Məhkəmə qərarları › İş №3(006)-997/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-997/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-997/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikası Əmək və Əhalinin tərtib etmiş qurum: Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X2 Barəsində icraat aparılan şəxs: Şəxs MMC-in nümayəndəsi, vəkil X3 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, N.Şahbazov küçəsi, ev 25, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2ci maddəsi üzrə tərtib olunmuş 31.03.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC 5 nəfər işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X7 izahatında bildirdi ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin İ hissəsinə görə işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. İcbari Sığorta Bürosunun X6 Xidmətinə ünvanlanmış 11.12.2020-ci il tarixli, 10-DQ/956/20 saylı məktubunda qeyd olunmuşdur ki, “İcbari Sığorta Bürosu” X1 informasiya sistemində “xxxx” ASC tərəfindən xitam verilmiş müqavilələr üzrə araşdırma həyata keçirilmiş, həmin sistemdə qüvvədə olan müqavilələrin siyahısı və sığorta haqqı ödənişləri ilə bağlı məlumat təqdim olunmuşdur. Bu məqsədlə Xidmət tərəfindən “X5 Alt Sistemi” vasitəsilə icbari sığorta müqaviləsi bağlamayan işəgötürülənlərə müvafiq xəbərdarlıq edilmişdir. Daxil olmuş müraciətlərin araşdırılması və “X5 Alt Sistemi”nə yenidən baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 2020-ci ildə 5 nəfər işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X8 izahatında göstərdi ki, MMC ilə “xxxx” ASC arasında 29.05.2019-cu il tarixdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta Müqaviləsi bağlanılmışdır. 2019-cu ildə müqavilə üzrə sığorta haqqı ödənilsə də, ölkədə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar şirkət 2020-ci ildə demək olar ki, fəaliyyət göstərmədiyi üçün heç bir mənfəət əldə etməmiş, işçiləri də işə cəlb etməmişdir. Buna görə də 2020-ci il üzrə müvafiq sığorta ödənişinin həyata keçirilməsi unudulmuşdur. Bununla belə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında müqavilənin bağlanmamasına görə məsuliyyət nəzərdə tutur. Göründüyü kimi, şirkət tərəfindən belə müqavilə bağlanılmışdır. Sığorta haqqının ödənilməməsi isə qeyd olunan normanın pozuntusu kimi qəbul edilə bilməz. Şəxs MMCnin əməlində heç bir inzibati xəta tərkibi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan: - İcbari Sığorta Bürosunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə ünvanlanmış 11.12.2020-ci il tarixli, 10- DQ/956/20 saylı məktubunda qeyd olunur ki, qoşmada olan siyahıya əsasən “İcbari Sığorta Bürosu” X1 informasiya sistemində “xxxx” ASC tərəfindən xitam verilmiş müqavilələr üzrə araşdırma həyata keçirilmiş, bu sistemdə qüvvədə olan müqavilələrin siyahısı və sığorta haqqı ödənişləri ilə bağlı məlumat təqdim olunur. Həmin Siyahıda Şəxs MMC-nin adına rast gəlinmir; - “xxxx” ASC tərəfindən X6 Xidmətinə ünvanlanmış 26.10.2020-ci il tarixli, PHS- **********6 saylı məktubda göstərilir ki, ASC ilə İSB-nin mərkəzləşdirilmiş proqram təminatında buraxılmış ümumi müqavilələr üzrə 692 sayda təşkilat bu il ərzində sığorta haqqının ödəmədiyi üçün müqavilələrinə birtərəfli qaydada xitam verilmişdir. Həmin məktuba əlavə edilmiş təşkilatların siyahısında Şəxs MMC-nin də əks olunmuşdur; - Şəxs MMC ilə “xxxx” ASC arasında bağlanılmış 29.05.2019-cu il tarixli, 0850-19 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta Müqaviləsi”nə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tariflərinin tətbiq edilməsi ilə hər bir sığorta olunana münasibətdə hesablanan bir illik sığorta haqqı, habelı sığorta haqqının müqavilə üzrə bir illik ümumi məbləği müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan əlavədə göstərildiyi kimi razılaşdırılır (5.1-ci bənd); müqavilədə razılaşdırılmış sığorta haqqının ümumi məbləği müqavilənin bağlanıldığı tarixdən 1 ay ərzində birdəfəlik ödənilir (5.2-ci bənd); müqavilə müddətsiz bağlanılır (6.1-ci bənd); müqavilə 29 may 2019-cu il tarixdə, saat 24:00-da qüvvəyə minir (6.3-cü bənd); müqaviləyə xitam verilməsi hallarından biri də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919.1-ci maddəsində nəzərdə tutulmuş digər hallardır (7.3-cü bənd); müqavilə ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını Sığortaçıya ödəmək Sığortalının vəzifəsidir (9.2.1-ci bənd). Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin İ hissəsinə görə işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla); məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyənlər (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla); istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər; müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular; təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq bu Qanuna əsasən aşağıdakılar icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar: Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; dövlət orqanları; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; seçkili orqanlar və fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər. Azərbaycan Respublikasımülki Məcəlləsinin 919.1-ci maddəsinə görə sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir: sığorta predmeti artıq mövcud olmadıqda; aşağıdakı hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv olunduqda: əmlak sığortası müqaviləsini bağlamış sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış əmlakı qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verənədək sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda sığortalı fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri bu Məcəllə ilə müəyyən olunmuş vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxsə keçir; icbari sığorta qanunlarında və ya müqavilədə başqa şərtlər müəyyən edilməmişdirsə, sığortalının hüquq və vəzifələri sığorta predmeti olan miras əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə həm onun özünün, həm də sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir; başqa şəxsin xeyrinə həyat sığortası müqaviləsi bağlamış sığortalı vəfat etdikdə onun hüquq və vəzifələri xeyrinə sığorta müqaviləsi bağlanmış şəxsə təqdim edildikdən sonra ona özünün yazılı razılığı ilə keçir; sığortalı olan hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə onun həmin müqavilə üzrə hüquq və vəzifələri müvafiq hüquq varisinə keçir; sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunan vəfat etdikdə sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda, yaxud sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilir; sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda; sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə; sığortalı sığorta haqqını icbari sığorta qanunlarında və ya sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə; sığorta marağı artıq mövcud olmadıqda; sığortalı və ya sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə. Beləliklə məhkəmədə müəyyən olunur ki, Şəxs MMC ilə “xxxx” ASC arasında 29.05.2019-cu il tarixdə müddətsiz istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanılmış, müqaviləyə görə tərəflər müvafiq sığorta tariflərinin tətbiq edilməsi ilə hər bir sığorta olunana münasibətdə hesablanan bir illik sığorta haqqı, habelı sığorta haqqının müqavilə üzrə bir illik ümumi məbləği razılaşdırır, müqaviləyə xitam verilməsi hallarından biri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919.1-ci maddəsində nəzərdə tutulmuş hallardır. “Şəxs MMC 2019-cu il üzrə müvafiq sığorta haqqını ödəsə də, 2020-ci il üçün belə haqqı ödəmədiyinə görə “xxxx” ASC birtərəfli qaydada müqaviləyə onun 7.3-cü bəndinə əsasən xitam vermişdir. Bu hal da ona dəlalət edir ki, tərəflər arasında artıq müqavilə mövcud deyil və onun xitamı Sığortalının hərəkətləri nəticəsində baş vermişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə “Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 5.000 (beş min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar