Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-974/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Qərardan şikayət vermiş şəxs: X2 iştirakları ilə X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, 12 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, AK.H.Əliyev və S.Vurğun küçəsinin kəsişməsində idarə etdiyi «RAVON NEXİA R3 MİNİK» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili anidən saxlamış və dərhal sonra hərəkətə davam etmişdir. Onun barəsində xx.xx.2020-ci il tarixdə Bakı Nəqliyyat Agentliyi tərəfindən BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Qərara əsasən o, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 manat cərimə edilmişdir. Bu qərar tamamilə qeyriqanuni və əsassızdır, qərar qanunvericiliyin tələblərinin pozulması şəraitində qəbul edilmişdir. Qeyd olunmalıdır ki, onun dayanma və durma qaydalarını pozma tarixi xx.xx.2020-ci il tarix göstərilir, lakin heç bir protokol tərtib edilmədən 2 ay sonra qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə görə işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Göründüyü kimi qanunun normaları pozulmaqla heç bir araşdırma aparmadan 2 ay sonra birbaşa qərar qəbul edilmişdir. Qeyd edir ki, inzibati xətanın qeydə alınması “Hikvision” vasitəsilə alınması göstərilmişdir. X5 Məcəlləsinin 124.4-cü maddəsinə uyğun olaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir. Onun tərəfindən yol hərəkəti qaydaları pozulmasına yol verilməmişdir. Çünki, həmin ərazidə dayanma və durmanı qadağan edən işarələr yoxdur. Bu hallar qətiyyən araşdırılmayaraq qərar çıxarılmışdır. Onun əməlində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin tərkibi yaranmadığı halda inzibati məsuliyyətə cəlb edilmişdir. Göstərilənləri nəzərə Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş edir. Məhkəmə iclasında X4 şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X4 xx.xx.2020-ci il tarixdə, saat 16:40 radələrində «RAVON NEXİA R3 MİNİK» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, AK.H.Əliyev və S.Vurğun küçəsinin kəsişməsində dayanma və ya durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir; Məhkəmə şikayəti və təqdim edilmiş materialları nəzərdən keçirib hesab edir ki, qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati tənbeh vermə haqqında qərara əsasən “Hikvision” markalı, DS- 2DF8236İX-AELW(BNA) modelli planşetin (bort kompyuterin) qeydə aldığı fotoşəkilə görə Nəsimi rayonu, AK.H.Əliyev və S.Vurğun küçəsinin kəsişməsində xx.xx.2020-ci il tarixdə, saat 16:40:18-də dayanma-durma qaydalarını pozduğuna görə «RAVON NEXİA R3 MİNİK» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri”ni tənzimləyən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16-cı fəslində həmin işlərə baxılmasını biri-birindən fərqləndirən aşağıdakı 2 qaydası müəyyən edilmişdir: Bunlardan birincisi 122-ci maddədə nəzərdə tutulan inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası; ikincisi isə 124-cü maddədə nəzərdə tutulan inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydasıdır. Törədilərkən elektron sənəd şəklində qərar qəbul edilməsi mümkün olan inzibati xətalara dair maddələri müəyyən edən, yəni inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydasından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar (xx.xx.2023-cü il tarixdən qüvvəyə minən Azərbaycan Respublikasının xx.xx.2022ci il tarixli 694-VİQD nömrəli Qanunu ilə bu maddədə “346.3” rəqəmləri “346” rəqəmləri ilə əvəz edilmişdir) foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydasından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Göründüyü kimi X4 tərəfindən törədilməsi ehtimal edilən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə əhatə olunan əməl foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə (kameranın) aşkar edilmişdir. Lakin, həmin zaman qüvvədə olan qanuna görə İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində bu Məcəllənin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəzərdə tutulmamış, belə bir icraatın aparılma qaydası müəyyən edilməmişdir. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə qəbul edilmiş qərar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Yəni, inzibati xəta bilavasitə aşkar edilməmiş, qərar qəbul etmiş və ya protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi onun törədildiyi yerdə olmaqla onu yerində aşkar etməmişdir. Belə olan halda, X4 əməlində törədilməsi ehtimal edilən inzibati xəta üzrə icraat inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən onun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə görə: • İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur (8-ci maddə); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir (53.2-ci maddə); • Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır (135.1.5-1-ci maddə); • İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir (134.1.3-cü maddə). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-974/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-974/2023
16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver