Məhkəmə qərarları › İş №3(006)-913/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-913/2022

10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-913/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 tərtib etdiyi 10 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bərdə Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2(021)-581/2021 nömrəli icra vərəqəsinə əsasən Şəxs 14.12.2020-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq X2 ödənilməlidir. Həmçinin, Nəsimi rayon Məhkəməsinin 28.12.2020-ci il tarixli, 2(006)-5676/2020 saylı icra vərəqəsinə əsasən Şəxs və X1 müştərək qaydada 198 manat əsas borc və 30 manat cərimə borcu, cəmi 228 manat və 20 manat dövlət rüsumu olmaqla ümumilikdə 248,4 manat məbləğində pul alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Lakin Şəxs bugünkü tarixədək icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, icra sənədi üzrə icraata başlanılmış və icraata başlamaq haqqında qərarın, bildirişin və icra sənədinin surəti ilə birlikdə icra edilməsi üçün borclu Şəxs göndərilmişdir. Şəxs borcunu ödəməyərək üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Şəxs barəsində axtarış da elan olunmuşdur. Borcun Şəxs əmək haqqından tutulması ilə əlaqədar müvafiq tədbir görülmüş, lakin iş yerindən artıq Şəxs orada çalışmadığı ilə bağlı arayış daxil olmuşdur. Həmçinin, Şəxs bir neçə dəfə izahatı alınması üçün icra şöbəsinə dəvət olunmuş, hər dəfə borcu ödəyəcəyinə dair vəd versə də ödəməmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, işləmədiyindən borcunu bugünədək ödəyə bilməmişdir. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Bərdə Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2(021)-581/2021 nömrəli icra vərəqəsindən görünür ki, 26.10.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs 14.12.2020-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq X2 ödənilməlidir. İcraata başlamaq haqqında 02.07.2021-ci il tarixli qərar və eyni tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bərdə Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2(021)-581/2021 nömrəli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.12.2020-ci il tarixli, 2(006)-5676/2020 saylı icra vərəqəsindən görünür ki, Şəxs və X1 müştərək qaydada 198 manat əsas borc və 30 manat cərimə borcu, cəmi 228 manat və 20 manat dövlət rüsumu olmaqla ümumilikdə 248,4 manat məbləğində pul alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında 05.04.2021-ci il tarixli qərar və eyni tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 28.12.2020-ci il tarixli, 2(006)-5676/2020 nömrəli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Borclunun axtarışı haqqında 07.02.2022-ci il tarixli qərarla Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmurunun şağırışlarına gəlməyərək, onun tərəfindən müəyyən olunmuş müddətdə Bərdə Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2(021)-581/2021 nömrəli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.12.2020-ci il tarixli, 2(006)-5676/2020 nömrəli icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğlərinin məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Göstərilənlər keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 10 mart 2022-ci il tarixdən saat 15:45-dən hesablansın. Qərarın icrası Nəsimi rayon İcra şöbəsinə, Nəsimi Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar