Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-902/2025 12.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs Novruzov Kamil Novruz oğlunun iştirakı ilə, Novruzov Kamil Novruz oğlunun Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Novruzov Kamil Novruz oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Novruzov Kamil Novruz oğlu 03 yanvar 2025-ci il tarixində, saat 16:50-17:02 radələrində, etibarnamə əsasında idarə etdiyi **-AE- *** nömrəli nəqliyyat vasitəsi ** YP *** qeydiyyat nişanlı yol patrul nəqliyyat vasitəsini idarə edən baş serjant rütbəli bir şəxs tərəfindən saxlanılmışdır. Saxlanılan zamanı ona yol hərəkəti qaydalarını aydın olmayan bir şəraitdə pozduğu ifadə edilmişdir. O, da öz növbəsində qaydaları pozmadığını və əgər qayda pozuntusu varsa rəsmiləşdirməsini bildirmişdir. Baş serjant rütbəli şəxs ona İXP ******* nömrəli kağız protokol tərtib edib təqdim edən zaman orada protokolu tərtib edən və imzalayan şəxsin polis baş-leytenentı Süleymanov Süleyman Rafiq oğlu olmadığını müəyyən etmişdir. Bildirmək istəyir ki, o, nəqliyyat vasitəsini idarə edərkən polis baş leytenantı Süleymanov Süleyman Rafiq oğlu tərəfirdən saxlanılmamış və sonuncu tərəfindən hər hansı bir protokol tərtib edilməmişdir. Sonradan bu barədə baş-serjant rütbəsində olan şəxsə bildirdikdə və ondan xidməti vəsiqəsini göstərməsi bardə xahiş edəndə baş serjant rütbəli şəxs ona vəsiqəsini ad soyadını oxuya bilməyəcəyi qadada uzaqdan göstərərək ərazidən uzaqlaşmağa başlamışdır, ona kağız protokolun surətinə müvafiq qeydlər aparmağına imkan verməmişdir. O, dərhal bu barədə 102 xidmətinə məlumat vermiş və ərazinin foto şəkillərini mobil telefonuna çəkmişdir. Protokolun tərtib edilməsi Azərbaycan Respublikasının aidiyyəti üzrə qanunvericiliyinin tələblərinə uyğun deyil və etibarsızdır. Göstərilənlərə əsasən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Novruzov Kamil Novruz oğlu şikayətinin məzmunun uyğun olaraq izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Novruzov Kamil Novruz oğlu İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Novruzov Kamil Novruz oğlunun Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Novruzov Kamil Novruz oğlu yol hərəkəti qaydalarını pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Həmçinin, məhkəmənin inzibati xəta hadisəsinin videogörüntülərinin məhkəməyə təqdim olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə ünvanladığı sorğuya cavab verilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 128-130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şikayət təmin edilsin. Novruzov Kamil Novruz oğlunun Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-902/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-902/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver