə arabağlantı müqaviləsini bağlamaqdan imtina edilməsi ilə Şəxs MMC ilə Nazirlik arasında imzalanmış xx.xx.2021-ci il tarixli lisenziya müqaviləsinin şərtləri pozulmuşdur. Belə ki, lisenziya müqaviləsinin 7.1-ci bəndinə əsasən tərəflər müqavilədə nəzərdə tutulan vəzifə və öhdəliklərin yerinə yetirilməsi üzrə məsuliyyət daşıyırlar. Müqavilənin 7.3-cü bəndinə əsasən isə operator müqavilənin icrası ilə əlaqədar Mülki Məcəllənin, “Lisenziyalar və icazələr haqqında”, “Telekommunikasiya haqqında”, “Fərdi məlumatlar haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunların və digər normativ hüquqi aktların tələblərinə riayət edir və həmin qanunvericiliyin pozulması hallarına görə məsuliyyət daşıyır. Aşağıdakı səbəblərə görə hesab edirik ki, Protokol qanunsuz və əsassız olaraq tərtib edilmişdir, bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin halları hərtərəfli, tam və obyektiv surətdə dəyərləndirilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Şəxs MMC tərəfindən İXM-in 398-ci maddəsinin pozulduğu Şəxs MMC tərəfindən onunla Nazirlik arasında imzalanmış xx.xx.2021-ci il tarixli lisenziya müqaviləsinin şərtlərinin pozulması, həmin pozuntunun isə Şəxs MMC-nin xx.xx.2022-ci il tarixli AZF/GR-17431/22 nömrəli məktubundan irəli gəlməsi ilə əsaslandırılmışdır. Yəni, Nazirlik ona görə İXM-nin 398-ci maddəsində nəzərdə tutulan lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması nəticəsinə gəlmişdir ki, Şəxs MMC tərəfindən "xxxx" MMC ilə arabağlantı müqaviləsini bağlamaqdan imtina edilməklə Lisenziya Müqaviləsinin 7.1 (tərəflər müqavilədə nəzərdə tutulan vəzifə və öhdəliklərin yerinə yetirilməsi üzrə məsuliyyət daşıyırlar) və 7.3-cü bəndlərinin (operator müqavilənin icrası ilə əlaqədar Mülki Məcəllənin, “Lisenziyalar və icazələr haqqında”, “Telekommunikasiya haqqında”, “Fərdi məlumatlar haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunların və digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət daşıyır) şərtləri pozulmuşdur. Göründüyü kimi, Nazirlik Şəxs MMC tərəfindən Lisenziya Müqaviləsində nəzərdə tutulan hansı vəzifə və öhdəliklərin pozulmasını konkret olaraq göstərməmişdir. Eyni zamanda, Nazirlik Şəxs MMC tərəfindən həm Lisenziya Müqaviləsində, həm də Mülki Məcəllə, “Lisenziyalar və icazələr haqqında”, “Telekommunikasiya haqqında”, “Fərdi məlumatlar haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunların və digər normativ hüquqi aktlarda təsbit edilmiş konkret hansı lisenziya şərtinin pozulduğunu aydın şəkildə göstərməmişdir. Yəni Nazirlik Protokolda hüquqi tövsifi göstərsə də, həmin hüquqi tövsifin konkret hansı faktiki hallardan irəli gəlməsini təsvir etməmişdir. Bu isə ondan xəbər verir ki, Şəxs MMC hər hansı bir lisenziya şərtini pozmadığı, inzibati xəta törətmədiyi halda, onun barəsində Nazirlik tərəfindən qanunsuz və əsassız olaraq Protokol tərtib edilmişdir. Qeyd edilməlidir ki, əksinə, Nazirlik özü “Telekommunikasiya haqqında” Qanunun tələbini pozmuşdur. Belə ki, həmin Qanunun 12.3-cü maddəsinə əsasən operator hər bir ümumistifadəli telekommunikasiya şəbəkəsi operatoru ilə 2 ay müddətindən gec olmayaraq arabağlantı müqaviləsi bağlamalıdır. Göstərilən müddət ərzində hər hansı operator ilə razılıq əldə edilmədikdə, Nazirlik tərəfindən, mübahisənin predmeti nəzərə alınmaqla, müəyyən olunan şərtlər əsasında tərəflər arasında 7 iş günü müddətində arabağlantı müqaviləsi bağlanmalıdır. İnzibati Aktdan göründüyü kimi, Nazirlik 7 iş günü müddətində "xxxx" MMC ilə Şəxs MMC arasında arabağlantı müqaviləsinin bağlanmasını müəyyən etsə də, həmin müqavilənin hansı şərtlər əsasında bağlanmasını müəyyən etməmiş, "xxxx" MMC-nin irəli sürdüyü şərtlərin Şəxs MMC tərəfindən qəbul edilməməsini pozuntu hesab etmişdir. Halbuki, "xxxx" MMC Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini həyata keçirən qurum deyildir və arabağlantı müqaviləsinin şərtlərini müəyyən edə bilməz. İnzibati Aktın qeyd edilən qanunsuzluğuna görə həmin İnzibati Akt Şəxs MMC tərəfindən inzibati icraat qaydada mübahisələndirilmişdir. Qeyd edilənlər inzibati xəta tərkibini istisna edən halların olmasına baxmayaraq, Şəxs MMC-nin İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini pozmaqda təqsirli hesab edilməsi, işin hallarının hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılmadığının və qanunsuz protokol tərtib edildiyinin əyani sübutudur. Belə ki, İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarını hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aiddir. Göründüyü kimi, Nazirlik tərəfindən protokol tərtib edilərkən yuxarıda qeyd olunan vəzifə aşkar şəkildə pozulmuş və nəticədə iş üzrə qanunsuz protokol tərtib edilmişdir. Şəxs MMC tərəfindən maddi ziyan vurulması və ya gəlir əldə edilməsi sübut edilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, İXM-nin 398-ci maddəsinin “Qeyd” hissəsindən göründüyü kimi, həmin maddədə nəzərdə tutulmuş əməllər 50.000 manatadək ziyan vurduqda və ya gəlir əldə etdikdə inzibati məsuliyyətə səbəb olur. Həmçinin, həmin əməlin sanksiyası da onu tələb edir ki, törədilmiş inzibati xəta nəticəsində ziyan vurulsun və ya gəlir əldə edilsin ki, ziyanın (əldə edilmiş gəlirin) 2-4 misli miqdarda cərimə tətbiq edilsin. Ziyan və ya gəlir olmadığı halda, tətbiq ediləcək cərimənin məbləği qeyri-müəyyən olur ki, bu da cərimə tətbiqini mümkünsüz edir. İşin hallarından isə görünür ki, Nazirlik tərəfindən iddia edilən hüquq pozuntusu (lisenziya şərtlərinin pozulması) heç bir ziyan və ya gəlir əldə etmə ilə nəticələnməmişdir. Bu, bir daha tərtib edilmiş Protokolun qanunsuz və əsassız olmasını göstərir. Odur ki, başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənləri və "xxxx" MMC və Şəxs MMC arasında arabağlantı müqaviləsinin bağlanması ilə əlaqədar yaranan mübahisəyə dair xx.xx.2022-ci il tarixli G-422 nömrəli qərarın (inzibati aktın) məhkəmə qaydasında mübahisələndirildiyini nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanladığı 07 iyun 2022-ci il tarixli, 10016 saylı məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixli, 1-3-17/4833 saylı məktubla əlaqədar olaraq bildirmişlər ki, "xxxx" MMC və Şəxs MMC arasında qarşılıqlı arabağlantı ilə əlaqədar yaranan mübahisəyə dair inzibati iş üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qəbul edilmiş 24 may 2022-ci il tarixli, G-4/22 saylı inzibati aktın icrası məqsədilə tərəflərindən standart nümunə əsasında arabağlantı müqaviləsi hazırlanmış və 02 iyun 2022-ci il tarixli 9676 saylı məktublarına qoşma edilərək poçt vasitəsilə Şəxs MMC-yə göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Şəxs MMC-yə ünvanladığı 02 iyun 2022-ci il tarixli, 9676 saylı məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən "xxxx" MMC və Şəxs MMC arasında qarşılıqlı arabağlantı ilə əlaqədar yaranan mübahisəyə dair inzibati iş üzrə qəbul edilmiş 24 may 2022-ci il tarixli, G-4/22 saylı inzibati aktın qərar hissəsinin 1-ci bəndində tərəflər arasında arabağlantı münasibətlərinin tənzimlənməsi üçün 01 yanvar 2022-ci il tarixindən tətbiq edilməklə, 7 (yeddi) iş günü müddətində arabağlantı müqaviləsinin bağlanması tələbi əks edilmişdir. Həmin tələbin təmini məqsədilə bu məktuba qoşma olaraq, standart nümunə əsasında hazırlanmış arabağlantı müqaviləsi 2 (iki) nüsxədə təqdim edilir. Qeyd edilənlər, o cümlədən yuxarıda istinad edilən inzibati aktda arabağlantı müqaviləsinin 7 (yeddi) iş günü müddətində bağlanması tələbi nəzərə alınaraq, təqdim edilən arabağlantı müqaviləsinin qısa müddət ərzində imzalanaraq, onlara geri qaytarılması xahiş edilmişdir. İş materiallarında olan Şəxs MMC-nin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və surətinin isə "xxxx" MMC-yə ünvanladığı 01 iyul 2022-ci il tarixli, AZF/GR-17431/22 saylı məktubunun surətindən görünür ki, Şəxs MMC-yə ünvanlanmış 18 iyun 2022-ci il tarixli, 1-2-17/5593-22 nömrəli məktubla və "xxxx" MMC-nin 02 iyun 2022-ci il tarixli, 9676 nömrəliməktubu ilə əlaqədar bildirmişlər ki, "xxxx" MMC tərəfindən standart nümunə əsasında hazırlanmış və onlara göndərilmiş arabağlantı müqaviləsinin 11.2-ci maddəsində göstərilən şəbəkələrarası zənglərin sonlandırma qiyməti telekommunikasiya bazarındakı vəziyyətə (iqtisadi və texnoloji) uyğun gəlmədiyindən haqqında bəhs edilən arabağlantı müqaviləsinin bu şərtlərlə imzalanması məqbul hesab edilməmişdir. İş materiallarında olan "xxxx" MMC və Şəxs MMC arasında qarşılıqlı arabağlantı ilə əlaqədar yaranan mübahisəyə dair inzibati icraat üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xx.xx.2022-ci il tarixli qərarından görünür ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci və 12.3-cü maddələrinə və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2009-cu il 3 aprel tarixli əmri ilə təsdiq edilmiş və 6 aprel tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya operatorları arasında bağlanacaq arabağlantı müqavilələrinin əsas şərtlərinin müəyyən edilməsi Qaydası”nın 1-ci hissəsinin ikinci abzasına uyğun olaraq, tərəflər arasında 2022-ci il 1 yanvar tarixindən olan qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi üçün 7 (yeddi) iş günü müddətində arabağlantı müqaviləsi bağlanılmalıdır. İş materiallarında olan "xxxx" MMC-nin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanladığı 20 iyul 2022-ci il tarixli, 12795 saylı məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən "xxxx" MMC və Şəxs MMC arasında qarşılıqlı arabağlantı ilə əlaqədar yaranan mübahisəyə dair inzibati icraat üzrə qəbul edilmiş 24 may 2022-ci il tarixli, G-4/22 saylı inzibati aktın qərar hissəsinin 1-ci bəndində tərəflər arasında arabağlantı münasibətlərinin tənzimlənməsi üçün 01 yanvar 2022-ci il tarixindən tətbiq edilməklə, 7 (yeddi) iş günü müddətində arabağlantı müqaviləsinin bağlanması tələbi əks edilmişdir. Lakin bu tələb hazırkı tarixədək Şəxs MMC tərəfindən qərəzli şəkildə yerinə yetirilməmişdir. Nəzərə çatdırılır ki, 2022-ci ilin yanvar-may ayları ərzində operatorlar arasında yaranmış trafik mübadiləsində Şəxs MMC-nin xeyrinə olan fərqin bir günə düşən ortalama təxmini məbləği ƏDV daxil 27441,94 (iyirmi yeddi min dörd yüz qırx bir manat doxsan dörd qəpik) AZN təşkil edə bilər. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən lisenziya şərtləri dedikdə, lisenziyanın alınması üçün ərizəçinin və lisenziyada göstərilən fəaliyyəti həyata keçirərkən lisenziya sahibinin yerinə yetirilməli olan, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən tələblər başa düşülür. Həmin Qanunun 29-cu maddəsinə görə bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Həmin Qanunun 19.8-1-ci maddəsinə əsasən, bu Qanunun 2 nömrəli əlavəsinin 4- 1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə lisenziyanın verildiyi tarixdən 30 gün müddətində lisenziya sahibi ilə lisenziya verən orqan arasında lisenziya müqaviləsi bağlanılmalıdır. Lisenziya müqaviləsi bağlanılmadıqda, bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə verilmiş lisenziya hüquqi nəticələr yaratmır. Lisenziya müqaviləsinin formasını və bağlanılma qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 19.12-1-ci maddəsinə əsasən Bu Qanunun 2 nömrəli əlavəsinin 4- 1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə verilmiş lisenziyada lisenziyanın verilməsindən sonra bu Qanunun 19.8-1-ci maddəsində nəzərdə tutulan lisenziya müqaviləsi bağlanılmadığı halda, verilmiş lisenziyanın hüquqi nəticələr yaratmayacağı barədə qeyd olmalıdır. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə müvafiq olaraq operatorlar öz şəbəkələri arasında qarşılıqlı arabağlantını müqavilə (bundan sonra - arabağlantı müqaviləsi) əsasında həyata keçirirlər. Arabağlantı müqaviləsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şərtlərə zidd olmayan texniki, iqtisadi (şəbəkələrarası qoşulma haqları, qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı pay bölgüsü, ixtisaslaşdırılmış təcili yardım xidmətlərinə edilən zənglərə görə ödənişlər və s. nəzərə alınmaqla) və qanunvericiliyə uyğun olaraq müqaviləni bağlayan tərəflərin müəyyən etdiyi digər məsələlər nəzərə alınmalıdır. Operator hər bir ümumistifadəli telekommunikasiya şəbəkəsi operatoru ilə 2 ay müddətindən gec olmayaraq arabağlantı müqaviləsi bağlamalıdır. Göstərilən müddət ərzində hər hansı operator ilə razılıq əldə edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən, mübahisənin predmeti nəzərə alınmaqla, müəyyən olunan şərtlər əsasında tərəflər arasında 7 iş günü müddətində arabağlantı müqaviləsi bağlanmalıdır. Arabağlantı müqaviləsinin bağlanması ilə əlaqədar mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC və Şəxs MMC arasında qarşılıqlı arabağlantı ilə əlaqədar yaranan mübahisəyə dair inzibati icraat üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xx.xx.2022-ci il tarixli qərarına əsasən 7 iş günü müddətində "xxxx" MMC və Şəxs MMC arasında arabağlantı müqaviləsinin bağlanması barədə qərar qəbul etsə də, həmin müqavilənin hansı şərtlər əsasında bağlanmasını müəyyən etməmişdir. Odur ki, Nazirlik müqavilənin hansı şərtlər əsasında bağlanmasını müəyyən etmədiyindən, “Azercell Telekom" MMC-nin irəli sürdüyü müqavilə şərtlərinin “Azerfon" MMC tərəfindən qəbul edilməməsi “Azerfon" MMC tərəfindən arabağlantı müqaviləsinin bağlanması tələbinin qərəzli şəkildə yerinə yetirilməməsi kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “Bu Məcəllənin 398, 402, 406- 409, 411, 411-1, 412, 413, 415 ,428.1 və 438-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur”. Göründüyü kimi, həmin maddədə nəzərdə tutulmuş əməllər əlli min manatadək ziyan vurduqda və ya gəlir əldə etdikdə inzibati məsuliyyətə səbəb olur. Həmçinin maddənin sanksiyasına görə şəxs barədə tətbiq ediləcək cərimə məbləği törədilmiş inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) məbləğindən asılıdır. Ziyan və ya gəlirin məbləği dəqiq müəyyən edilmədikdə əməlin cinayət və ya inzibati məsuliyyətə səbəb olmasını müəyyən etmək, həmçinin tətbiq ediləcək cərimənin məbləğini müəyyən etmək mümkünsüz olur. Məhkəmədə tərəflərin izahatları və təqdim edilmiş sənədlərin təhlilindən lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəticəsində Şəxs MMC tərəfindən əldə edilmiş gəlirin hansı miqdarda olması müəyyən edilmir. Belə ki, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Nümayəndə Şəxs MMC-nin 1 günə düşən ortalama təxmini gəlirinin 23 255,88 manat olmasını bildirmiş və bunu "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 12795 nömrəli məktubu ilə əsaslandırmışdır. Məhkəmə ilk əvvəl qeyd edir ki, Şəxs MMC tərəfindən əldə edilmiş gəlirin məbləği "xxxx" MMC tərəfindən müəyyən edilməli deyil, ona görə ki, sonuncu iş üzrə maraqlı tərəfdir. Həmçinin qeyd edilməlidir ki, Şəxs MMC tərəfindən əldə edilmiş gəlirin "xxxx" MMC tərəfindən göstərilmiş məbləği də dəqiq deyil, ehtimala əsaslanır. Belə ki, həmin məktubda göstərilir ki, “2022-ci ilin yanvar-may ayları ərzində operatorlar arasında yaranmış trafik mübadiləsində Şəxs MMC-nin xeyrinə olan fərqin bir günə düşən ortalama təxmini məbləği ƏDV daxil 27 441,94 (iyirmi yeddi min dörd yüz qırx bir manat doxsan dörd qəpik) AZN təşkil edə bilər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-864/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-864/2023
04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver