Məhkəmə qərarları › İş №3(006)-870/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-870/2023

03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-870/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 11, mənzil 101; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən klinikada 01 fevral 2023-cü il tarixdə, saat 14:05-də aparılan plandankənar yoxlama zamanı lisenziyadan kənar fəaliyyət, habelə sertifikatsız praktiki tibb fəaliyyəti aşkar edilmişdir. Təxirə salınmış məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan hüquqi şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildirişlərin göndərilməsinə baxmayaraq, tərəflər məhkəmədə iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin xx.xx.2023-cü il tarixli, 6/38 saylı məktubu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə göndərilmiş məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq lisenziyası olmadan Şəxs MMC-yə məxsus klinikada fəaliyyət göstərdiyi və orada ixtisasına uyğun olmayan, eləcə də sertifikasiya komissiyasından keçməyən - xx.xx.1995-ci il təvəllüdlü X4 həkimstomatoloq kimi işləməsi müəyyənləşdirilmişdir; • 27.01.2023-cü il tarixli, KY231889390 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”a əsasən Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən tibb mərkəzində plandankənar (növbədənkənar) yoxlamanın aparılmasına icazə verilir, yoxlamanın müddəti – 30.01-xx.xx.2023-cü il; • 31.01-xx.xx.2023-cü il tarixli, 59 saylı “Plandankənar (növbədənkənar) yoxlama Aktı”nda aparılmış qeydlərə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin xx.xx.2023-cü il tarixli, 6/38 saylı məktubu əsasında Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən klinikada 2023-cü ilin yanvar ayının 31-dən fevral ayının 01-dək olan müddət ərzində plandankənar (növbədənkənar) yoxlama keçirilmişdir. Yoxlama zamanı müəyyən olunmuşdur ki, müəssisənin tibbi qeydiyyat sənədləri yoxdur. Mikro-iqlim təmin edilməmiş, havalandırma sistemi quraşdırılmamışdır. Yalnız mexaniki ventilyasiya fəaliyyət göstərir. Stomatoloq kabinetində kompressor üstü açıq vəziyyətdə, izolyasiya edilməmişdir. Bakterosid lampa və ilkin tibbi yardım dolabı yoxdur. Müəssisənin sterilizasiya sahəsi mətbəxtdə təşkil edilmiş və yalnız bir avtoklabla təmin edilmişdir. Tibbi tullantıların idarə olunmasına dair müqavilə və digər sənədlər təqdim edilməmişdir. Müəssisədə fəaliyyət göstərən həkim və tibb bacılarının tibbi müayinə kartları aşkar olunmamışdır. Müəssisədə istifadə olunan cihaz və avadanlıqların normativ-texniki tələblərə uyğunluq haqqında sənədlər təqdim olunmamışdır. Müəssisədə çalışan tibbi mütəxəssisləri sertifikasiyaya cəlb edilməmişlər. Həkim-stomatoloq X2 şəhadədnaməsinin olmadığını bildirmişdir. Lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar cərrahi stomatoloji fəaliyyət aşkar edilmişdir; • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Şəxs MMC-yə verilmiş xx.xx.2017-cı il tarixli, İN/L-902/2017/1 saylı lisenziyanın əlavəsinə əsasən şirkətə ünvan 3 ünvanda ambulator tibb xidmətinin göstərilməsinə icazə verilən işlərin siyahısına terapiya (terapevtik), kardiologiya (kardioloji), mama-ginekologiya (ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla), stomatologiya (terapevtik, ortopedik), şüa diaqnostikası (ultrasəs müayinəsi), laboratoriya (klinik və klinik-biokimyəvi) daxildir. Məhkəmə iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən tibbi mərkəzdə həkim-stomatoloq X1 keçmədən praktiki tibbi fəaliyyətə cəlb edilmiş, habelə orada lisenziyadan kənar iş və fəaliyyətə (cərrahistomatologiya) yol verilmişdir. Bununla da Şəxs MMC-nin əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə, 215.4-cü maddəsi isə qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə məsuliyyət müəyyən edir. “Lisenziyalar və icazələr haqqında” Qanunun 27-ci maddəsinə görə lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarət çərçivəsində səyyar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”na əsasən stomatologiya üzrə göstərilən xidmətlərə terapevtik, cərrahi, ortopedik, ortodontik stomatoloji və diş texniki fəaliyyətləri daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə uyğun olaraq praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bununla bağlı qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində hüquqi şəxs üçün nəzərdə tutulmuş cərimənin məbləği eynidir (altı min manatdan səkkiz min manatadək). Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, qurum İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələblərinə müvafiq olaraq qeyd olunan maddələrdə nəzərdə tutulmuş sanksiya çərçivəsində cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə müvafiq olaraq 6.000 (altı min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar