Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-902/2024 12.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin 2-ci ərazi X5 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən ofisdə keçirilən planlı yanğın-texniki müayinə keçirilən zaman sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlər təqdim edilməmiş, habelə sahibkar fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmamış, bununla da X3 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 bildirmişdir ki, onun barəsində protokol tərtib edilməsi və inzibati məsuliyyətə cəlb edilməsi qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərində X5 İdarəsinin əməkdaşları onun ofisinə yoxlamaya gəlib ona zəng etmişlər. Zəngə cavab verdikdə onlara ölkə ərazisində olmadığını və gələrkən onların idarələrinə gələcəyini bildirmişdir. Lakin X5 İdarəsinin əməkdaşları onunla danışırkan kobudluq etmiş və sonda ona “sənin başına oyun açacam” deyərək telefonu söndürmüşdür. Göstərilənlər nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin 2-ci ərazi X5 İdarəsi nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdim olunmuş materialları nəzərdən keçirib məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiyilin tələblərinə riayət olunmadığına görə həmin protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. İş materiallarında olan “Yanğın-texniki müayinənin aparılması haqqında” xx.xx.2024cü il tarixli, 0705 saylı qərardan görünür ki, X2 məxsus ünvan 1 ünvanında yerləşən ofisdə plan üzrə xx.xx.2024-xx.xx.2024-cü il tarixdə müayinənin aparılması qərara alınmışdır. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan xx.xx.2024-cü il tarixli, KY242077394 saylı çıxarışdan görünür ki, X2 məxsus ünvan 1 ünvanında yerləşən ofisdə plan üzrə xx.xx.2024-xx.xx.2024-cü il tarixdə müayinənin aparılmasına icazə verilir. İş materiallarına əlavə edilmiş elektron biletin surətindən görünür ki, X3 xx.xx.2024cü il tarixdə saat 06:40-da Bakı şəhərindən Tbilisi şəhərinə uçuş etmiş, həmçinin, əksinə olaraq Tbilisi şəhərindən Bakı şəhərinə xx.xx.2024-cü il tarixdə saat 17:50-də uçuş edərək geri qayıtmışdır. Göründüyü kimi, X3 ona məxsus ünvan 1 ünvanında yerləşən ofisində plan üzrə xx.xx.2024-xx.xx.2024-cü il tarixdə müayinənin aparılması zamanı ölkə ərazisində olmamışdır. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə görə hakim inzibati xətalar haqqında işlərə baxarkən maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Yuxarıda sadalanan nöqsanlarla əlaqədar olaraq məhkəmə tərəfindən X1 inzibati məsuliyyətə cəlb edilib-edilməməsi və ya başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması məsələsinin həlli istiqamətində müəyyən nəticəyə gəlmək mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 2-ci ərazi X5 İdarəsinə geri qaytarılsın. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-902/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-902/2024
12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver