Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-993/2021 07.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin yol patrul xidməti inspektoru X2 tərəfindən Şəxs barəsində İXM-in 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun olmadığından protokol və digər sənədlər geri qaytarılmalıdır. Belə ki, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, “Toyota Corolla” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Lakin, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer göstərilməmişdir. Həmçinin hadisə yerinin görüntülərini əks etdirən video diskə işin baxılmağa hazırlanması zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs tərəfindən İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olan hərəkətlər xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş və Bakı şəhərinin müxtəlif rayonlarında törədilmişdir. İnzibati xəta haqqında protokolda isə xətanı aşkar edən xüsusi texniki vasitə, onun göstəriciləri qeyd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərərçəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir; İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Göründüyü kimi, inzibati xətanın törədilməsi yerinin müəyyən edilməməsi həmin xətanın Nəsimi rayon ərazisində baş verməsini şübhə altına almaqla hazırki işin aidiyyətini müəyyən etməyi mümkünsüz edir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolda olan natamamlığın işə baxılması zamanı aradan qaldırılması mümkün olmadığından, yəni təqdim edilmiş materiallar natamam olduğundan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-993/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-993/2021
07.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver