Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-878/2024 15.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən "xxxx" MMC-nin İXM-nin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X3 bildirmişdir ki, 20 fevral 2024-cü il tarixində saat 13:00 ünvan 1 ünvanında “Azland Plaza” yaşayış binasında yerləşən qeyri-yaşayış sahəsində yerləşən "xxxx" MMC-yə məxsus klinikada planlı yoxlama zamanı lisenziyadan kənar iş-diş texniki fəaliyyəti və sertifikatsız özəl tibb praktiki fəaliyyəti ilə məşğul olunması aşkar edilmişdir. Aşkar olunmuş fakt üzrə Səhiyyə Nazirliyi tərəfindən İXM-nin 215.1 və 215.4-cü maddələri ilə protokol tərtib olunmuşdur. Qeyd olunanlara əsasən "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X6 tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, həkim stomatoloq Əfqan İsmayılov sertifikasiya imtahanının birinci mərhələsindən keçmiş, ikinci mərhələsi üçün kursa göndərilmiş, klinikaya gedib-gəlsə də xəstə qəbul etməmişdir. Onun klinikaya gəlib-getməsi orada fəaliyyət göstərməsi anlamına gəlmir. Bundan başqa, klinikada diş texniki üçün otaqda təmir işləri getmiş, diş texniki yoxlama zamanı klinikada fəaliyyət göstərməmiş, yalnız lisenziya aldıqdan sonra fəaliyyət göstərcəkdi. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi vardır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında “Azland Plaza” yaşayış binasında yerləşən "xxxx" MMC-yə məxsus klinikada planlı yoxlama zamanı lisenziyadan kənar işdiş texniki fəaliyyəti və sertifikatsız özəl tibb praktiki fəaliyyəti ilə məşğul olunması aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli 3-28- 1/3-2-120/2024 saylı Qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun 17-ci maddəsinə əsasən ünvan 1 ünvanında “Azland Plaza” yaşayış binasında yerləşən qeyri-yaşayış sahəsində yerləşən "xxxx" MMC-yə məxsus klinikanın fəaliyyətinin yoxlanılması məqsədilə, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə həmin müəssisədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixli, KY242079772 saylı çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi əsasında ünvan 1 ünvanında “Azland Plaza” yaşayış binasında yerləşən qeyri-yaşayış sahəsində yerləşən "xxxx" MMC-yə məxsus klinikada aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 108 saylı özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama aktından görünür ki, planlı yoxlama 20 fevral 2024-cü il tarixində ünvan 1 ünvanında “Azland Plaza” yaşayış binasında yerləşən qeyri-yaşayış sahəsində yerləşən "xxxx" MMC-yə məxsus klinikada keçirlmişdir. 1. Müəssisədə pasiyentlərin qəbulu tibbi qeydiyyat sənədlərinə əsasən və ümumiyyətlə aparılmamış, görülən işlər üzrə tibbi statistik hesabatlar yoxlamaya təqdim edilməmiş, çalışan işçilərin dövri tibbi müayinə sənədləri yoxdur. “Tibbi tullantıların idarə olunmasına dair tələblər” təlimatına müəssisə daxili işlər uyğunlaşdırılmamışdır. Tibbi tullantıların utilizasiya müqaviləsi təqdim edilməmiş, müəssisədə tibb fəaliyyətində istifadə edilən avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya təqdim edilməmiş, havalandırma sisteminə texniki-qulluq və H-tibli filt dəyişdirilməsi barədə sənədlər təqdim edilməmişdir. Mərkəzləşdirilmiş sterilizasiya sahəsində: dezinfeksiyaedici işçi məhlulu ilə konteynerlərin üzərində müvafiq qeydlər, hazırlanma tarixi və s., steril paketlənmiş adətlərin üzərində sterilizasiya tarixi və saxlama müddəti qeydləri edilməmişdir. Dezinfeksiyaedici işçi məhlulun hazırlanması “avtoklav” cihazının iş prinsipinə uyğun işlənməsi, sterilizasiya proseslərin aparılmasına dair təlimatlar tərtib edilməmişdir. Müəssisənin cari və əsaslı təmizlik işlərin aparılmasının qeydiyyat jurnalı yoxlamaya təqdim edilməmiş, müəssisədə təsərrüfat otağı və lazımı ləvazimatlar, dezinfeksiyaedici vasitələr aşkarlanmamış, müəssisədə yenidənqurma işləri apararkən dəyişiklər edilmişdir. Müəssisənin bir sıra otaqlarında diş texniklərə aid avadanlıqlarla təchiz edilmiş sahələr yaradılmışdır. Təqdim edilmiş rəsmi “dekabr-2023”, “yanvar-2024” illər üzrə davamiyyət sənədinə əsasən “diş texnik” vəzifəsində çalışan mütəxəssis X1 fəaliyyəti aşkarlanmışdır. Eyni zamanda müəssisənin “lisenziya əlavəsində” göstərilən "xxxx" işi üzrə sahələr, otaqlar aşkarlanmışdır. Müəssisədə təxirəsalınmaz ilkin tibbi yardım və “anatilaktik şok” əleyhinə “Təlimat” sənədi tərtib edilməmiş, "xxxx" işə aid bir otaqdan əlavə giriş-çıxış qapısı da mövcuddur. 2. Müəssisədə sertifikasiyadan keçmədən praktiki özəl tibb fəaliyyəti ilə məşğul olması faktlar aşkarlanmış; "xxxx" vəzifəsində çalışan X4 və həkim stomatoloq vəzifəsində çalışan X5. 3. Müəssisə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi aşkarlanmışdır; "xxxx" işi üzrə fəaliyyət. Fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.1- ci maddəsinə əsasən lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Həmin Qanuna 1 nömrəli əlavədə lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısında özəl tibb fəaliyyəti qeyd edilmişdir. “Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "xxxx" MMC- ünvan 1 ünvanında “Azland Plaza” yaşayış binasında yerləşən qeyri-yaşayış sahəsində yerləşən "xxxx" MMCyə məxsus klinikada nizamnamələrində və özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi və sertifikatsız özəl tibb praktiki fəaliyyəti ilə məşğul olunması aşkarlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddələri ilə təqsirli bilinməli və barəsində həmin maddələrin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 114-115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədilməsində təqsirli bilinərək 6000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-878/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-878/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver