Məhkəmə qərarları › İş №3(006)-868/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-868/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-868/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı – X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxs izahat verərək göstərmişdir ki, təxminən 13 il olar ki, AFFA futbol klubunda sürücü kimi işləyir. Şirkətin istifadə üçün ona təhkim etdiyi, "Hundai H-1" markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2024-cü il tarixdə "UEFA"-dan gələn qonaqları götürmək üçün Bulvar otelə gedən zaman idarə etdiyi ** JD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr. ünvanında olan zaman Yol Patrul Xidməti əməkdaşlarından biri ona avtomobili saxlamağı üçün işarə verdi. Saat 09:20 radələrində Neftçilər pr. olan zaman onu saxlayan YPX əməkdaşı yaxınlaşaraq, özünü təqdim etmiş və daha sonra ona avtomobil ilə inzibati xəta törətdiyini izah etməyə başlamışdır. Bu zaman barəsində inzibati xəta haqqında protokol tərtib olunan həmin əməkdaşa kobud formada razı olmadığını bildirmiş. Polis işçilərinə tabesizlik göstərən zaman polis işçiləri onu sakitləşdirməyə, qanuni tələblərinə əməl etməyə dəvət etmişlər. Aralarında mübahisə yaranmışdır. Polis işçiləri avtomobilə əyləşməyi bildirdikdə, yenidən onlarla kobud davranmağa başlamışdır. Bu cür tabesizlik və ya mübahisə 5-7 dəqiqə davam etdikdən sonra, onu polis şöbəsinə dəvət etmişlər və birlikdə Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə gəlmişdirlər. Şöbədə olan zaman polis əməkdaşları onujn qeyri-adekvat hərəkətlərindən şübhələrək, sərxoş olduğunu və ya narkotik vasitənin təsiri altında olduğunu soruşan zaman, onlara səmimi olaraq, alkoqollu içki qəbul etmədiyini, lakin narkotik vasitə olan "marixuana" dan sonuncu dəfə bir ay bundan əvvəl istifadə etdiyini bildirmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı – X1 Yusif Nizami oğlunun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək onun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri BPİ-nin DYPİ-yə bilavasitə tabe olan YPX alayının müşayiət eskort bölüyü yol patrul xidməti, baş inspektoru X3 izahat verərək bildirmişdir ki, dünən səhər 09:30 radələrində Port Baku yaxınlığında "Hundai H-1" markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə zaman barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs tərəfindən yol hərəkəti qaydaları pozulduğundan avtomobil polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxs qayda pozuntusunun məzmunu izah edildikdən sonra əvvəl normal danışmasına baxmayaraq sonradan aqresiv danışmağa başlamışdır. Polis əməkdaşları məcbur olub Şəxs Nəsimi RPİ-nin 22-ci PB-nə gətirmişdir və onun üzərindən narkotik vasitə olan “marixuana” çıxmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı – X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21 fevral 2024-cü il tarixli, 3-16-16/2-7/285 saylı ekspert rəyinin surətindən görünür ki, Şəxs üzərində aşkar edilmiş “Şəxs” imza yazı və imzalar olan zərfdə bir ədəd şəffaf torbacıqda təmiz çəkisi 0,358 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. inzibati qaydada tutma haqqında 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 20 fevral 2024-cü il tarixdə saat 12:40-da tutulmuşdur; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X9 vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı, şahid izahatları, ekspert rəyi inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 20 fevral 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin o, polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyək idarə etdiyi nəqliyyat vasitəsini saxlamamış və Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi şəxsin səmimi peşmançılığını, himayəsində azyaşlı övladlarının olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar