Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-887/2024 19.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X9 iştirakları ilə, X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X15 tərəfindən qəbul edilmiş 03 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X11 03 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində İXM-nin 192.4-ci və 198.1.5-ci maddələri ilə protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli qərar poçt vasitəsi ilə ona təqdim edilmişdir. Protokolun tərtib edilməsinə səbəb əvvələr cəmiyyətin işçisi olmuş X5 hüquqlarının pozulması əsas göstərilmişdir. Həmin qərara əsasən barəsində İXM-nin 192.4-cü maddəsinə əsasən 800 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Cərimə olunmağı əvvələr «AZ-MAŞ» QTSC-nin işçisi olmuş X5 bayram günü və ümumxalq hüzün günü qabağı iş vaxtının 1 saat qısaldılmadan işə cəlb edilməyini qeyd ediblər. Bildirmək istəyir ki, "AZ MAŞ"QTSC ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən texnika və sürücü ilə birgə "xxxx" MMC-yə icarəyə verilmişdir. X1 Bayram günü və ümumxalq hüzün günü 1 saat öz istəyi ilə artıq işləyib və həmin ay üçün ikiqat əmək haqqı ödənilib. Bu halda inzibatı xətadan söhbət gedə bilməz. Belə ki, cavabdeh orqan tərəfindən qanuna zidd olaraq "AZ-MAŞ" QTSC rəhbəri olaraq eyni şikayti nəticəsində İXM-nin 198.1.5-ci maddəsi ilə cərimə olunmağı barəsində cavabdeh oqanın qərarı şikayəti əsasında ləğv edilmişdir. Bundan sonra sanki cavabdeh orqan qarşısına onu cərimə etmək məqsədi qoymuş kim həmin icraata xitam verərək yenidən cərimə edilməyi barədə yuxarıda qeyd etdiyi qərarı qəbul etmişdir. Bununla bağlı Nəsimi Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayəti yaşayış yerindən arayış edilməməsi səbəbindən 3(006)-5449/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı əsasında geri qaytarılmışdır. Həmin qərarı bir neçə gün əvvəl əldə etmişdir. Hal-hazırda yaşayış yeri barədə arayış əldə etmişdir. Hesab edir ki, yuxarıda qeyd etdiyi qərar qəbul edilərkən cavabdeh orqan İXM-nin və Əmək Məcəlləsinin müvafiq normaların tələblərinin pozmuşdur. Bunları nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin inzibati xəta haqqında MN ******* nömrəli xx.xx.2023-cü il tarixli qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Şikayət vermiş şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. Lakin şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən şikayətçi X10 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən şikayətçi X10 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, bu işlə bağlı bir dəfə Binəqədi Rayon Məhkəməsində şikayətinə baxılıb, qərar ləğv olunubdur. Protokol ona görə tərtib olunub ki, əmək haqqı 5 gün gecikibdir. Həmçinin işçi bir saat artıq işləyibdir. Bildirmək istəyir ki, həmin şikayət verən şəxs X5 hal hazırda şirkətə 517 manat borcu var. Onun mühəndisi gedib işçiləri götürməyə, həmin işçi deyib ki, onun 10-15 dəqiqəlik işi var, həmin 5 dəqiqənin pulunu artıqlaması ilə alıbdır. Bu şəxs özü fevral ayından işə gəlməyib. Dəfələrlə ona rəsmi qaydada işə çıxması ilə bağlı xəbərdarlıq etsə belə işə çıxmayıb. Əmək intizamını pozduğuna görə 70-ci maddənin C bəndi ilə onu işdən çıxartmışdır. Bundan sonra özü gəlib ərizəsini yazıbdır. Həmin şəxs işə çıxmamasına görə «Paşa Holdinq» tərəfindən o, cərimələnmişdir. Aylıq əmək haqqı 452 manat olubdur. Həmin şəxs ərizə yazıb və avans götürübdür. Həmin müddəti işləməyib və işdən çıxanda həmin pulu geri qaytarmayıbdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X16 izahatında göstərdi ki, iş materialları ilə tanış olmuşdur, Əmək Müfəttişliyinə daxil olmuş şikayət əsasında "AZ MAŞ" QTSC barəsində araşdırma aparılmış, həmin şirkət və həmin şirkətin direktoru X10 barəsində araşdırma aparılmış, şikayətçi müfəttişliyə dəvət olunmuş, onun izahatı alınmışdır. Tam araşdırma apırıldıqdan sonra isə hüquqi şəxs və direktor X10 barəsində inzibati protokol tərtib olunmuşdur. Həmin şikayətçi X12 “AZ MAŞ" QTSC -nin əvvəllər işçisi olub. Bu şəxsə işlədiyi müddətdə əmək haqqısı düzgün ödənilməyibdir, həmçinin onun iş rejim qaydaları pozularaq müddətdən artıq işlədilmiş və həmin müddət üçün ona əmək haqqı ödənilməmişdir. Məhz bu əsaslar nəzərə alınaraq həmin şirkət və onun direktoru barəsində inzibati protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi X4 tərəfindən tərtib edilmiş 01 may 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, vətəndaş X7 iş vaxtının müddətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin tələbləri pozularaq bayram günü və ümumxalq hüzn günü qabağı 1 saat azaldılmamış, həmçinin əmək haqqının ödənilməsində Əmək Məcəlləsinin 172-ci madəsinin tələbləri pozulmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-2444/2023 saylı qərarından görünür ki, şikayətin qismən təmin edilməsi, şikayətçi X10 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı 121671 saylı qərarının ləğv edilməsi və işin yenidən araşdırılması üçün göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X11 03 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” qərarından görünür ki, X10 barəsində Azərbaycan Respublikası İXMin 198.1.5-ci maddəsi üzrə başlanmış icraata İXM-in 53.1.6-cı maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X11 03 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan “AZ-MAŞ” QTSC tərəfindən təsdiq edilmiş əmək haqqı cədvəlindən çıxarışdan görünür ki, X8 müəssisə tərəfindən 2022-ci ilin dekabr ayı üçün 300 manat, 2023-cü ilin yanvar üçün 1019.9 manat. Fevral ayı üçün isə 323 manat ödəniş edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməli, X3 təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin qeyd hissəsində göstərilir ki, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, X3 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, onun tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan, inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Belə ki, 01 may 2023cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda, 03 noyabr 2023cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarda X10 tərəfindən X8 münasibətdə Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərini pozması, işçiyə “çalışdığı ay üzrə əmək haqqının ödənilməsində qanun pozuntusuna yol verildiyi” göstərilmiş, bundan başqa məhkəmə iclasında qərarından şikayət verilmiş orqanın nümayəndəsi X16 da izahatında işçiyə əmək haqqının düzgün ödənilmədiyini göstərmişdir. Lakin, nə yuxarıda istinad edilən sənədlərdə, nə də nümayəndənin izahatında X10 tərəfindən yol verilmiş qanun pozuntusunun konkret nədən ibarət olması, onun işçiyə hansı ay üçün hansı məbləğdə əmək haqqının və ya digər ödəncin verilməsindən imtina etməsi və ya gecikdirməsi göstərilməmiş, iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatlar araşdırılmamış, bundan başqa X10 işçiyə ödənişləri ödədiyini göstərmiş, buna dair əmək haqqı cədvəlindən çıxarış təqdim etmiş, lakin qərarından şikayət verilmiş orqan tərəfindən həmin hallara hüquqi qiymət verilməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iş üzrə tədqiq edilmiş sənədlər məhkəmədə işə baxılarkən X10 tərəfindən qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. X10 da tərəfindən inzibati xəta törədilmədiyini göstərmişdir. X2 tərəfindən inzibati xətanın törədilməsinə dəlalət edə biləcək hər hansı sübut və əsas göstərilmədən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. İş üzrə tədqiq edilmiş hallar məhkəmədə X3 inzibati xətanın subyekti olmasına şübhə yaradır. İnzibati xətalara dair qanunvericiliyin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr isə onun xeyrinə həll edilir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Bundan başqa, məhkəmə qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-2444/2023 saylı qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı 121671 saylı qərarı ləğv edilərək iş yenidən araşdırılması üçün həmin orqana qaytarılsa da, həmin qərarda qeyd olunan hallar qərarından şikayət verilmiş orqan tərəfindən araşdırılmamış, xx.xx.2023-cü il tarixdə hər hansı sübuta istinad edilmədən yenidən formal olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Buna görə də məhkəmə prosessual qənaət prinsipini əsas tutaraq hesab edir ki, mübahisələndirilən qərarın yenidən məhkəmə tərəfindən ləğv edilməsi və araşdırılması üçün inzibati orqana (vəzifəli şəxsə) göndərilməsi nəticəsiz olacaqdır. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X3 şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X15 tərəfindən qəbul edilmiş 03 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və X3 təqsirliliyi sübuta yetirilmədiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X15 tərəfindən qəbul edilmiş 03 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-887/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-887/2024
19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver