Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-894/2024 26.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 1991-ci il tarixdə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, Beyləqan rayonu, Dünyamalılar kəndində olan, ünvan 1 ünvanında kirayədə yaşayan Şəxs barəsində Nəsimi RPİ-nin 21-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində X2 nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X4 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə X3, arvadı və nəvələri Səməd Vurğun küçəsində yerləşən “Bee Cross” marketə getmişlər və onlar marketin qarşısında olarkən avtomobilini park etməyə yer tapmadığı üçün özünü "parkovşik" kimi göstərən şəxsdən kömək göstərməsi üçün işıqları yandırıb söndürərək işarə etmişdir. Təxminən 2-3 dəqiqə gözləmiş, lakin Çingiz Qənizadə "parkovşikin" əhəmiyyət vermədiyini görüb avtomobilini irəli sürərək yer axtarmağa başlamışdır. Birinci boş yer görmüş və həmin yerə park etmək istəsə də, maşını park etmək mümkün olmamışdır. Daha sonra irəli gedərək boş yerdə saxlamışdır. Bu zaman sarı geyimli olan həmin şəxs yaxınlaşdıqda Çingiz Qənizadə ona iradını bildirmiş ki, niyə bayaqdan kömək etmirsən. Bundan sonra ona burda pul yığmağının qanunsuz olduğunu bildirmişdir. Çingiz Qənizadənin iradı "parkovşik"in xoşuna gəlmədiyi üçün onunla mübahisə etməyə başlamışdır. "Parkovşik" maşından uzaqlaşan kimi Çingiz Qənizadə maşından yerə düşən vaxt tanımadığı şəxs yaxınlaşaraq qarşısını kəsmiş və Çingiz Qənizadədən "parkovşikə" nəyə görə irad bildirməsini soruşmuşdur. Sonra isə Çingiz Qənizadəyə “qudurmusunuz hamınız” deyərək onu təhqir etməyə başlamış, hətta “belə şeylərə görə adamın başına oyun açıb pis günə qoyarlar” deməklə Çingiz Qənizadəyə qarşı xuliqanlıq hərəkətləri etməyə davam etmişdir. Daha sonra parkovşikdə həmin şəxsə qoşularaq Çingiz Qənizadənin üstünə gəlməyə başlamışlar bu zaman yoldan keçən bir şəxs yaxınlaşaraq onları aralamağa çalışmışdır. Bu zaman Çingiz Qənizadənin həyat yoldaşı onlara irad bildirərək həmin yerdən uzaqlaşmalarını bildirsə də həmin şəxslər onu da təhqir etməyə başlamışlar. Hətta bu hadisədən Çingiz Qənizadənin nəvələri çox qorxmuşlar. Daha sonra Çingiz Qənizadə DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə mən taksi fəaliyyəti ilə məşğul olan zaman Səməd Vurğun küçəsində yerləşən “BeeGross” ərzaq mağazasından çıxan zaman iki nəfərin mübahisə etdiyini görmüş və onlara yaxınlaşaraq dayanacaqda işləyən şəxslə mübahisə edənə öz iradını bildirmişdir ki, onunla niyə kobud rəftar edirsiz və dayanacaqda işləyəni müdafiə etmişdir. Sonra adını sonradan bildiyi Çingiz Qənizadə onun verdiyi reaksiyanın qarşılığında 102 xidmətinə bu barədə məlumat verməklə şikayət etmiş və onu 21-ci Polis Bölməsinə dəvət aparmışlar. O, sadəcə olaraq Çingiz Qənizadəyə qarşı kobud cavab verdiyinə görə peşmandır. Lakin o, heç bir xuliqanlıq hərəkətləri etməmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, o, arvadı və nəvələri xx.xx.2024-cü il tarixdə Səməd Vurğun küçəsində yerləşən “Bee Cross” marketə getmişlər və onlar marketin qarşısında olarkən avtomobilini park etməyə yer tapmadığı üçün özünü "parkovşik" kimi göstərən şəxsdən kömək göstərməsi üçün işıqları yandırıb söndürərək işarə etmişdir. Təxminən 2-3 dəqiqə gözləmiş, lakin "parkovşikin" əhəmiyyət vermədiyini görüb avtomobilini irəli sürərək yer axtarmağa başlamışdır. Birinci boş yer görmüş və həmin yerə park etmək istəsə də, maşını park etmək mümkün olmamışdır. Daha sonra irəli gedərək boş yerdə saxlamışdır. Bu zaman sarı geyimli olan həmin "parkovşik" ona yaxınlaşdıqda ona iradını bildirmiş ki, niyə bayaqdan kömək etmirsən. Bundan sonra ona burda pul yığmağının qanunsuz olduğunu bildirmişdir. Onun iradı parkovşikin xoşuna gəlmədiyi üçün onunla mübahisə etməyə başlamışdır. Parkovşik maşından uzaqlaşan kimi o, maşından yerə düşən vaxt tanımadığı üzü tüklü bir şəxs ona yaxınlaşaraq qarşısını kəsmiş və ona parkovşikə niyə irad bildirməsini soruşmuşdur. Sonra isə “qudurmusunuz hamınız” deyərək onu təhqir etməyə başlamış, hətta “belə şeylərə görə adamın başına oyun açıb pis günə qoyarlar” deməklə ona qarşı xuliqanlıq hərəkətləri etməyə davam etmişdir. Daha sonra parkovşik də üzü tüklü şəxsə qoşularaq onun üstünə gəlməyə başladılar bu zaman yoldan keçən bir şəxs yaxınlaşaraq onları aralamağa çalışmışdır. Bu zaman həyat yoldaşı onlara irad bildirərək həmin yerdən uzaqlaşmalarını bildirsə də həmin şəxslər onu da təhqir etməyə başladılar. Hətta bu hadisədən nəvələri çox qorxmuşdular. Daha sonra o, DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hüseynov Nicat yadigar oğlu izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Səməd Vurğun küçəsində maşınların parklanması ilə məşğul olan zaman bir nəfər tanımadığı şəxs ondan xahiş etmişdir ki, orada maşın üçün yer versin, ancaq orada yer olmadığını bildirən zaman bunun üstündə yüngül mübahisə olmuşdur. Bunu görən bir taksi sürücüsü yaxınlaşaraq bu söhbətə müdaxilə etmişdir. Bundan sonra həmin şəxsə dayanacaqda yer tapıb vermişdir. Daha sonra həmin şəxs DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 25 fevral 2024-cü il, saat 22:33-dən hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin X5 Saxlanılma Mərkəzinə təhvil verilməsi Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-894/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-894/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver