Məhkəmə qərarları › İş №3(006)-986/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-986/2021

07.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-986/2021 07.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X1 iştirakları ilə xx xxxxxxx 1990-cı il tarixdə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus olan “Samsung A5” və “Nokia700” markalı telefonları oğurlayaraq xırda talama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət etmiş və müraciətində xx.xx.2021-ci il tarixdə günlük kirayə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava ünvanında yerləşən evdə özünə məxsus olan “Samsung A5” və “Nokia700” markalı telefonların oğurlandığını və oğurluğun onunla birlikdə həmin evdə kirayədə yaşayan Şəxs tərəfindən törədilməsini ehtimal etdiyini bildirmişdir. Hadisənin cinayət hadisəsi olmadığı müəyyən edildiyindən, cinayət işinin başlanması rədd edilmiş və vətəndaş Zərərçəkmiş şəxs məxsus əmlakı oğurlamış naməlum şəxsin gələcəkdə yeri müəyyən edildikdə Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə ilə qəbul edilmiş qərar icra olunması üçün bölmənin aidiyyəti əməkdaşına həvalə edilmişdir. Bundan sonra, həmin inzibati xətanı törətmiş Şəxs inzibati qaydada tutulmuş və barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava ünvanında kirayədə yaşayır. Həmin evdə onunla birgə yaşayan Zərərçəkmiş şəxs məxsus “Samsung A5” və “Nokia700” markalı telefonları oğurlamış və satmışdır. Əməlindən səmimi peşman olduğunu nəzərə alaraq ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, lakin dəymiş zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. Göstərilənlərə əsasən ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda vətəndaş Zərərçəkmiş şəxs məxsus əmlakı oğurlamış naməlum şəxsin gələcəkdə yeri müəyyən edildikdə Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə ilə qəbul edilmiş qərar icra olunması üçün bölmənin aidiyyəti əməkdaşına həvalə edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx xxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 15:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən isə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib onun barəsində 02 (iki) ay müddətinə inzibati həbs tətbiq edilsin. Həbs etmənin əvvəli xx xxxxx 2021-ci il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar