Məhkəmə qərarları › İş №3(006)-916/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-916/2021

29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-916/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi “xxxx” MMC-nin direktoru X6 nümayəndəsi X1 qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin 01 iyun 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından “xxxx” MMC-nin direktoru X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin direktoru X7 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin 01 iyun 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi “xxxx” MMC-nin direktoru A.Ə.Əlizadə ərizəsini onunla əsaslandırmışdır ki, X5 Xidmətinin Bakı şəhər İdarəsi 10.04.2020-ci il tarixli **********11 saylı məktubla müraciət edərək (məktubun surəti əlavə olunur), “xxxx” MMC-nin Kürdəmir Filialının işçisi X2 əmək hüquqlarının pozulması barədə şikayətə baxılması ilə əlaqədar aidiyyatı sənədlərin təqdim olunması xahiş etmiş, 28.04.2020-ci il tarixli 01/352 saylı məktubla tələb olunan sənədlər təqdim olunmuş və əlavə olaraq bildirilmişdir ki, Kürdəmir Filialının işçisi X2 əmək hüquqlarının pozulduğu hesab etdiyi faktlar onunla araşdırılmış və ona ətraflı izahat verilmişdir. Şikayət etməkdə haqsız olan A.Hasilov 24.04.2020-ci və 18.05.2020-ci il tarixlərdə teleqramla 22.03.2020-ci il tarixdə Əmək və Əhalinin Müdafiə Nazirliyinə müraciət edərək “xxxx” MMC-nin rəhbərliyindən verdiyi şikayətinin təmin olunduğunu bildirmişdir. Bütün qeyd olunanlara baxmayaraq, onun İnzibati Xətalar Məcəlləsinin 192.4ci maddəsi ilə təqsirli bilinərək 1.400 manat cərimə olunması barədə 01.06.2020-ci il tarixli MN № ******* nömrəli qərar qəbul etmişdir.(dəfələrlə telefonla və rəsmi olaraq 20.07.2020ci il tarixli 01/770 saylı məktubla müraciət etsələrdə qərarın surəti təqdim olunmamışdır). X5 Xidmətinin Bakı şəhər İdarəsi “xxxx” MMC-ə inzibati xəta haqqında işə baxılmasının 01.06.2020-ci il saat 11-00 təyin olunması barədə bildiriş poçt vasitəsi ilə, 08.06.2020-ci il tarixdə təqdim edilmişdir. X5 Xidmətinin Bakı şəhər İdarəsi nəinki İXM-nin 117.2-ci maddəsinin tələblərini pozmuş hətta, dəfələrlə telefonla və rəsmi olaraq 20.07.2020-ci il tarixli 01/770 saylı məktubla müraciət etsələrdə qərarın surəti təqdim olunmamışdır. X5 Xidmətinin Bakı şəhər İdarəsi, təqdim olunmuş tabel cədvəlini, şikayətçi Ağalar Hasilovun iddiaçıdan şikayətçi olmaması barədə 24.04.2020-ci və 18.05.2020-ci il tarixli teleqram və ərizələri tam araşdırmamış nəticədə işin hallarına zidd 22.05.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Tərtib olunmuş, hüquqi əsası oımayan protokol əsasında İXM-nin 110-cu maddəsinin tələbləri pozulmaqla onun Əmək Məcəlləsinin 165- ci maddəsinin tələblərinin pozulması motivi ilə, İXM-nin 192.4-cü maddəsi ilə inzibati 24.04.2021-ci il tarixdə məsuliyyətə cəlb olunması barədə 01.06.2020ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. “xxxx” MMC tərəfindən təqdim olunan sənədlər əsasında vətəndaş X2 iş vaxtından artıq işlədiyini və ona mütənasib olaraq əlavə əmək haqqının ödənilməməsinin müəyyən edilməsi həqiqətə uyğun deyil və “xxxx” MMC-nin təqdim etdiyi sənədlərlə təkzib olunur. Qanunun tələbindən göründüyü kimi, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar qanun pozuntusu hesab olunmur. X5 Xidmətinin Bakı şəhər İdarəsi, Ağalar Hasilovun əmək haqqının düzgün hesablanmaması barədə şikayətini araşdırarkən onun çoxnövbəli iş rejimində işləməsini Əmək Məcəlləsinin 165-ci maddəsinin tələblərini (iş vaxtından əlavə işə cəlb olunma ancaq işəgötürənin əmr əsasında ola bilər) nəzərə almadan qanuna zidd qərar vermişdir. Qeyd olunanlardan məlum olur ki, “xxxx” MMC-nin baş direktoru A.Ə.Əlizadə tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmamış və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tərkibi yoxdur. Ona görə X5 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati məsuliyyətə cəlb olunması barədə 01.06.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi E.İ.Səfərəliyev şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi E.S.Nəzərov şikayətlə razılaşmayaraq bildirmişdir ki, vətəndaş A.A.Hasilovun 23 mart 2020-ci il tarixli müraciəti əsasında sonuncunun işlədiyi “xxxx” MMC-yə müraciət edilmiş, MMC-yə barəsində olan ərizənin araşdıralacağı barədə məlumat verilmiş və MMC-dən müvafiq sənədlərin X5 Xidmətinə təqdim edilməsi xahiş edilmişdir. MMC tərəfindən zəruri sənədlər poçt vasitəsilə X5 Xidmətinə göndərilmişdir. Belə ki, sənədlərin içərisində iş vaxtının uçotunun hesablanması, Nazirlər Kabinetinin qərarı və hər bir işçinin gündəlik 144 saat iş saatı ilə bağlı sənədlər olmuşdur. Lakin həmin sənədlər tədqiq edilərkən müəyyən edilmişdir ki, vətəndaş A.A.Hasilov 155 saat işləmiş və həmin saatların əmək haqqısı vətəndaşa ödənilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı ödənilməlidir. Həmçinin o, bildirmişdir ki, vətəndaş sonradan X5 Xidmətinə yazdığı şikayət ərizəsini geri götürsə belə, inzibati xəta olduğundan ərizənin geri götürülməsi inzibati icraatın dayandırılması üçün əsas deyil. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin 01 iyun 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara məcmu halında qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 22 may 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş A.A.Hasilovun müraciətinə baxılarkən onun iş vaxtından artıq işlədiyi və ona mütənasib olaraq əlavə əmək haqqı ödənilmədiyi müəyyən edilmiş, bununla da, “xxxx” MMC-nin direktoru Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin 01 iyun-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “xxxx” MMC-nin direktoru A.Ə.Əlizadə Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1.400 (bir min dörd yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan müraciət vərəqəsindən görünür ki, vətəndaş A.A.Hasilov 22 mart 2020-ci il tarixdə X5 Xidmətinə müraciət edərək bildirmişdir ki, o, “xxxx” MMC-də mühafizə xidmətində çalışmış, orada iş saatlarından artıq işə cəlb olunmuş, əmək haqqısı vaxtlı-vaxtında ödənilməmişdir və bu haldan şikayətçidir. İş materiallarında olan 10 aprel 2020-ci il tarixli bildirişdən görünür ki, “xxxx” MMC-nin yerləşdiyi ünvan 1 ünvanına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən A.A.Hasilovun “xxxx” MMCnin rəhbərliyi tərəfindən əmək hüquqlarının pozulması barədə müraciətimə bağılacağı barədə məlumat göndərilmişdir. İş materiallarında olan 22 may 2020-ci il tarixli bildirişdən görünür ki, “xxxx” MMC-nin yerləşdiyi ünvan 1 ünvanına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən 01 iyun 2020-ci il tarixdə, saat 11:00-da inzibati xəta haqqında işə baxılması barədə məlumat göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, “xxxx” MMC-nin direktoru A.Ə.Əlizadənin barəsində MMC-də mühafizə xidmətində çalışan A.A.Hasilovun iş vaxtından artıq işlədiyinə və ona mütənasib olaraq əlavə əmək haqqı ödənilmədiyinə müəyyən edilmiş, buna görə də, A.Ə.Əlizadə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin 01 iyun-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1.400 (bir min dörd yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 192.4-ci maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “xxxx” MMC-nin direktoru A.Ə.Əlizadə öz vəsifəsini lazımınca icra etməmiş, A.A.Hasilovun iş vaxtından artıq işlədiyinə və ona mütənasib olaraq əlavə əmək haqqı ödənilməməsinə yol vermiş və bu səbəbdən də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbinin pozulmasına dair Qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin 01 iyun 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan “xxxx” MMC-nin direktoru A.Ə.Əlizadənin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC-nin direktoru X6 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin 01 iyun 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar