Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-869/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş: icra məmuru X6 oğlunun Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1980-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi, ev 15, mənzil 77-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(006)- 2253/2013 saylı, xx.xx.2016-cı il tarixli, 2(006)-3800/2016 saylı və xx.xx.2022-ci il tarixli, 2(006)-5175/2022 saylı icra vərəqələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, heç bir üzürlü səbəblər olmadan alimenti tam ödəməmiş, nəticədə onun 13.146 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında icra məmuru X3 izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(006)-2253/2013 saylı icra sənədinə əsasən borclu Şəxs xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 93 manat sabit pul məbləğində aliment tutularaq Vəkilova Məlahət Tahir qızına ödənilməlidir. Bundan əlavə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-3800/2016 saylı icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2253/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tutulan 93 manat alimentin məbləği artırılaraq 117 manat məbləğində müəyyən edilmiş və həmin pul vəsaiti xx.xx.2016-cı il tarixdən başlayaraq Şəxs hər ay sabit pul məbləğində tutularaq Vəkilova Məlahət Tahir qızına ödənilməlidir. Bundan əlavə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-5175/2022 saylı icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(006)-2253/2013 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq borclu Şəxs tələbkar Vəkilova Məlahət Tahir qızının xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Borclu tərəfindən icra sənədləri üzrə tələb təmin edilmədiyindən o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(006)-798/2020 saylı qərarına əsasən 20 gün müddətində inzibati həbs edilmişdir. Daha sonra borclu tərəfindən xx.xx.2020-ci il tarixdə tələbkarın xeyrinə 700 manat aliment ödənişi olunmuşdur. xx.xx.2023-cü il tarixdə sözügedən icra sənədləri bir icraatda birləşdirilmişdir. İş üzrə tələbkar xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək borclu Şəxs 12.181 manat aliment borcu olduğunu bildirmiş və barəsində məcburi icra tədbirləri görülməsini xahiş etmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin adına tələbin yönəldilə biləcək heç bir əmlak aşkar edilməmişdir. Daha sonra borclunun qeydiyyatda olduğu ünvan 1 ünvanına baxış keçirmiş, lakin Şəxs həmin ünvanda yaşamadığı müəyyən olunmuşdur. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilmiş və barəsində xx.xx.2023-cü il tarixdən axtarış işi açılmışdır. Borclu Şəxs xx.xx.2024-cü il tarixdə şöbəyə təhvil verilmiş və verdiyi izahatında maddi vəziyyətinin çətin olduğunu, icra sənədi üzrə aliment borcunu tələbkara tam olaraq ödəyə bilməyəcəyini bildirmişdir. Şəxs 13.146 manat aliment borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, heç bir yerdə işləmir, evlidir, maddi vəziyyəti yaxşı deyil. Onun alimenti ödəməkdən yanınmaq niyyəti yoxdur, işə qəbul edildikdən sonra hər ay 450-500 manat ödəniş edəcəyinə söz verir. Onun ikinci ailəsindən bir övladı vardır. Ona aliment ödənilməsi üçün şəraitin yaradılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(006)-2253/2013 saylı, xx.xx.2016-cı il tarixli, 2(006)-3800/2016 saylı və xx.xx.2022-ci il tarixli, 2(006)- 5175/2022 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, üzrsüz olaraq 13.146 manat aliment borcunu ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3-cü maddə); • İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (9.1-ci maddə); • Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (31.2-ci maddə). Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin və ona 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 21 fevral 2024-cü il tarixdən, saat 18:05-dən hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi rayon İcra şöbəsinə, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-869/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-869/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver