Məhkəmə qərarları › İş №3(006)-866/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-866/2023

16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-866/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Nəsimi rayonu Moskva prospekti 72 ünvanında aparılan tikinti işləri ilə əlaqədar inşa edilən yaşayış binasının ətrafındakı ağacların qanunla müəyyən edilən mühafizə tədbirləri görülməmiş, bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində Şəxs tərəfindən Nəsimi rayonu, Moskva prospekti 72 ünvanında aparılan tikinti işləri ilə əlaqədar inşa edilən yaşayış binasının ətrafındakı ağacların qanunla müəyyən edilən mühafizə tədbirləri görülmədiyi müəyyən edilmiş və qeyd olunan fakt üzrə 26 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, inşaatın aparıldığı yaşayış binasının ətrafındakı ağacların mühafizəsi təşkil edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyinin müəyyən etdiyi ekspertiza rəyində yaşıllıqların qorunması icrası zəruri olan ekoloji tələb olaraq qeyd edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq müəssisənin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 yanvar 2023-cü il tarixli, 76726 saylı aktından görünür ki, həmin tarixdə Nəsimi rayonu, Moskva prospekti 72 ünvanında Şəxs tərəfindən aparılan tikinti işləri ilə əlaqədar yaşıllıq ərazidə qanunla müəyyən edilən mühafizə tədbirləri görülməmiş, bununla da, şam ağaclarının çətir hissələrində budaqların qırıldığı faktı müəyyən edilmişdir. Beləliklə, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs tərəfindən Nəsimi rayonu, Moskva prospekti 72 ünvanında aparılan tikinti işləri ilə əlaqədar inşa edilən yaşayış binasının ətrafındakı ağacların qanunla müəyyən edilən mühafizə tədbirləri görülməmiş, bununla da, şam ağaclarının çətir hissələrində budaqlar qırılmışdır. Bu hal 26 yanvar 2023-cü il tarixdə ərazidə aparılan reyd zamanı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aşkar edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253- 1.4-cü maddəsi ilə 26 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göründüyü kimi, Şəxs tərəfindən Nəsimi rayonu, Moskva prospekti 72 ünvanında aparılan tikinti işləri ilə əlaqədar yaşıllıq ərazidə qanunla müəyyən edilən mühafizə tədbirləri görülməmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya yol verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 253-1.4-cü maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə - vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar