Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-868/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi üzrə tərtib olunmuş 31 yanvar 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında protokola görə Şəxs MMC tərəfindən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirilməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlər tərəfimdən öyrənilərkən müəyyən edilir ki, inzibati xəta haqqında iş üzrə icraatı başlamış Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən işlə bağlı bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi tədbirlər görülməmiş, “Hyundai Accent” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verilibverilmədiyi dəqiqləşdirilməmiş və digər hallar araşdırılmayaraq protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Bununla da hüquqi şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmamış, prosesual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Belə olan halda hesab edirəm ki, yuxarıda qeyd edilən nöqsanlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması mümkün deyil və bu səbəbdən də protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi üzrə tərtib olunmuş 31 yanvar 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-868/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-868/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver