Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-933/2025 05.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş sənədlərə görə Şəxs xx.xx.2024-cü il tarixdə, saat 07:31 radələrində idarə etdiyi “Toyota Aqua” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ilə Şəmsi Bədəlbəyli küçəsi istiqamətində hərəkət edərkən işıqforun qırmızı işıqında avtomobili tormozlamış, işıqforun yaşıl işığı yanan kimi hərəkətə başlamış, bu zaman piyada keçidi ilə yolun sol tərəfindən sağ tərəfinə keçən X1 ehtiyatsızlıqdan vuraraq onun yüngül bədən xəsarəti almasına səbəb olmuş yol nəqliyyat hadisəsini törətmişdir. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Elşən İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 07:31 radələrində idarə etdiyi “Toyota Aqua” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ilə Şəmsi Bədəlbəyli küçəsi istiqamətində 20-30 km/saat sürətlə hərəkət edib işıqforun qırmızı işıqında avtomobili tormozlamış və işıqforun yaşıl işığı yanan kimi hərəkətə başlamışdır. Bu zaman qəfil qarşısına çıxan piyada qadını vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində onun heç bir təqsiri yoxdur. Çünki piyada onun görünüş dairəsində olmamış, digər avtomobilin qarşısından gözlənilmədən çıxmışdır. Həmin yerdə video kameralar quraşdırıldığı üçün o, təhqiqatçıdan görüntüləri əldə edib onunla birlikdə baxılmasını tələb etmiş, lakin təhqiqatçı bundan imtina etmişdir. Barəsində tərtib olunmuş protokolla razı deyil. Bu faktın araşdırılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi və zərər çəkmiş şəxs gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını, habelə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə bütün hallar ətraflı araşdırılmamış, hadisənin baş vermə anı və şəraiti yetərincə tədqiq olunmamış, hadisə yerinin sxemi tərəflərin iştirakı ilə tərtib edilməmiş, cinayət işinin başlanılması rədd olunması qərarda baş vermiş yol nəqliyyat hadisəsinin görüntüləri əldə edilib onlara baxış keçirilməmişdir. Belə olan halda inzibati xəta haqqında protokola baxılarkən işi tamamlamaq mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Bu Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-933/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-933/2025
05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver