Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1/2021 26.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, şikayət vermiş X1 iştirakı ilə, X1 MMX/7635566, MMX/7397247 və MMX/7956668 nömrəli inzibati xəta haqqında protokollar əsasında cərimələrinin əlavə faizlərinin silinməsi və avtomobilinin üzərindən həbsin götürülməsi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 MMX/7635566, MMX/7397247 və MMX/7956668 nömrəli inzibati xəta haqqında protokollar əsasında cərimələrinin əlavə faizlərinin silinməsi və avtomobilinin üzərindən həbsin götürülməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2019-cu il iyun ayının 26-da idarə etdiyi “Volkswaqen Tuareq” markalı ** PK *** dövlət nömrə nişanlı avtomaşını idarə edərkən avtomatik rejimində işləyən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitəsi ilə barəsində MMX/7635566, MMX/7397247, MMX/7956668 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və həmin protokollar əsasında müvafiq olaraq 50, 50 və 10 manat cərimə edilmişdir. Lakin bu protokol qərarları o, almamışdır. O, bu protokollar barədə yalnız protokollar əsasında olunduğu cərimələri ödəmədikdən sonra, cərimə məbləğlərinin üzərinə əlavə faiz gəldikdə və avtomaşın üzərinə həbs qoyulduqda xəbər tutmuşdur. Əlavə faizlərdən sonra cərimələr 80, 80 və 10 manat olub. Daha sonra isə bu rəqəm daha da artıb. Bundan sonra həmin protokol və qərarları əldə etmək üçün BDYP-yə müraciət etsə də, həmin müraciətinə Səbail RPİ tərəfindən cavab verilsə də, sənədlər ona təqdim edilməmişdir. Bündan əlavə 10 iyun 2013-cü ildə AYP 796888 qərarı ilə cərimə edilmişdir. Lakin bu qərar Nizami Rayon Məhkəməsinin 2013-cü il tarixli qərarı ilə ləğv edilmişdir. Lakin bu qərar hələ bazada qalır və bu cəriməyə görə də avtomobilə həbs qoyulmuşdur. Barəsində tərtib edilmiş MMX/7635566, MMX/7397247, MMX/7956668 nömrəli inzibati xəta haqqında protokol əsasında cərimələrinin əlavə faizlərinin silinməsi, avtomobili üzərindən həbslərin götürülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, MMX/7635566, MMX/7397247 və MMX/7956668 nömrəli inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş qərarlardan şikayət verməmişdir, həmin qərarları qəbul edir və cərimələri ödəməyə hazırdır. O, sadəcə olaraq bu qərarlar əsasında faizlərin hesablanmasından və avtomobili üzərinə həbs qoyulmasından şikayət vermişdir. Faizlər və həbs tənbehi olunması barədə qərarlar ona təqdim edilmədiyi üçün cərimələri vaxtında ödəməmişdir. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin, eyni zamanda növbəti məhkəmə iclaslarına gəlməyən şikayət vermiş X1 iştirakları olmadan işə baxılaraq yekunlaşdırılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -“AsanPay” ödəniş sistemindən çıxarışdan görünür ki, X1 adına tərtib olunmuş MMX/7397247 nömrəli protokol əsasında o, 50 manat cərimə edilmişdir, dəbbə pulu 30 manat olmaqla, ümumi məbləği 80 manat təşkil edir; -“AsanPay” ödəniş sistemindən çıxarışdan görünür ki, X1 adına tərtib olunmuş MMX/7956668 nömrəli protokol əsasında o, 10 manat cərimə edilmişdir, dəbbə pulu 6 manat olmaqla, ümumi məbləği 16 manat təşkil edir; -“AsanPay” ödəniş sistemindən çıxarışdan görünür ki, X1 adına tərtib olunmuş MMX/7635566 nömrəli protokol əsasında o, 50 manat cərimə edilmişdir, dəbbə pulu 30 manat olmaqla, ümumi məbləği 80 manat təşkil edir; -Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin 03 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, “Volkswagen Touareg minik” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə MMX/7397247 nömrəli protokol əsasında təyin edilmiş cəriməni ödəmədiyinə görə avtomobilin saxlanılaraq BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi qərara alınmışdır; -Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin 03 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, “Volkswagen Touareg minik” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə MMX/7956668 nömrəli protokol əsasında təyin edilmiş cəriməni ödəmədiyinə görə avtomobilin saxlanılaraq BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi qərara alınmışdır; -Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin 03 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, “Volkswagen Touareg minik” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə MMX/7635566 nömrəli protokol əsasında təyin edilmiş cəriməni ödəmədiyinə görə avtomobilin saxlanılaraq BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi qərara alınmışdır; -Bakı şəhəri Səbail RPİ-nin 30 oktyabr 2019-cu il tarixli 065-96362B-3219 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN Baş DYPİ-nin avtomatik rejimində işləyən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitəsilə X1 barəsində tərtib olunmuş MMX/7635566, MMX/7397247 və MMX/7956668 nömrəli inzibati xəta haqqında elektron protokolların icrası ilə əlaqədar 14 iyun 2019-cu il tarixdə Bakı şəhər BPİ DYPİ-nin YPX-i inspektoru Fərid Rzayev tərəfindən ona bildiriş təqdim olunmuşdur. Məlumatlandırıldığı vaxtdan 10 gün müddətində qeyd olunan inzibati xəta haqqında elektron protokolların icrası ilə əlaqədar tərəfindən hər hansı vəsatət verilmədiyindən, barəsində müşayiət əsasında avtomatik olaraq inzibati tənbeh etmə haqqında qərar qəbul edilərək Mərkəzi informasiya sistemində müvafiq qeydiyyat aparılmışdır. Məhkəmə qeyd edir ki, şikayət vermiş X1 özünün də qeyd etdiyi kimi, o, barəsində tərtib MMX/7635566, MMX/7397247 və MMX/7956668 nömrəli inzibati xəta haqqında protokollar əsasında qəbul edilən qərarlardan şikayət verməmişdir, yalnız həmin qərarlar əsasında faizlərin hesablanmasından və avtomobili üzərinə həbs qoyulmasından şikayət vermişdir. Ona görə məhkəmə şikayətin dəlillərinə bu baxımdan hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Göründüyü kimi, X1 da törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, İXM-nin 150.11-ci maddəsinin tələbinə uyğun olaraq onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Hansı ki, X2 münasibətdə də həmin tələblər çərçivəsində dəbbə pulu hesablanmış, avtomobilin saxlanılaraq duracağa yerləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinin tələbi baxımından inzibati məsuliyyətə cəlb olunmuş X3 öz təqsirsizliyini sübut etməyə borclu olmasa da və barəsində tərtib edilmiş MMX/7635566, MMX/7397247, MMX/7956668 nömrəli inzibati xəta haqqında protokol əsasında cərimələrinin əlavə faizlərinin silinməsini tələb etsə də, bu faizlərin nədən ibarət olması, ona hansı əsasla faiz hesablanması barədə sübutlar işə əlavə olunmamış, məhkəməyə təqdim edilməmişdir, məhkəmə tədqiqi zamanı araşdırılmış sübutlarla X1 yalnız həmin protokollar əsasında cərimə edildiyi, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədiyi üçün, İXM-nin 150.11-ci maddəsinin tələbinə uyğun olaraq onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablandığı, dəbbə pulunun isə bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edildiyi (MMX/7397247 nömrəli protokol əsasında 50 manat cəriməyə hesablanmış dəbbə pulu 30 manat; MMX/7956668 nömrəli protokol əsasında 10 manat cəriməyə hesablanmış dəbbə pulu 6 manat; MMX/7635566 nömrəli protokol əsasında 50 manat cəriməyə hesablanmış dəbbə pulu 30 manat) müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həmin hesablamalar və dəbbə pulunun tələb edilməsi Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsinə nəzərdə tutulduğu, bu zaman qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilmədiyindən, şikayətin həmin hissədə təmin edilməsi üçün qanuni əsaslar yoxdur, qərarla təyin edilmiş cərimənin ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulunun hesablanması əlavə faiz kimi qiymətləndirilə bilməz. Məhkəmə şikayətin “Volkswagen Touareg minik” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə hissəsinə münasibətdə qeyd edir ki, şikayətdən və X1 özünün məhkəmədə verdiyi izahatından aydın olur ki, avtomobilin üzərinə həbs qoyulmasına səbəb olan 10 iyun 2013-cü il tarixli AYP/796888 qərarla təyin edilmiş cərimə məbləğinin qanunla müəyyən olunmuş müddətdə icra edilməməsi ilə bağlı olmuşdur, hansı ki, şikayət əsasında həmin qərar Nizami Rayon Məhkəməsi tərəfindən 2013-cü ildə ləğv edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmənin qərarı əsasında ləğv edilmiş müvafiq səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı əsasında tətbiq edilmiş hər hansı tənbeh və ya məhdudiyyət tədbiri qüvvədə qala bilməz, konkret halda X2 məxsus sözügedən avtomobilin üzərindən həbs götürülməlidir. Bunun üçün isə məhkəmənin müvafiq qərarı səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim olunmalı, icra edilməlidir. Həmin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərarın icrası təmin edilmədikdə, həbs götürülmədikdə, bu, artıq səlahiyyətli orqanın (vəzifəli şəxsin) hərəkət və ya hərəkətsizliyinin inzibati qaydada aidiyyəti məhkəmədə mübahisələndirilməsi üçün əsasdır, hazırda inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması ilə bağlı icraatda həmin hala hüquqi qiymət verilə bilməz. Ona görə məhkəmə hesab edir ki, şikayət həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki müəyyən olunmuş hallarına əsasən məhkəmə belə qənaətə gəlir ki, X1 “MMX/7635566, MMX/7397247, MMX/7956668 nömrəli inzibati xəta haqqında protokol əsasında cərimələrinin əlavə faizlərinin silinməsi, avtomobili üzərindən həbslərin götürülməsi” barədə şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 “MMX/7635566, MMX/7397247, MMX/7956668 nömrəli inzibati xəta haqqında protokol əsasında cərimələrinin əlavə faizlərinin silinməsi, avtomobili üzərindən həbslərin götürülməsi” barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1/2021
26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver