Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-927/2022 06.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Qərardan şikayət vermiş şəxs: X2 nümayəndəsi Vəkil iştirakları ilə X2 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi tərəfindən qəbul edilmiş 05.03.2022-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, şikayət ərizəsinə əsasən 05.03.2022-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin sahə inspektoru tərəfindən X6 barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol və həmin protokol əsasında inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmiş, K.Əzizov 50 manat cərimə olunmuşdur. O, Nəsimi rayonu, X8 küçəsi, 1A saylı ünvanda yerləşən “Kəpəz” hospitalında həkim-endokrinoloq kimi fəaliyyət göstərir. 14.01.2022-ci il tarixdə hospitalda öz pasiyentlərini növbə ilə qəbul edirdi. Əllərini yumaq üçün dəhlizə çıxmış, otağa qayıdanda növbədə gözləyən, təqribən 60 yaşlarında olan kişi ona gözləməklə bağlı irad bildirmiş, o da bu şəxsə hər kəsi qapının üzərində olan növbə siyahısı ilə qəbul edəcəyini söyləmişdir. Bundan sonra həmin şəxsin yanında əyləşən, əvvələr tanımadığı 35 yaşında olan bir şəxs əyağa qalxaraq onu təhqir etməyə başlamış, o isə bir həkim kimi səbr nümayiş etdirərək onu tam mədəni şəkildə sakitləşməyə, səbrli olmağa və kəskin ifadələr işlətməməyə dəvət etmişdir. Buna baxmayaraq həmin şəxs onun mədəni, təmkinli və səbrli rəftarına rəğmən daha da aqresivləşməyə başlamış, onun və ailə üzvlərimin ünvanına olduqca ağır və təhqiramiz ifadələr səsləndirib üzərinə hücum edərək onu döyüb öldürəcəyini və klinikanı dağıdacağı ilə hədələmişdir. Ətrafda olan şəxslərin səyi nəticəsində çətinliklə olsa da, onu uzaqlaşdırmaq mümkün olmuşdur. Lakin istər pasiyentlər, istərsə də işçilər arasındsa qorxu və həyəcan yaranmış, bu şəxsin hərəkətlərinə görə klinikanın fəaliyyətində ciddi ləngimələr baş vermişdir. Bu hadisədən sonra davamlı olaraq sosial şəbəkələrdəki səhifələrinə onu, yetkinlik yaşına çatmayan qızını və həyat yoldaşını öldürməklə, zorlamaqla bağlı hədələr daxil olmağa başlamışdır. 18.02.22-ci il tarixdə onun və ailə üzvlərini öldürülməsi ilə bağlı şəxsi internet hesablarına daxil olan hədələri konkret kim tərəfindən edildiyini müəyyən etmək məqsədi ilə ibtidai araşdırma aparan orqana yazılı vəsatətlə müraciət etsə də, həmin vəsatət cavabsız qalmışdır. Bütün yuxarda qeyd etdiklərinə baxmayaraq, ibtidai istintaq orqanı baş vermiş hadisədə inzibati məsuliyyət yaradan xırda xuliqanlıq kimi tövsif etmişdir. Göstərdiyi şəxsə münasibətdə tətbiq olunmuş inzibati tənbeh 50 manat cərimə törədilən əmələ adekvat tənbeh tədbiri deyildir. Qeyd olunan hallar nəzərə alınaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarın dəyişdirilərək şəxsə münasibətdə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq olunması barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X2 nümayəndəsi Vəkil şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, barəsində şikayət edilən şəxs və qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 05.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən X6 05.03.2022-ci il tarixdə xırda xuliqanlıq etmişdir; - 05.03.2022-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarla X1 Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və şikayəti təqdim edilmiş materiallarla birgə nəzərdən keçirib hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi tərəfindən qəbul edilmiş 05.03.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Məhkəmədə müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi tərəfindən hazırki inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, zərər çəkmiş şəxsin dəlilləri üzrə tam araşdırma aparılmadan, işə baxılarkən müəyyən edilmiş hallar göstərilmədən işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi tərəfindən qəbul edilmiş 05.03.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-927/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-927/2022
06.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver