Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-90/2024 22.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin nümayəndəsi X1, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi ilə bağlı şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixində, saat 06:50 radələrində Bakı şəhəri, Azadlıq prospektində etibarnamə ilə idarə etdiyi “Renault Megane” markalı, 99RP231 dövlət qeydiyyat nişanlı avtomobillə Azadlıq prospektində hərəkət etdiyi zaman Bakıxanov küçəsi ilə kəsişməsində sağından, yəni Bakıxanov küçəsi ilə hərəkət edən “X9” markalı, 10ZZ998 avtomobil avtomobilinin ön sağ qapı və ön sağ qanad hissələrinə çırpılmışdır. Həmin hadisə nəticəsində avtomobilinin ön sağ qanad və qapı, “Toyota Prado” markalı avtomobilin isə ön hissəsi zədələnmişdir. Hadisə nəticəsində özü yüngül olsa da,xəsarət almışdır. Baş-beyninin də yüngül olaraq silkəlindiyini hiss etmişdir. Eləcə də bədəninin kürək hissəsi də zərbənin təsirindən ağrıyırdı. O, avtomobildən çıxdıqda, “Toyota Prado” markalı avtomobilin sürücüsü də avtomobilindən çıxmışdır və özünü necə hissə etdiyini gördükdə, ona yardım təklif etdi. Lakin o, baş vermiş hadisəni tam dərk edə bilmədiyinə görə, yüngül şokda idi. Çünki, “Toyota” markalı avtomobil ani vəziyyətdə, qəfltən yol ayrıcına daxil olmuşdur. O, “Toyota” markalı avtomobilin sürücüsü hər hansı bir zədə almadığını və onun sərbəst hərəkət etməsini gördükdə hadisə yerinə “102” zəng xidmətinə məlumat verməsini ondan xahiş etmişdir. Bu vaxta qədər də özü üçün yaxınlıqda olan apteklərin birində hər hansı bir dərman vasitəsi almaq qərarına gəlmişdir. Nəticədə hadisədən bir neçə dəqiqə keçdikdən sonra, o, apteklərin birinə getməyi üçün hadisə yerindən bir qədər uzaqlaşmışdır. Lakin, hadisə sübh tezdən baş verdiyindən, yaxınlıqda olan apteklər bağlı idi. özünə gəldikdən sonra bir neçə vaxt keçdikdə hadisə yerinə qayıtdıqda orada avtomobilini görmədikdə, dərhal Nəsimi Rayon Polis İdarəsinə müraciət etmişdir. Orada xəsarət almağı ilə bağlı məlumat verməyi ilə əlaqədar, araşdırma aparılmış və nəticədə, hadisənin baş verməsində təqsirli hesab olunduğuna görə xx.xx.2022-ci il tarixli 1 saylı HK-442 material üzrə “Cinayət işinin başlanılmasının rədd olunması haqqında” Qərar qəbul olunmuşdur. Qərara əsasən hadisə ilə bağlı cinayət tərkibi olmadığından, cinayət işinin başlanılmasının rədd olunmuşdur. Daha sonra hadisəni araşdıran Bakı Şəhər DYPİ-yə yollanmışdır. Orada müxtəlif formal hərəkətlər yerinə yetirilərkən onu sərbəst buraxdılar. Orada hansısa sənədlərə ona imza etdirdilər. Barəsində qəbul olunmuş qərar ona verilməmişdir. O, bu qərarı yalnız bu günlərdə, xx.xx.2023-cü il tarixində, BŞBDYPİ-yə müraciət etdiyim zaman ala bilmişdir. Bir neçə ay keçdikdən sonra hadisədə iştirak edən “X9” markalı, 10ZZ998 dövİət qeydiyyat nişanlı avtomobilin bərpası üçün ödənilmiş sığorta ödənişinin ondan geriyə (subroqasiya) tələb olunması haqqında Xətai Rayon Məhkəməsində iddia qaldırılaraq pulun tutulmasına dair müvafiq qətnamə çıxarılması Məhkəmədən xahiş olunmuşdur. Yalnız həmin işə məhkəmədə baxılan zaman ona tam aydın oldu ki, hadisə baş verdikdən sonra, üzürlü səbəbə görə, yəni özünün səhhətində yaranmış problemlər səbəbindən apteklərdən özünə dərman vasitəsi almağı məqsədilə o, bir neçə dəqiqədən sonra hadisə yerindən uzaqlaşdığından, məhz bu uydurma və qanunsuz əsasa görə, BŞDYPİ-nin polis mayoru X5 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərək, onu AR İXM-nin 327.1ci və 327.6-cı maddələri üzrə təqsirli bilərək, 100 manat məbləğində cərimələmişdir. Halbuki, bu hadisə üzrə hər iki maddə ilə tənbeh olunmağı qanunsuzdur. Belə ki, AR İXMnin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.6-cı maddəsinə əsasən Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327-ci maddəsinin “Qeyd” hissəsinin 7-1-ci bəndinə əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir. Baş vermiş hadisə nəticəsində, açıq-aşkar görsənir ki, “X9” markalı, 10ZZ998 avtonəqliyyat vasitəsinin sürücüsü hər hansı bir xəsarət almamışdır. Əksinə xəsarəti o, almışdır, o, aldığı ağrıdan şok almışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, baş vermiş hadisə ilə bağlı “Toyota Prado”nun sürücüsü ilə təqsirli tərəfinin müəyyənləşdirilməsində mübahisələri də olmayıb. Lakin bütün bunlara baxmayaraq, hadisəni araşdırmış polis mayoru L.Həsənovun işin hallarına uyğun olmayan və AR İXM-yə zidd olan qərarla onu tənbeh etmişdir. Halbuki, o, yalnız yol ayrıcının keçmə qaydalarını pozmuşdur. Elə olduğu halda barəsində yalnız AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş tənbeh növü tətbiq olunmalı idi. Qərar qalan hissədə isə qanunsuzdu və o, AR İXM-nin 327.6-cı maddəsi hissəsində ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, şikayətçi X3 tərəfindən verilmiş şikayət əsassızdır. Hadisə şikayətçinin xətasından baş veribdir. Belə ki, X3 yol verməli olduğu halda yol verməmiş və nəticədə bu hadisə baş vermişdir. Həmin hadisə ilə bağlı görüntünü də təqdim edirik. Bundan sonra sürücü avtomobili hadisə yerində qoyub çıxıb getmiş, yalnız hadisədən bir neçə saat keçdikdən sonra hadisə yerinə deyil DYP idarəsinə gəlmişdir. Bu da İXM-nin 327.6-cı maddəsinin tərkibini yaratdığından onun barəsində həmin maddə ilə inzibati tənbeh tədbiri görülmüşdür. Məhkəmə, işdə iştirak edən şəxslərin çıxışlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-in 327.1 və 327.-cı maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş üzrə icraat aparmış səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunmuş 01 ədəd diskdə olan videogörüntülərə baxış zamanı X2 idarə etdiyi “Renault” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, Azadlıq prospekti ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozması müşahidə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin Qeyd hissəsinə 7-ci bəndinə əsasən zərər çəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxsə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir. Məhkəmə, şikayət verən şəxs X3 oğluna istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.1 və 327.6-cı maddələri ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəm, həmçinin X2 şikayət ərizəsində göstərdiyi “özü üçün yaxınlıqda olan apteklərin birində hər hansı bir dərman vasitəsi almaq qərarına gəlməsi və hadisə yerinə qayıtdıqda orada avtomobilini görməməsi” barədə xüsusat hər hansı sübutla təsdiq edilmir və özünümüdafiə xarakterli olmaqla inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-90/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-90/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver