Məhkəmə qərarları › İş №3(006)-901/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-901/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-901/2025 26.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Şikayətçi: X1 iştirakları ilə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25982237 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şossesində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında idarə etdiyi “Volkswagen Touareg” markalı, **-FD- *** dövlət qeydiyyat nişanlı avtomobilin durmasına görə barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, EQ 25982237 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin qərar tam əsassızdır və ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, qərarda qeyd olunanın əksinə onun idarə etdiyi “Volkswagen Touareg” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasından kənarda ödənişsiz parklama üçün nəzərdə tutulmuş ərazidə olmuşdur. Avtomobilin durduğu yerin ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasına heç bir aidiyyəti olmadığı kimi, onların hərəkətinə də heç bir maneə yaratmır. Belə olan halda, hər hansı inzibati xəta pozuntusundan söhbət gedə bilməz. Qeyd olunanları nəzərə alaraq barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X3 şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25982237 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitənin məlumatına əsasən X3 xx.xx.2025-ci il tarixdə, saat 20:49-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şossesi ərazisində “Volkswagen Touareg” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobillə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin durmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir; • Fotoşəkillərdən aydın olur ki, “Volkswagen Touareg” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil “5.12, yəni avtobusun və ya troleybusun dayanacaq yeri” yol nişanından sonra müəyyən məsafədə saxlanılmışdır. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25982237 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə məsuliyyət nəzərdə tutur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İV hissəsinin 7-ci bəndinə əsasən dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanma qadağandır. Beləliklə, müəyyən olunur ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 20:49-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şossesi ərazisində “Volkswagen Touareg” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobillə “5.12, yəni Avtobusun və ya troleybusun dayanacaq yeri” yol nişanından 15 metrdən az yaxınlıqda durmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilsə də, həmin avtomobilin “5.12, yəni avtobusun və ya troleybusun dayanacaq yeri” yol nişanından hansı məsafədə saxlanılması, bu məsafənin ölçüsü dəqiqləşdirilməmişdir. Eyni zamanda Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən X3 barəsində qəbul edilmiş qərarda inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli barədə məlumatlar qeyd olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə görə inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunan Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25982237 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar