Məhkəmə qərarları › İş №3(006)-939/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-939/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-939/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:20 radələrində idarə etdiyi “KİA CEED MİNİK” markalı **- HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.1969-cu il təvəllüdlü piyada X2 yüngül dərəcəli bədən xəsarətinin yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla əlaqədar Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olduğunu bildirərərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: İş materiallarında olan raporta əsasən, X5, tərəfindən Əcəmi m/s Mcdonaldsın yaxınlığında həyat yoldaşı X1 yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması barədə məlumat daxil olmuşdur Araşdırma zamanı izahatı alınmış Şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 12:20 radələrində etibarnamə ilə ayıq vəziyyətdə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan KİA CEED markalı **-HY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Nəsimi rayonu, Cavadxan küçəsində 3-cü MKR dairəsi istiqamətində hərəkət edib, avtomobili 2-ci hərəkət zolağında saxlamış, avtomobili 2-ci hərəkət zolağından kənara çıxartmaq üçün arxaya hərəkət etdirən zaman idarə etdiyi KİA CEED markalı **-HY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin arxa tərəfi ilə tanımadığı qadını vurmuş, dərhal avtomobili tormuzlayıb, avtomobildən düşmüş və sonradan adını Zülfiyyə kimi tanıdığı qadına yaxınlaşıb yardım təklif etmişdir. Lakin Zülfiyyə adlı qadın yardımından imtina etmiş və hadisə yerini tərk etmişdir. O da bundan sonra avtomobilinə əyləşib hadisə yerindən uzaqlaşmışdır. Hadisə onun avtomobili arxaya hərəkət etdirən zaman ehtiyatsızlıqdan baş vermişdir. Araşdırma zamanı izahatı alınmış zərər çəkmiş şəxs X3 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 12:15 radələrində Nəsimi rayonu, Cavadxan küçəsində yolun sağ kənarında Mcdonalds tərəfdə dayanıb dayanacağda avtobus gözləyən zaman qəflətən onun sağ tərəfində dayanmış markası və dövlət qeydiyyat nişanını xatırlamadığı qırmızı rəngli avtomobilin sürücüsü avtomobili arxa-arxaya verən zaman onun sağ tərəfindən vurmuş, bundan sonra o sol tərəfi üstə yerə yıxılmış, sürücü avtomobildən düşüb ona yaxınlaşmış, üzr istəmişdir. O isə sürücüyə xəsarət aldığını bildirmiş, bundan sonra həmin sürücü avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 xx.xx.2025-ci il tarixli, 16 nömrəli rəyindən görünür ki, 1969-cu il təvəllüdlü X1 bədənində aşkar edilmiş xəsarət – sol milbilək oynağında qançır-şişkinliyi, sol diz oynağı nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. X1 bədən səthində aşkar edilmiş xəsarətin lokalizasiyasını və xarakterini nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ-si vasitəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işin hallarını araşdırıb və tərəfin çıxışını dinləyib belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi isə iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən o, Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarında olan sənədlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, həmçinin belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55, 105, 114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar