Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-915/2021 06.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi, qərarından şikayət verilmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, Bakı Nəqliyyat Agentliyinin 26 iyul 2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin 26 iyul 2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, istifadəsində olan “Honda” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma qaydasının pozulması göstərilməklə Bakı Nəqliyyat Agentliyi tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 26.07.2019-cu il tarixdə BNA ******* nömrəli elektron qərar çıxarılmışdır. Həmin qərar qanunsuz, əsassız və qeyri-obyektiv olduğundan ləğv edilməlidir. Əvvəla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dayanma və ya durma qaydasının pozulması hallarının sənədləşdirilməsi mexanizmi aydın təsbit olunmuşdur. Həmin Məcəllənin 124-cü maddəsinin tələbinə əsasən bu növ qayda pozuntuları bilavasitə səlahiyyətli vəzifəli şəxs tərəfindən yerindəcə operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə xəta tötətmiş şəxsin iştirakı ilə sənədləşdirilməlidir. Həmin Məcəllənin 124.6-cı maddəsinin tələbinə əsasən bu növ inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompiiter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilməlidir. Bakı Nəqliyyat Agentliyi tərəfindən sənədləşmə aparılan bütün hallarda o, sükan arxasında olmuş və Agentliyin hər hansı bir əməkdaşı ona yaxınlaşmamış və ya onun tərəfindən ona xəta törətməsi belə bildirilməmişdir. Lakin BNA tərəfindən barəsində çıxarılmış BNA ******* nömrəli elektron qərar üzrə foto görüntülərdən də göründüyü kimi həmin xətalar sonradan müşahidə kameralarına baxmaqla qanunazidd şəkildə xüsusi texniki vasitələrin görüntüləri əsasında sənədləşdirilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən elektron qərar real vaxt rejimində çıxarılmalıdır. Lakin çıxarılmış 26.07.2019-cu il tarixli BNA ******* nömrəli elektron qərar xəta törədilməsi qeyd olunan vaxtdan 18 saat sonra çıxarılmışdır (təsdiqləyici sənədlər əlavə olunur). Göstərilənlərə əsasən Bakı Nəqliyyat Agentliyi tərəfindən çıxarılmış 26.07.2019-cu il tarixli BNA ******* nömrəli elektron qərarı ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi T.M.İsmayılzadə şikayətlə razılaşmayaraq bildirmişdir ki, X.B.Sahibov “dayanma-durma” yol hərəkəti qaydasını pozduğu üçün Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh vermə haqqında qərarla 20 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan X.B.Sahibov 2 dəfə Səbail Rayon Məhkəməsinə şikayət vermiş, daha sonra inzibati xəta hadisəsinin Nəsimi rayonu ərazisində törədilməsi müəyyən olunduğundan şikayət aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qərarı ilə X.B.Sahibovun şikayəti təmin edilmiş, Bakı Nəqliyyat Agentliyinin 26 iyul 2019-cu il tarixli, BNA ******* saylı qərarı ləğv edilmiş, həmin qərardan BNA tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş və Nəsimi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. BNA tərəfindən əsaslı olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, X.B.Sahibovun “dayanma-durma” yol hərəkəti qaydasını pozması ilə bağlı foto-şəkillər iş materiallarına əlavə edilmişdir. Həmin foto-şəkillərdən də göründüyü kimi X.B.Sahibovun əməlində inzibati xəta hadisəsi mövcuddur. Buna görə də barəsində haqlı olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi X.B.Sahibova lazımi qaydada məlumat verilsə də, şikayətçi X.B.Sahibov məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçi X.B.Sahibovun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməməsinin 16 iyul 2021-ci il tarixli, 3(006)-915/2021 saylı bildirişindən görünür ki, şikayətçi X.B.Sahibovun yaşadığı ünvan 1 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (17 iyul 2021-ci il tarixli reyestrin 14 sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməməsinin 27 iyul 2021-ci il tarixli, 3(006)-915/2021 saylı bildirişindən görünür ki, şikayətçi X.B.Sahibovun yaşadığı ünvan 1 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (28 iyul 2021-ci il tarixli reyestrin 1 sıra nömrəsi ilə). Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 26 iyul 2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X.B.Sahibov 25 iyul 2019-cu il tarixdə, saat 18:03-də Nəsimi rayonu, Bülbül prospekti, “AF Mall” Ticarət Mərkəzinin yanında olarkən “dayanma-durma” yol hərəkəti qaydasını pozmuş və Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh vermə haqqında qərarla 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan BNA-nın portalından çıxarışından görünür ki, “Honda” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil Nəsimi rayonu, Bülbül prospekti, “AF Mall” Ticarət Mərkəzinin yanında saxlanılmışdır. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qərarından görünür ki, X.B.Sahibovun şikayəti təmin edilmiş və BNA-nın 26 iyul 2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, BNA tərəfindən apelyasiya qaydasında verilmiş şikayət qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qərarından görünür ki, X.B.Sahibovun şikayəti təmin edilməmiş və BNA-nın 26 iyul 2019cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərarından görünür ki, X.B.Sahibovun şikayəti təmin edilməmiş və BNA-nın 26 iyul 2019cu il tarixli, BNA ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Səbail Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli ləğv edilmiş və şikayət material birlikdə baxılması üçün aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qərarından görünür ki, şikayət təmin edilmiş, BNA-nın 26 iyul 2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qərarından görünür ki, BNA tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, X.B.Sahibovun BNA-nın inzibati tənbeh vermə haqqında 26 iyul 2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından verdiyi şikayətin təmin edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli ləğv edilmiş və şikayət material birlikdə baxılması üçün aidiyyəti üzrə həmin Məhkəməyə göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X.B.Sahibov 25 iyul 2019-cu il tarixdə Nəsimi rayonu, Bülbül prospekti, “AF Mall” Ticarət Mərkəzinin yanında avtomobilini saxlamış, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində göstərilən dayanma və ya durma qaydalarını pozaraq inzibati xəta hadisəsini törətmiş və bunun nəticəsində barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. Bununla da məhkəmə hesab edir ki, BNA tərəfindən haqlı olaraq 26 iyul 2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olaraq qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 124.5-ci maddəsinə əsasən bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 125.2.2-ci maddəsinə əsasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin 26 iyul 2019-cu il tarixli, BNA ******* saylı qərarı qanuni və əsaslı olduğundan X.B.Sahibovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı Nəqliyyat Agentliyinin 26 iyul 2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-915/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-915/2021
06.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver