Məhkəmə qərarları › İş №3(006)-903/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-903/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-903/2025 26.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Şikayətçi: X2 iştirakları ilə Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 barəsində Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətlə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilir ki, X3 xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Mazda CX5” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon dairəsindən Hüseyn Seyidzadə küçəsində yerləşən “Tərlan” şadlıq sarayı istiqamətinə dönən zaman yol polisi əməkdaşı onu saxlayaraq bildirmişdir ki, guya o, svetoforun qadağanedici işarəsi verilərkən avtomobillə hərəkətinə davam etdirib. Bundan sonra onun barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib olunaraq xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Hesab edir bu qanunsuzdur və qeyd edilən protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə ki, o, yaşadığı evin həyətindən 4-cü mikrorayon dairəsinə çıxdıqdan sonra dairədə yerləşən svetoforun yaşıl işığının yandığını görmüş və onun avtomobilindən qabaq sola - Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi istiqamətinə (köhnə “Tərlan” şadlıq sarayı tərəfə) dönən xeyli avtomobil olduğundan avtomobili ilə svetoforun xəttini keçdikdən sonra yol ayrıcında qalmaq məcburiyyətində qalmışdır. Yol patrul xidməti avtomobili isə Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi “Yeganə” şadlıq sarayı tərəfindən gələn istiqamətdə üzü Mir Cəlal istiqamətinə dayanmışdır. Bu səbəbdən də yol patrul xidməti əməkdaşının apardığı çəkilişlərdə onun avtomobili də daxil olmaqla, həmin ərazidən keçən bütün avtomobillərin ancaq sağ tərəfinin görüntüləri düşmüşdür. Çəkiliş zamanı əksər avtomobillərin dövlət qeydiyyat nömrəsi, nə də ki, avtomobili idarə edənin simasının düşmədiyi aşkar edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Göründüyü kimi protokol 05 gündən sonra tərtib edilmiş, bu hal isə inzibati xəta tərkibinin olmadığını, protokolun isə formal olaraq tərtib olunduğunu bir başa sübut edir. Əlavə olaraq inzibati tənbeh vermə haqqında qərarda protokolun tarixi xx.xx.2024-cü il göstərilsə də, protokolun özündə tərtib edilmə tarixi xx.xx.2024-cü il göstərilmişdr. Bu tarixlərin də üst-üstə düşməməsi bir daha protokolun formal olaraq tərtib edildiyini göstərir. Qeyd olunanları nəzərə alaraq barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X3 şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq Bakı şəhər X6 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhər X6 İdarəsi tərəfindən tərtib edilmiş 06 dekabr 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X3 xx.xx.2024-cü il tarixdə, saat 19:07-də ünvan 1 ünvanda idarə etdiyi “Mazda CX5” markalı, **- UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; • Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2024-cü il tarixdə, saat 19:07-də ünvan 1 ünvanda idarə etdiyi “Mazda CX5” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi öz təsdiqini tapmadığından şikayət təmin edilməli, Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, hazırki inzibati xəta ilə bağlı Bakı şəhər X7 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə barədə qərar X2 iştirakı olmadan, heç bir araşdırma aparılmadan, barəsində icraat aparılan şəxsin təqsirliliyini sübut edən hər hansı bir sənəd və ya görüntü olmadan qəbul edilmişdir. Bununla da şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmayaraq Bakı şəhər X7 İdarəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Eyni zamanda ehtimal olunan inzibati xəta hadisəsi 01 dekabr 2024-cü il tarixdə baş versə də, inzibati xəta haqqında protokol 06 dekabr 2024-cü il tarixdə tərtib edilmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); • Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8-ci maddə); • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); • İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); • İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı (106.0-cı maddə); • İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Göründüyü kimi, qərarı qəbul etmiş qurum tərəfindən iş üzrə bütün faktiki hallar tam araşdırılmadan, şikayət vermiş şəxsin törətdiyi xətaya dair təqsirliliyinin mövcudluğu tam müəyyən olunmadan, bu şəxsin iş üzrə icraatın aparılmasında iştirakı təmin olunmadan və qəbul edilmiş qərarda heç bir sübut göstərilmədən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar