Məhkəmə qərarları › İş №3(006)-979/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-979/2023

03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-979/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X8, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət sektorunun məsləhətçisi X1 iştirakları ilə, Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2ci maddəsinə əsasən Şəxs (VÖEN **********) barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixdə tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 18 ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə (VÖEN **********) məxsus kimyəvi təmizləmə müəssisəsində xx.xx.2023-cü il tarixdə keçirilən monitorinq zamanı həmin müəssisədə fəaliyyət ilə əlaqədar ətraf mühitə atılan səs-küy çirklənməsi normalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X8 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsi monitorinq aparmaq üçün “Azərbaycan respublikası prezidentinin sahibkarlıq fəaliyyətinə süni əngəllərin qarşısını almaq üçün əsassız yoxlamaların dayandırılması haqqında” fərmanına əməl etmədən Ədliyyə nazirliyindən müvafiq icazə alınmadan monitorinq aparmışdır və bu səbəbdən də həmin yoxlamanın nəticəsi qeyri qanuni hesab edilməlidir. Monitorinq aparılarkən “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 8 İyul 2008-ci il tarixli, 796 saylı Fərmanında göstərilən qaydalar pozulmuş və ölçmə prosesi bilərəkdən və istəyərəkdən doğru aparılmamışdır. Belə ki, Azadlıq prospekti 18-də yerləşən müəssisə Fərmanın ayrılmaz tərkib hissəsi olan Cədvəl 1, 13-cü sırada qeyd olunan parametrlərə uyğundur və maksimal hədd 70dba göstərilmişdir. (Yaşayış, poliklinika və ambulatoriya binalarına, dispanserlərə, istirahət evlərinə, pansionatlara, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinə, kitabxanalara bilavasitə bitişik ərazilər). Azadlıq prospekti 18 şəhərin mərkəzidir, Azərbaycan Dövlət Neft Sənaye Akademiyası ilə üzbəüz yerləşir və monitorinqin nəticəsi də 67-68dba qeydə alınmışdır. Ölçmə zamanı həmin Fərmanın eyni cədvəlinin 3-cü qeydində göstərilmiş olan ətraf səs küyün minus 5 olaraq qeyd olunmasını bilərək və istəyərək sahibkarın qanundan xəbərdar olmamasını düşünərək, vəzifəsindən sui-istifadə edərək qeydə alınmamasını da monitorinqin həm səf parametrlər ilə həm də tam olmadan keçirilməsini sübüt edir və nəticə etibarı ilə LA 67-68dba norma daxilində olduğu (LA halbuki 62-63dba) nəzərə alınmalıdır. Həmin Fərmanın 2.1-ci maddəsinə əsasən ölçüm aparılmamış, 63,125,250,500,1000,2000,4000,8000 Hs oktava zolaqlarında səs təzyiqi ölçülməmiş və sadəcə olaraq təxmini qiymətləndirmə metodu ilə ölçülmüşdür. Monitorinq aparan dövlət qulluqçularının da bildirdiyi kimi “PCE-322” təxmini ölçmə cihazı olduğunu və əsas tezliklərin dəqiq ölçmə özəlliyi olmadığını da nəzərə alsaq, təxmini ölçümlə cərimə edilmənin mümkün olmadığı əsas götürülməlidir. Eyni cədvəlin 16-cı qrafasında (Mikrorayonlar və yaşayış binaları qrupları, istirahət evləri, pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin istirahət meydançaları, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinin meydançaları) göstərilmişdir. Onların olduğu ərazi Azadlıq prospekti 18 ünvanıdır və Azərbaycan Dövlət Neft Sənaye Akademiyası ilə üzbəüzdür. Ölçüm götürülən inzibatı binaya bitişik ərazi 13-cü kateqoriyaya aiddir və maksimal hədd 70dba-ə düşür. Monitorinqin aparılmasından sonra etdikləri şikayət əsasında təkrar yoxlama aparılmış və bütün göstəricilər norma daxilində olmuşdur və Ekologiyanın təkrar aktında göstərilmişdir. Göstərdiklərinin nəzərə alınmasını və Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən 11 saylı Regional və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 izahatında bildirdi ki, “Qəsr” Mədəni İrsi və X4 İctimai Birliyinin sədri Fəxrəddin Gözəlov tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 18 ünvanında yerləşən binanın Dilarə Əliyeva küçəsi istiqamətində həmin binanın birinci mərtəbəsində fəaliyyət göstərən Şəxs kimyəvi təmizləmə obyektindən ətrafa yayılan səs-küy, kəskin iyqoxu və vibrasiyanın sakinləri narahat etməsi barədə müraciətilə əlaqədar “X5 Monitorinq İdarəsi” tərəfindən Şəxs MMC-nin rəhbəri X6 və 11 saylı RETSİ-nin müfəttişinin birgə iştirakı ilə monitorinq ölçmə işləri aparılmışdır. Şəxs kimyəvi təmizləmə obyektinin havalandırma qurğularının ətraf ərazilərində səs-küy səviyyəsinin ölçmə işləri sabit hava şəraitində 15:45-16:00 radələrində səyyar cihaz PCE-322A vasitəsilə aparılmış və ölçmə nəticəsi 67-68dba (norma 60 dba) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normadan çox müəyyən olunmuşdur. Səs-küy səviyyəsinin ölçmə işləri Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli 796 saylı fərmanına əsasən aparılmışdır. Monitorinq zamanı fotoşəkillər çəkilmiş və akta əlavə olunmuşdur. Həmin faktla bağlı Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İzahatının sonunda hüquqi şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə görə ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır (3.1-ci maddə); - Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir (2.1-ci maddə); - Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz (3.2-ci maddə) ; - Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5-7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir (2.2-ci maddə); - Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır (13.1-ci maddə); - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (13.2-ci maddə); - Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (13.3-cü maddə); - Yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır (14.1-ci maddə); - İnsanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aparılır (16.1.3-cü maddə); - Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır (16.11-ci maddə); - Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir (20.1-ci maddə). Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə əsasən: - Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər (1.4-cü bənd); - Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur (1.5-ci bənd); - Bu Əsasnamənin müddəaları cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir (1.5-1-ci bənd). Göründüyü kimi planlı (növbəli) və ya plansız (növbədən kənar) yoxlama vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirildiyindən iş materialalrına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Monitorinq İdarəsi tərəfindən tərtib edilmiş 18 yanvar 2023-cü il tarixli Monitorinq aktının hüquqi nəticəsi mövcud ola bilməz. Odur ki, məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Hətta təqsir sübut edilsə belə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun qaydada yoxlama həyata keçirilmədiyindən hüquqi şəxs inzibati xəta üzrə məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyinə görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar