Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-994/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov, ev 13; VÖEN: **********) barəsində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X2 tərtib etdiyi 02.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Bakı Apellyasiya Məhkəməsinin 31.10.2019-cu il tarixli, 2(103)-10773/2019 saylı icra vərəqəsinə əsasən ünvan 2 ünvanında yaşayış binasının daxilində yerləşən elektrik transformator məntəqəsi cavabdeh "xxxx" ASC tərəfindən yaşayış binasının daxilindən çıxarılaraq kənarda yerləşdirilməli, keçirilmiş məhkəmə ekspertizasının xərci hesabına "xxxx" ASC-dən 200 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Lakin borclu öz üzərinə düşən vəzifələri tam icra etməmiş, icra sənədi üzrə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 31.10.2019-cu il tarixli, 2(103)-10773/2019 saylı icra vərəqəsinə əsasən, ünvan 2 ünvanında yaşayış binasının daxilində yerləşən elektrik transformator məntəqəsi cavabdeh "xxxx" ASC tərəfindən yaşayış binasının daxilindən çıxarılaraq kənarda yerləşdirilməli, keçirilmiş məhkəmə ekspertizasının xərci hesabına "xxxx" ASC-dən 200 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İcra sənədi 200 manat məbləğində pulun "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi hissəsində icra olunsa da, ünvan 2 ünvanında yaşayış binasının daxilində yerləşən elektrik transformator məntəqəsi cavabdeh "xxxx" ASC tərəfindən yaşayış binasının daxilindən çıxarılaraq kənarda yerləşdirilməmişdir. Borclu "xxxx" ASC-yə bununla bağlı edilmiş xəbərdarlığa baxmayaraq o, icra sənədinin icrasını tam təmin etməmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC-nin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 31.10.2019-cu il tarixli, 2(103)-10773/2019 saylı icra vərəqəsinin icrası mümkün deyil. Onlar ünvan 2 ünvanındakı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən transformator məntəqəsinin başqa yerə köçürülməsi üçün torpaq sahəsinin ayrılması ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etmişlər. Əgər paylayıcı qurğunu ayırsalar, 30000 nəfər Nərimanov rayonu ərazisində, 20000 nəfər Yasamal rayonu ərazisində yaşayan vətəndaş işıqsız qalacaqdır. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 31.10.2019-cu il tarixli, 2(103)-10773/2019 saylı icra vərəqəsindən görünür ki, ünvan 2 ünvanında yaşayış binasının daxilində yerləşən elektrik transformator məntəqəsi cavabdeh "xxxx" ASC tərəfindən yaşayış binasının daxilindən çıxarılaraq kənarda yerləşdirilməli, keçirilmiş məhkəmə ekspertizasının xərci hesabına "xxxx" ASC-dən 200 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş materiallarında olan Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 23.10.2020-ci il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli müvafiq bildirişin surətindən görünür ki, borclu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 31.10.2019-cu il tarixli, 2(103)-10773/2019 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən xəbərdarlıqlar edilməsinə baxmayaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı Apellyasiya Məhkəməsinin 31.10.2019-cu il tarixli, 2(103)-10773/2019 saylı icra vərəqəsi üzrə üzərinə düşən öhdəliyi tam icra etməmiş və ona görə də onun barəsində 02.03.2022ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən Nərimanov rayon İcra Hakimiyyətinə ünvanlanan 03.12.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanındakı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən transformator məntəqəsinin başqa yerə köçürülməsi üçün torpaq sahəsinin ayrılmasına və inşaat pasportunun hazırlanmasına sərəncam verilməsi xahiş edilmişdir. İş materiallarında olan Nərimanov rayon İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən "xxxx" ASC-yə ünvanlanan 26.01.2022-ci il tarixli məktubdan görünür ki, mövcud qanunvericiliyə əsasən torpaq sahələrinin ayrılması Rayon İcra Hakimiyyətinin deyil, Bakı Şəhər İcra Hakimiyyətinin və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin müstəsna səlahiyyətinə aid olduğundan aidiyyəti üzrə müraciət edilməsi təklif olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Apellyasiya Məhkəməsinin 31.10.2019-cu il tarixli, 2(103)-10773/2019 saylı icra sənədinin icrasını tam təmin etməmişdir. Bununla da, "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə qərarında göstərildiyi qaydada üzərinə düşən öhdəliyi icra etməmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Dövlət adından çıxarılmış məhkəmə qərarına etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə "xxxx" ASC-nin törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 3.000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-994/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-994/2022
31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver