Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-904/2024 02.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X7 iştirakları ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.2 və 262.2.3-cü maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 262.2.2 və 262.2.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 19 fevral 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Nəsimi rayonu, Mirqasımov 4 ünvanında xx.xx.2024-cü il tarixdə d=150mm su borusu zədələnərək sudan israfçılıqla istifadə edilmiş, içməli su təyinaysız axıdılaraq böyük həcmdə su itkisinə yol verilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 262.2.2 və 262.2.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin nümayəndəsi X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən ünvan 2 ünvanda aparılan qazıntı işləri zamanı diametri 150 mm olan su borusu zədələnmiş, sudan israfçılıqla istifadə edilmiş, içməli su təyinatsız axıdılaraq böyük həcmdə su istifadəsinə yol verilmiş, palçıqlı su mərkəzi yola axmışdır, buna görə də yaxınlıqdakı binalarda su təchizatında fasilələr yaranmışdır. Vətəndaşların müraciəti əsasında həmin yerdə tərəfimizdən təmir bərpa işləri aparılmış, su axımının qarşısı alınmışdır. Bundan sonra yaxınlıqdakı binanın sakinləri həmin ərazi üzrə akt tərtib etmişlər. Tərəflərindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən həmin ərazidə icazə alınmadan qazıntı işləri aparılarkən həmin boru zədələnmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.2 və 262.2.3-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC-nin nümayəndəsi X8 izahatında bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı protokola əsasən guya «İNVEST MMC» tərəfindən Nəsimi rayonu, Mirqasımov 4 ünvanında xx.xx.2024-cü il tarixdə d=150 mm su borusu zədələnərək sudan israfçılıqla istifadə edilmiş, içməli su təyinatsız axıdılaraq böyük həcmdə su itkisinə yol verilmişdir. Nəticədə MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü, 262.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilən protokol həm həqiqəti əks etdirmir, həm də düzgün tərtib edilməmişdir. Belə ki, aktda MMC-nin adı və hüquqi ünvanı düz göstərilməmişdir. Daha sonra aktda göstərilmişdir ki, guya MMC izahat verməkdən imtina etdi. Əvvəla qeyd edən protokol tərtib edilməsindən xəbərləri olmayıb və MMC-nin heç bir işçisinə belə bir izahat verməsi təklif edilməyib. Belə bir təklif olsa idi, ən azından protokolu tərtib edən şəxs guya izahat verməkdən imtina edən MMC-nin işçinin adını və ya vəzifəsini göstərərdi. Göründüyü kimi, səlahiyyətli inzibati orqan qeyd edilən qanunvericiliyin tələbinə zidd olaraq hüquqi şəxsə məlumat vermədən inzibati xəta haqqında protokol tərtib etmiş, hərtərəfli, tam və obyektiv araşdırma aparmaq əvəzinə, inzibati araşdırmaya onu dəvət etməmiş, nəticədə hüquqi şəxsin sübutlarını təqdim etmək imkan olmamışdır. İş üzrə çəkişmə prinsipi gözlənilməmişdir. Bundan əlavə, protokolda xx.xx.2024-cü İİ tarixli akta, istehlakçılar tərəfindən tərtib edilmiş akta və video çəkilişlərə istinad edilmişdir. Su borusu xx.xx.2024-cü ildə zədələnsə də onu "xxxx" MMC-nin təşəbbüsü ilə 1 gün sonra təmir etmişdir. Çünki su borusu zədələnən kimi qaynar xəttə operativ məlumat verilsə də orada gələn əməkdaşlar onu dərhal təmir etməmiş, sonradan dəfələrlə qaynar xəttə məlumat verilərək əməkdaşların hadisə yerinə gələrək heç bir tədbir görməmələrindən şikayət verildikdən sonra xx.xx.2024-cü il tarixdə su borusundan suyun axıdılmasmm qarşısı alınmışdır. "xxxx"-nin MMC tərəfindən çağırışlara dərhal reaksiya verməyərək su borusundan suyun axmasının davam etməsinə dair video diski əvvəlki məhkəmə iclasında nümayəndəmiz təqdim etmişdir. Həmçinin protokolda su borusunun MMC tərəfindən hansı formada zədələnməsi qeyd edilməyib. Məhkəmə iclasında Azərsu ASC-nin nümayəndəsi MMC tərəfindən ora ekskavator gətirilərək qazma işləri apararkən borunu zədələdiklərini göstərmişdir. Halbuki, məhkəmə iclasında nümayəndənin qeyd etdiyi kimi, MMC tərəfindən ekskavator əraziyə gətirilərkən su borusunun haradan keçməsi onlara əvvəldən məlum deyildi və ekskavator əraziyə qazıntı, sökuntü və ya qazıntı işləri üçün deyil, Apellyasiya Məhkəməsinin MTT qərardadının icrası ilə bağlı mübahisə tərəfi ilə razılaşdırılmış işlərin görülməsi ilə əlaqədar gətirilmişdir. Belə ki, FNHnin xx.xx.2024-cü il tarixli qərarı ilə MMC-yə ərazidə hər hansı tikinti işləri görülməsi qadağan edilmişdir. Belə olan halda MMC ərazidə ekskavatorla tikinti ilə bağlı hansı qazıntı işləri görə bilərdi? Eskavatorla məhkəmənin MMT qərardadının icrası ilə bağlı mübahisə tərəfi ilə razılaşdırılmış işlərin görülməsi ilə əlaqədar müvafiq aktlar və digər sənədlər məhkəməyə elektron məhkəmə sistemi ilə təqdim edilmişdir. Sənədlərdən görünür ki, tələbkarın evinə gedən yolun çəkilməsi ilə bağlı müəyyən işlər görülmüşdür ki, bu da ağır texnikanın köməyi ilə baş vermişdir. Ekskavator su borusunu zədələyəndən sonra təzyiq nəticəsində su borusunun ətrafı dağılmış və video diskdə müşahidə olunan vəziyyət baş vermişdir. Protokola əsasən MMC tərəfindən sudan israfçılıqla istifadə edilmiş, içməli su təyinatsız axıdılaraq böyük həcmdə su itkisinə yol verilmişdir. Suyun təyinatsız axıdılaraq böyük həcmdə su itkisinə yol verilməsinin günahkarının "xxxx"-nin özü olmasına dair yuxarıda göstərmişlər və bir daha qeyd edir ki, MMC-nin su borusunu zədələməkdə qəsdi olmayıb, çünki su xəttinin haradan keçməsi barədə bizdə məlumat olmayıb və qadağa ilə əlaqədar heç bir qazıntı işi aparmamışlar, belə bir niyyətləri də olmayıb. İkincisi də MMC-nin sudan israfçılıqla istifadə etməsinin göstərilməsi absurddur. Çünki, biz sudan təyinatı üzrə istifadə etməmişlər ki, israfçılığa da yol versinlər. Qeyd etmək istəyir ki, "xxxx"-nin bu protokolu qərəzli xarakter daşıyır və son nəticədə onlara qarşı pul iddiası qaldırılması üçün hüquqi zəmin yaradılır. Belə ki, axıdılan su ilə bağlı protokola xx.xx.2024-cü il tarixli dəymiş zərər sənədi əlavə edilib ki, orada guya zərərin həcminin ƏDV ilə birlikdə 13852,61 manat olması qeyd edilib. Halbuki, bu zərərin necə və hansı meyarla hesablanması aydın deyil. Buna qədər isə ərazidə olan su quyularının və onların dəmir qapaqları ilə bağlı bizdən polisə şikayət etsələr də bizim təqsirimiz öz təsdiqini tapmamışdır. Bundan əlavə, protokola sakinlərin aktının da əlavə edilməsi MMCyə qarşı qərəzin olmasının bariz nümunəsidir. "xxxx" vaxtında su borusunu təmir etməklə sakinlərin su təhcizatını bərpa edə bilərdi. Lakin bunu etməyən "xxxx" öz səhlənkarlığı və məsuliyyətsizliyini ört-basdır etmək üçün ərazidə hələ də qəzalı vəziyyətdə yaşamaqda davam edən və onlarla məhkəmə çəkişmələri olan sakinlərə akta imza etdirməklə bu aktı da məhkəməyə təqdim etmişdir. Halbuki, həmin sakinlərdən hazırda mənzillərini MMC-yə söküntü ilə bağlı təhvil vermiş şəxslərin onlara verdiyi məlumata görə bu aktın tərtib edilməsi onların təşəbbüsü baş verməmişdir. Bu aktı onlara imzaladan şəxslər bu yolla MMC-yə onların istəyinin həyata keçirilməsi üçün təsir vasitəsi kimi istifadə oluna bilməsini izah etmişlər. Beləliklə də, X10 Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli MN-0750967 saylı protokol qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən "xxxx" MMCnin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.2 və 262.2.3-cü maddələrində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərlə müəyyən edildi: - "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüsal Musayev tərəfindən təsdiq edilmiş arayışdan görünür ki, ünvan 3 ünvanında olan şəbəkə üzrə dəymiş zərər cəmi 13852,61 manat təşkil edir; - Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 14 saylıı MKİS tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən ünvan 5 ünvanda aparılan qazıntı işləri zamanı su borusu zədələnmiş, palçıqlı su mərkəzi yola axmışdır, buna görə də yaxınlıqdakı binalara su təchizatında fasilələr yaranmışdır; - ünvan 3 ünvanında yaşayan bir qisim sakinlər tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 23:00-də "xxxx" MMC tərəfindən qazıntı işləri aparılarkən mövcud su xətti zədələnmiş və hazırda qeyd olunan ünvanda sakinlərin su təchizatı dayandırılmışdır; - "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Nəsimi rayonu, Mirqasımov küçəsi 4 ünvanına baxış keçirilən zaman tikinti şirkəıti tərəfindən qazıntı işləri zamanı Nəsimi rayon Sukanal İdarəsinin balansında olan d=150mm-lik polad su xəttinin qırılaraq istismara tam yararsız hala salındığı aşkar olunmuşdur. Hazırda su axıntısı mövcuddur. Saat 12:45-də qəza-bərpa xidməti tərəfindən su axıntısının qarşısı alınmışdır; - "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsi tərəfindən təqdim edilmiş 01 ədəd diskdə olan videogörüntülərdə Nəsimi rayonu, Mirqasımov küçəsi 4 ünvanında su borusunun zədələnməsi nəticəsində təzyiqli suyun ətrafa dağılması müşahidə edilir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16(103)-680/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16(006)-338/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qərardadının qismən ləğv edilməsi, “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X3” İctimai Birliyinin Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, ev 4, mənzil 41, 42, 42A, 43 və 44 ünvanında yerləşən ofisinin uçmaq təhlükəsinin qarşısını almaq məqsədilə kotlovan qazılmış hissəsinin xarici divarından 5,94 metr olmaqla həmin kotlovanın Şəxs MMC tərəfindən torpaqla doldurulub, bərkitmə işlərinin həyata keçirilməsi və bir daha ara məsafəsi daxilində söküntü və tikinti işlərinin aparılmasının Şəxs MMC-yə və onun podratçılarına qadağan edilməsi qərara alınmışdır; - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi tərəfindən qəbul edilmiş 31 yanvar 2024-cü il tarixli “Tikinti işlərinin dayandırılması barədə” 0042 nömrəli qərardan görünür ki, Nəsimi rayonu, M.Mirqasımov, X.Şuşinski, İ.Qasımov, M.B.Topçubaşov küçələrinin kəsişməsində Şəxs MMC tərəfindən tikinti işlərinin dayandırılması qərara alınmışdır; - "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş bir ədəd diskdə olan görüntülərdən görünür ki, "xxxx" MMC-nin nümayəndəsi tərəfindən hadisə baş verən zaman Azərsu ASC-nin qaynar xətti ilə əlaqə saxlanılmış, hadisə barədə məlumat verilmiş və qeyd olunan hal Azərsu ASC-nin operatoru tərəfindən qeydə alınmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 14-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası İXM-in 262.2.2-ci maddəsinə əsasən sudan özbaşına istifadə edilməsinə, yəni su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə görə; 262.2.3-cü maddəsinə əsasən isə içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Su Məcəlləsinin: 30-cu maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar və digər hüquqi şəxslər (bundan sonra — hüquqi şəxslər adlanacaq) Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər (bundan sonra — fiziki şəxslər adlanacaq) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada su obyektlərinin istifadəçisi ola bilərlər. Su obyektlərinin istifadəçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada suyu hüquqi və fiziki şəxslərin (istehlakçıların) istifadəsinə verə bilərlər. Sudan istifadənin qaydaları və şərtləri, tərəflərin qarşılıqlı hüquq və vəzifələri müqavilələr əsasında tənzimlənir. 40-cı maddəsinə əsasən su obyektləri istifadəyə icazə və sudan istifadə müqaviləsi əsasında verilir; 45-ci maddəsinə əsasən su obyektlərindən səmərəli istifadə etmək, suyun qənaətlə işlədilməsini və suların keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək; su obyektlərindən təyinatına görə istifadə etmək sudan istifadə edənlərin vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının: 1.2.2-ci bəndinə əsasən istehlakçı – su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və ya fiziki şəxsdir; 1.4-cü hissəsinə əsasən bu Qaydalara uyğun olaraq, hər bir istehlakçının su təchizatı və tullantı sularının axıdılması sistemlərindən (bundan sonra – STTSAS) istifadə etmək hüququ vardır; 4.1.1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün su təchizatı və kanalizasiya müəssisəsi ilə müqavilə bağlamaq istehlakçının vəzifəsidir. Beləliklə, məhkəmə tərəfindən tədqiq edilən sübutların məcmusu ilə müəyyən edilir ki, "xxxx" MMC tərəfindən 27 fevral 2024-cü il tarixində ünvan 8 ünvanına Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16(103)-680/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının icrası ilə bağlı ekskavator gətirilmiş, həmin ekskavator tərəfindən katlovanın torpaqla doldurulub, bərkitmə işlərinin həyata keçirilməsi zamanı su borusu zədələnmiş və nəticədə həmin su borusundan təzyiqli su əraziyə axıdılmışdır. Məhkəmə, "xxxx" MMC-nin yuxarıda göstərilən əməlin törədilməsində təqsirinin olmadığı qənaətinə gəlir. Belə ki, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarından aydın olur ki, inzibati xəta təqsirin iki forması ilə, yəni qəsd və ya ehtiyatsızlıqla əhatə olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) zərərli nəticələri olduğunu dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə və ya şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) zərərli nəticələri olduğunu dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə inizbati xəta qəsdlə törədilmiş hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, və ya şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıq nəticəsində törədilmiş inzibati xəta hesab olunur Məhkəmə, göstərilənləri hazırki işin hallarına tətbiq edir. Məhkəmə, həmçinin nəzərə alır ki, "xxxx" MMC sözügedən tarixdə, vaxtda və yerdə tikinti işləri aparmaq məqsədilə deyil, məhkəmə qərardadının icrası ilə bağlı görülməli olan işlərin yerinə yetirilməsi ilə əlaqədar həmin əməli törətmişdir. Belə olan təqdirdə "xxxx" MMC-nin öz əməlinin zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmək imkanı istisna edilir. Çünki, MMC-nin öz əməlinin zərərli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan qabaqcadan görmək üçün real imkana malik olduğu müəyyən edilməlidir. Belə real imkan isə o zaman mövcud olardı ki, borunun zədələnməsi MMC tərəfindən tikinti işlərinin aparıldığı və bu barədə öncədən müvafiq quruma məlumat vermək öhdəliyinin olduğu şəraitdə baş vermiş olsun. Bu səbəbdən "xxxx" MMC-nin Nəsimi rayonu, Mirqasımov 4 ünvanında xx.xx.2024-cü il tarixdə d=150mm su borusu zədələnərək içməli suyun təyinatsız axıdılaraq böyük həcmdə su itkisinə yol verilməsində təqsiri müəyyən edilmir. Bundan əlavə, məhkəmə qeyd edir ki, İXM-in 262.2.2-ci maddəsi su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə görə məsuliyyət müəyyən edir. Maddənin dispozisiyasından aydın olur ki, həmin inzibati xəta, su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən və bu məqsədlə həmin müəssisə ilə müqavilə bağlayan istehlakçı tərəfindən törədilə bilər. Buna görə də "xxxx" MMC sözügedən inzibati xətanın subyekti ola bilməz. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.2 və 262.2.3-cü maddələrinin tərkibi əlamətləri mövcud deyil. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-in 262.2.2 və 262.2.3-cü maddələrində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.2 və 262.2.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-904/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-904/2024
02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver