Məhkəmə qərarları › İş №3(006)-923/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-923/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-923/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında protokolu 20-ci polis şöbəsinin sahə rəisi tərtib etmiş şəxs: X1 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1991-ci il tarixdə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx1), subay, Ağsu rayonu, Pirhəsənli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 28 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsində yerləşən “Yaşıl ada” restoranında nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin sahə rəisi X5 izahatında göstərdi ki, adı sonradan məlum olan Şəxs 28 fevral 2024-cü il tarixdə “Yaşıl ada” restoranında yeyibiçdikdən sonra hesabı ödəməyib çıxıb getmək istəyərkən restoranın müdiriyyəti ilə mübahisə yaranmış, bununla əlaqədar “102” məlumat mərkəzinə zəng daxil olmuşdur. Hadisə yerinə X9 Alayının əməkdaşları getmiş, orada Şəxs nalayiq ifadələr işlətdiyini görüb onu sakitləşdirmək istəmiş, daha sonra bu şəxsi polis şöbəsinə gətirmişlər. Şöbədə olarkən Şəxs növbətçi hissənin iş rejimini pozmuş, üzərində şəxsiyyət vəsiqəsi olmadığına görə özünün təqdim olunması tələb edilsə də, buna əməl etməyərək polis əməkdaşlarının ünvanına nalayiq sözlər işlətmiş və bütün bunlar videoya çəkilmişdir. Daha sonra onun şəxsiyyəti müəyyən edilmişdir. Həmçinin, onun sərxoş olub-olmadığını müəyyən etmək üçün tibbi müayinə aparılarkən müqavimət göstərmişdir. Eyni zamanda onu da qeyd edir ki, Şəxs əvvələr də dəfələrlə həmin restoranda belə hallara yol vermiş və onun barəsində xırda xuliqanlıqla bağlı bir neçə inzibati tənbeh vermə haqqında qərarlar qəbul olunaraq cərimə edilmiş, lakin o heç bir cəriməni ödəməmişdir. Şəxs məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, “Yaşıl ada” restoranında dostları ilə birlikdə yeyib içdikdən sonra ümumi hesab 157 manat olduğundan restoranın administratoru ilə aralarında mübahisə yaranmışdır. Həmin şəxs də polisə məlumat verdikdən sonra restorana gələn polis əməkdaşları onu şöbəyə aparmışlar. O, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməmiş, polis şöbəsinin iş rejimini pozmamışdır. Məhkəmədə X9 Alayının patrul bölüyü polis nəfəri X6 şahid qismində izahatında bildirdi ki, 28 fevral 2024-cü il tarixdə daxil olmuş məlumat əsasında o, iş yoldaşları ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsində yerləşən “Yaşıl ada” restoranına getmişlər. Orada bir nəfər şəxsin özünü polis əməkdaşı kimi təqdim edərək restoran sahibi ilə mübahisə edib söyüş söydüyünü görmüş və məlum olmuşdur ki, həmin şəxs restoranda yeyib-içdikdən sonra hesabı verməkdən imtina edir. Onlar bu şəxsə yaxınlaşaraq gecə saat 04 radələrinin olduğunu deyib ondan ictimai asayişi pozmamağı xahiş etsələr də, sonuncu buna əhəmiyyət verməmiş, yüksək səslə nalayiq ifadələr işlədərək qışqırmağa davam etmiş və qardaşının polis rəisi olduğunu, onlardan şikayət edəcəyini bildirərək özünə xəsarət yetirib bunun onların törətdiyini bildirmişdir. Bundan sonra o, 20-ci polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 şahid X2 izahatına uyğun izahat verdi. İş materiallarına əlavə edilmiş: • kompakt diskdəki görüntülərdən aydın olur ki, Şəxs polis şöbəsində olan zaman polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədir, ondan özünü təqdim etməsi xahiş edilərkən o, şöbənin iş rejimini pozmağa davam edir; • 28 fevral 2024-cü il tarixli, ******* saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokoluna əsasən Şəxs müayinə vaxtı orta dərəcəli sərxoş olmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. Eyni zamanda onun tərəfindən inzibati xətanı sərxoş halda törədilməsi İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə görə məsuliyyəti ağırlaşdıran hal hesab olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati həbs tətbiq edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 28 fevral 2024-cü il tarixdə, saat 05:45-dən tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 28 fevral 2024-cü il tarixdə, saat 05:45-dən hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar