Məhkəmə qərarları › İş №3(006)-898/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-898/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-898/2024 27.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 16 fevral 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs 116220,00 ABŞ dolları məbləğində olan pul vəsaitini 02 fevral 2022-ci il tarixdə xaricə köçürmüş və 02 il müddət keçsə də, 116220,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 03 fevral 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X2 izahatında göstərmişdir ki, onun direktoru olduğu MMC-nin inzibati xətanın baş verməsində təqsiri olmamışdır. Belə ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq müqavilə bağladıqları şirkət tərəfindən malların göndərilməsi obyektiv səbəblərdən mümkün olmamışdır. Onlar dəfələrlə xarici şirkətə məktub göndərərək malın göndərilməsini xahiş etmişlər, lakin müharibə ilə əlaqədar qeyri-rəsmi olaraq məhsullarının ölkədən çıxışına qadağa qoyulmuş, həmçinin göndərilmiş vəsaitin dəyərində mallar tam olaraq ölkəyə idxal edilməmişdir. Belə ki, 116220,00 ABŞ dolları məbləğində vəsaitin müəyyən hissəsi üzrə mallar ölkəyə gətirilmiş və iki gömrük bəyannaməsi üzrə qeyd olunanlar öz təsdiqini tapmışdır. Müharibə ilə əlaqədar Ukraynada olan banklara sanksiyalar tətbiq olunduğundan pulun qaytarılması da mümkün olmamışdır. Bununla bağlı şirkətlər arası rəsmi yazışmalar mövcuddur. Göstərilən bu halların heç biri Şəxs MMC-nin təqsiri üzündən baş vermədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 02 fevral 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 116220,00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 02 fevral 2022-ci il tarixdə "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış məktubdan görünür ki, hüquqi şəxs Şəxs qabaqcadan ödənişlər aparıldığı gündən 02 il müddət tamam olmasına baxmayaraq malları ölkəyə idxal olunmamış, xidmətləri göstərilməmiş və qabaqcadan ödənilmiş məbləğləri geri qaytarmamışdır. İnzibati xəta haqqında 16 fevral 2024-cü il tarixli, EP ******* saylı protokoldan görünür ki, Şəxs 116220,00 ABŞ dolları məbləğində olan pul vəsaitini 02 fevral 2022-ci il tarixdə xaricə köçürmüş və 02 il müddət keçsə də, 116220,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 03 fevral 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Şəxsnə ünvanlanmış 28 fevral 2022-ci il tarixli fors-major haqqında bildirişdən görünür ki, Ukrayna prezidentinin 24 fevral 2022-ci il tarixli 64/2022 saylı fərmanı əsasında 24 fevral 2022-ci il tarixində Ukrayna ərazisində hərbi vəziyyət tətbiq edilmişdir. Bundan əlavə, Ukrayna Milli Bankının 24 fevral 2022-ci il tarixli 18 nömrəli qərarı transsərhəd ödənişlərini qadağan etmişdir. Bu hallar 24 dekabr 2020-ci il tarixli MKE-1380263/12/20 nömrəli müqavilənin 8-ci bəndinə uyğun olaraq fors-major hadisəsini təşkil edir. 24 dekabr 2020-ci il tarixli MKE-1380263/12/20 nömrəli müqavilə üzrə bütün öhdəlikləri, o cümlədən çatdırılma öhdəliklərini yerinə yetirməsinin qeyr-mümkün olduğu bildirilmişdir. 01 mart 2021-ci il tarixli **********9652 saylı gömrük bəyannaməsindən və 28 noyabr 2022-ci il tarixli **********8992 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs 116220,00 ABŞ dolları məbləğində olan pul vəsaitinin müəyyən hissəsi üzrə mallar ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X3 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, MMC-nin direktorunun təqdim etdiyi sənədləri tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir: “İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar”. Hazırki halda MMC-nin direktoru tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, inzibati xəta hadisəsi baş vermədən öncə Şəxs tərəfindən dəfələrlə "xxxx" MMC-yə müqavilədə nəzərdə tutulan və köçürdükləri məbləğin müqabilində olan malların göndərilməsinə, malların göndərilməsi mümkün olmadığı təqdirdə ödədikləri məbləğin qaytarılmasına dair rəsmi müraciətlər edilmiş, Ukrayna Respublikasında yerləşən "xxxx" MMC isə Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar məhsulların ixracına qeyri-rəsmi məhdudiyyət qoyulduğundan malların göndərilməsinin, müharibə ilə əlaqədar onların əməkdaşlıq etdiyi banka sanksiya tətbiq olunduğundan avansın geri qaytarılmasının mümkün olmadığını bildirmişdir. Göstərilən bu hal Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilə bağladığı və pul vəsaitini göndərdiyi "xxxx" MMC tərəfindən öz öhdəliklərinin üzürlü və fors-major hesab olunan səbəbdən (Rusiya-Ukrayna müharibəsi) yerinə yetirilməməsinə dəlalət etməklə, bu səbəbdən 02 il ərzində 116220,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətin) ölkəyə idxal edilməməsinin göstəricisidir. Məhkəmə hesab edir ki, müqavilə tərəflərindən birinin (hazırki halda "xxxx" MMC-nin) öz öhdəliklərini üzürlü hesab oluna bilən səbəblərdən icra etməməsi nəticəsində müqavilənin digər tərəfi təqsirli hesab edilə və digər müqavilə tərəfinin məsuliyyəti öhdəliyi müqavilə şərtlərinə uyğun icra etmiş (hazırki halda müqavilə üzrə müəyyən olunmuş pul vəsaitini ödəmiş) tərəfin üzərinə qoyula bilməz. Məlumdur ki, təqsir inzibati xəta tərkibinin əlamətlərindən biri olan subyektiv cəhətin elementidir və inzibati xətanın törədilməsində təqsiri olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması mümkün deyil. Məhkəmə Şəxs tərəfindən xaricə köçürülmüş pul vəsaiti müqabilində göndərilməli olan malların 02 il ərzində ölkə ərazisinə idxal edilməməsində Şəxs MMC-nin təqsirinin olmadığını, əksinə MMC-nin özünün maddi zərərə məruz qalaraq hazırki vaxtadək ünvanlarına nə malların tam olaraq göndərilmədiyini, nə də ödədikləri pul vəsaitinin geri qaytarılmadığını, bununla əlaqədar Şəxs MMC tərəfindən hələ inzibati xəta hadisəsi baş vermədən malların göndərilməsi və ya xaricə köçürdükləri pul vəsaitinin geri qaytarılmasına dair məktublarla müqavilə bağladıqları xarici şirkətə müraciət etdiyini, həmin şirkətin üzürlü hesab edilə bilən-ölkə ərazisində gedən və hamıya məlum olan müharibə səbəbindən üzərinə düşən öhdəliyi vaxtında icra edə bilməməsini, belə olan halda xaricə köçürülmüş məbləğ müqabilində idxal olunmalı olan malların ölkəyə idxal olunmamasının hüquqi şəxsdən asılı olmayan səbəblərdən baş verdiyini və bu pozuntunun aradan qaldırılması üçün MMC tərəfindən zəruri tərbirlərin görüldüyünü nəzərə alaraq Şəxs əməlində AR İXM-nin 430.4-cü maddəsinin tərkibinin olmaması qənaətinə gəlir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin 116220,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 02 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən sonra ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçmədən malların (xidmətlərin) ölkə ərazisinə idxal olunmamasında təqsirinin olmamasını və bununla da MMC-nin əməlində inzibati xəta tərkibinin mövcudluğunun istisna olunduğunu nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar