Məhkəmə qərarları › İş №3(006)-901/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-901/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-901/2024 27.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan Şəxs nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala Bakı şəhəri Nəsimi rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 19 fevral 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, «Bank VTB (Azərbaycan)» ASC-dən təqdim olunmuş məlumat və sənədlərə əsasən Şəxs 87262,50 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən «Bank VTB (Azərbaycan)» ASC-də olan hesabından xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçməsinə baxmayaraq, 87262,50 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi və vəkili Vəkil verdiyi izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəxs MMC tərəfindən Çin Xalq Respublikasının rezidenti olan “CANGZHOUKAİWEİ PİPELİNE CO.,LTD HEİBEİ PROVİNCE CHİNA” şirkəti ilə Müqavilə Əlavə ilə müəyyən edilən malın alınması və həmin malın avans ödənişdən 45 gün müddətində Bakı şəhərinə çatdırılmasına dair müqavilə bağlanmışdır. Müqaviləyə 1 nömrəli Əlavəyə əsasən malların dəyəri 290,875 ABŞ dolları təşkil etmişdir. Müqavilə üzrə xx.xx.2022-ci il tarixdə vəsait Alıcı tərəfindən Satıcıya avans kimi ödənilmişdir. Bundan sonra, həmin Müqavilə üzrə 87,262.50 ABŞ dolları məbləğində mallar ölkəyə idxal edilməmişdir. Mərkəzi Bank tərəfindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə xaricə 87,262.50 ABŞ dolları köçürülmüş və 2 il müddət keçsə də, həmin dəyərdə mallar ölkəyə idxal edilməmiş, bununla da valyuta vəsaitini geri qaytarılmamışdır. Protokol qanunsuz olaraq tərtib edilmişdir. Belə ki, malların idxal edilməməsi Şəxs MMC-nin iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. İlk növbədə qeyd edilməlidir ki, 87,262.50 ABŞ dolları valyuta vəsaitin müqabilində mallarin idxal edilməməsi Şəxs MMC-nin iradəsindən asılı olmayan səbəblərdən baş vermiş, xarici şirkət tərəfindən həmin malların göndərilməsi təmin edilməmişdir. Belə ki, Şəxs MMC tərəfindən 87,262.50 ABŞ dolları valyuta vəsaitin müqabilində malların idxal edilməməsinə görə satıcı şirkətə birbaşa və dolayı yolla (Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyi vasitəsilə) pretenziya məktubları göndərilmişdir. Həmin elektron məktublardan görünür ki, Şəxs MMC-nin direktoru X1 və satış üzrə menecer Marina Podqorodeskaya mailto:metalstil@inbox.ruElektron ünvan elektron poçtu vasitəsilə müvafiq olaraq xx.xx.2022-ci il tarixdə saat 08:17 radəsində və xx.xx.2022-ci il tarixdə saat 12:02 radəsində Azərbaycan Respublikasının ÇİN Xalq Respublikasındakı Səfirliyinin elektron ünvanlarına elektron məktub yazaraq Səfirlikdən satıcı ilə əlaqə saxlanılmasına, malların Çindən Azərbaycan Respublikasına göndərilməsinə, əks təqdirdə Müqaviləyə 1 nömrəli Əlavə ilə ödənilmiş vəsaitin geri qaytarılmasına yardım edilməsi xahiş edilmişdir. Satıcı tərəfindən Səfirlik vasitəsilə Satıcıya pretenziya irəli sürməsi 87,262.50 ABŞ dolları müqabilində malın idxal edilməməsinin Şəxs MMC-nin iradəsindən asılı olmayan səbəblərdən baş verməsini, yəni bu hadisə üzrə onun təqsirinin olmamasım göstərir. Vəzifəli Şəxs isə həmin halları araşdırmadan, malın idxal edilməməsinin Şəxs MMC-nin iradəsindən asılı olub-olmamasını yoxlamadan qanunsuz və əsassız Protokol tərtib etmişdir. Halbuki, X3 tərtib etməmişdən əvvəl satıcı şirkətə sorğu edərək malın göndərilməməsinin, göndərilmədiyi təqdirdə pulun qaytarılmamasının səbəbini aydınlaşdıra bilərdi. Çünki İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəyə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan «Bank VTB (Azərbaycan)» ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, köçürmə haqqında ərizənin surətindən görünür ki, Şəxs «Bank VTB (Azərbaycan)» ASC-də olan hesabından 87262,50 ABŞ dolları xarici valyutada olan vəsait «CANGZHOUKAİWEİ PİPELİNE CO LTD» şirkətinin müvafiq bank hesabına köçürülmüşdür. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs 87262,50 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti avans yolu ilə xx.xx.2022-ci il tarixdə «Bank VTB (Azərbaycan)» ASC vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və ödənişin aparıldığı gündən iki ildən artıq müddətin keçməsinə baxmayaraq 87262,50 ABŞ dolları məbləğində vəsaitin müqabilində müvafiq malların ölkəyə idxalını və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim olunmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs nümayəndəsinin izahatında qeyd etdikləri isə iş üzrə icraata xitam verilməsinin əsası ola bilməz. Belə ki, 87262,50 ABŞ dolları malların idxal edilməməsinin Şəxs MMCnin iradəsindən asılı olmayan səbəblərdən baş verməsini təsdiq edən hər hansı əsaslı sübut növü məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 87262,50 ABŞ dolları məbləğinin 20 faizi miqdarında, yəni 17452 (on yeddi min dörd yüz əlli iki) ABŞ dolları, 50 (əlli) sent məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar