Məhkəmə qərarları › İş №3(006)-918/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-918/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-918/2025 05.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında protokolu Bakı şəhəri Reklam İdarəsinin tərtib etmiş qurum: nümayəndəsi X2 oğlunun iştirakları ilə “Gülüstan Residence“MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 191, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: “Gülüstan Residence” MMC-yə məxsus ünvan 3ndə yerləşən ayrıca dayaqlı reklam daşıyıcısının üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmiş və bu fakt xx.xx.2025-ci il tarixdə, saat 14:05 radələrində Bakı şəhər Reklam İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X1 izahatında bildirdi ki, idarənin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilmiş tədbirlər zamanı “Gülüstan Residence“ MMC-yə məxsus ünvan 3ndə yerləşən ayrıca dayaqlı reklam daşıyıcısının üzərində “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. Daha sonra həmin Qanunun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3cü bəndinə müvafiq olaraq “Gülüstan Residence“MMC-dən aktda qeyd olunan pozuntuların aradan qaldırılması, 05 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı Şəhəri Reklam İdarəsinə müraciət olunması və ya icazəsiz reklam yayımını dayandırılması tələb edilmiş, əks təqdirdə 01 iş günü ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmiş və bununla bağlı məktub xx.xx.2025-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Lakin göstərilən müddət ərzində buna əməl edilməmiş və idarənin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 14:05 radələrində təkrar bu obyektə baxış zamanı icazəsiz reklam yayımının dayandırılmadığı müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan hüquqi şəxs “Gülüstan Residence“ MMC-yə bildiriş göndərilsə də, qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • xx.xx.2025-ci il tarixli Akta və ona əlavə edilmiş şəkillərə əsasən həmin günü, saat 16:00-da “Gülüstan Residence“ MMC-yə məxsus ünvan 3ndə yerləşən ayrıca dayaqlı reklam daşıyıcısının üzərində müvafiq icazə olmadan 01 ədəd 6,8 m2 ölçüdə reklam aşkar edilmişdir; • Bakı şəhər Reklam İdarəsinin “Gülüstan Residence“ MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli göstərişdə “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2017ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3-cü bəndinə müvafiq olaraq aktda qeyd olunan pozuntuların aradan qaldırılması, 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı Şəhəri Reklam İdarəsinə müraciət olunması və ya icazəsiz reklam yayımını dayandırılması tələb edilmiş, əks təqdirdə, 1 iş günü ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmişdir; • “Famko kuriyer ve karqo” xidməti tərəfindən təqdim edilmiş 472565 saylı qaiməyə görə bu məktub xx.xx.2025-ci il tarixdə ünvan 3ndə yerləşən “Gülüstan Residence“MMC-də “Musayev”ə imza etdirilməklə çatdırılmışdır; • xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərə əsasən həmin günü, saat 14:05-da ünvan 3 ünvanda yerləşən ayrıca dayaqlı reklam daşıyıcısının üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, “Gülüstan Residence“ MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Həmin Qanunun 26.8-ci maddəsinə görə birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Göründüyü kimi, reklam haqqında qanunvericiliyin qeyd edilən normasına görə birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam hesab edilmir. İş materiallarında əlavə edilmiş fotoşəkillərdə isə küçədə ayrıca dayaqlı reklam daşıyıcısının olduğu aydın şəkildə müşahidə edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”na görə: • Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər“ Dövlət Tarix-Memarlıq və “Qala“ Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər“ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisində isə Dənizkənarı Bulvar İdarəsi tərəfindən (bundan sonra – müvafiq qurum) həyata keçirilir (1.2-ci bənd); • Müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə (3.5-ci bənd): • reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə (Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi) uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır) (3.5.1-ci bənd); • bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür (3.5.2-ci bənd). • Müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir (3.7-ci bənd). İşdən aydın olur ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsi tərəfindən açıq məkanda icazəsiz reklam yayımı halı müəyyən edildiyi üçün yuxarıda qeyd olunan Qaydaların tələblərinə riayət edilərək reklam yayıcısı olan “Gülüstan Residence“ MMC-yə pozuntunun aradan qaldırılması üçün icrası məcburi olan göstəriş vermiş və bununla bağlı vaxt müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti,“xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “Gülüstan Residence“MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə “Gülüstan Residence“ MMC-nin törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: “Gülüstan Residence“ MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 5.000 (beş min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar