Məhkəmə qərarları › İş №3(007)-10/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-10/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-10/2025 14.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 24 oktyabr 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 24 oktyabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, idarə etdiyi **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkət halında olarkən, digər hərəkət zolağında hərəkətdə olan dövlət qeydiyyat nişanı **-DH-***, qırmızı rəngdə Hyundai Accent markalı avto nəqliyyat vasitəsi manevr etmə qaydalarını pozaraq onun nəqliyyat vasitəsinin irəlilədiyi yol hərəkət zolağına ani keçid edərək onun istifadəsində olan avto nəqliyyat vasitəsinin sağ arxa hissəsi ilə toqquşaraq qəza törətmişdir və bundan sonra qəza yerini dərhal tərk etmişdir. Bu barədə tərtib edilərək qərarlaşdınlmış protokol isə hadisənin düzgün qiymətləndirilmədiyini göstərir. Belə ki, hadisə zamanı yan zolaqdakı nəqliyyat vasitəsinin sürücüsü manevr etmə qaydasını pozaraq, AR İnzibati Xətalar Məcəlləsinin 327.1. maddəsində nəzərdə tutulan, manevr etmə qaydalarına riayət etməmişdir, nəticə etibarı ilə də onun idarə etdiyi avto nəqliyyat vasitəsinə zərər yetirərək qəza törətmişdir. Hadisə yerində qəza törədilməsi ilə bağlı aidiyyatı üzrə X7 Xidmətinə məlumat təqdim edilməsinə baxmayaraq yollardakı tıxac səbəbilə DYP əməkdaşları hadisə yerinə gələ bilməmişdir, müvafiq məqam ilə bağlı DİN qaynar xəttinə məlumat təqdim etməyi səbəbilə ona DİN qaynar xəttinin əməkdaşı qəza hadisəsinin baş tutduğu andan bir neçə saat keçdikdən sonra artıq hadisə yerini tərk edə biləcəyi ilə bağlı göstərişi vermişdir. Zərər vuran nəqliyyat vasitəsinin sürücüsü isə avtonəqliyyat vasitəsi ilə birgə hadisə yerini çox saylı təkidlərinə məhəl qoymayaraq qəza anındaca dərhal tərk etmişdir. Çox saylı müraciətləri əsasında, məsələ ilə bağlı BDYPİ-nə çağırılaraq ona qəza hadisəsi anının video qeydləri göstərilmişdir. Lakin, zərər vuran şəxsin hadisə yerindən hansı əsasla yayındığının və nə səbəblə hələ də məsuliyyətə cəlb olunmadığı ona bildirilməmişdir. Çox saylı etirazlarına baxmayaraq ona göstərilən video qeydlərdən də açıq-aşkar şəkildə yol hərəkəti qaydalarının zərər vuran şəxs tərəfindən pozulmasına baxmayaraq onun barəsində protokol tərtib edilərək qərarlaşdırılmışdır. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta sayılan Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, nəqliyyat vasitətəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, araməsafəsinə riayət edilməməsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə qaydalarının pozulması, yaşayış zonasında hərəkət etmə qaydalarının pozulması, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyini ilə hərəkət edilməsi kimi hallara yol verəcək hər hansı pozuntuya yol vermədiyini qəza hadisəsi anını əhatə edən video qeyd və hadisə sonrası avto nəqliyyat vasitəsinin şəkillərindən də aydındır. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin baş leytenantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda törədilməsi ehtimal edilən inzibati xətanın mahiyyəti düzgün göstərilməmişdir. Qanunvericiliyin tələblərinə görə inzibati xətanın mahiyyəti dəqiq göstərilməsi zəruri olan mühüm əhəmiyyətə malik amillərdən biridir. Çünki, şəxsin məsuliyyətə cəlb edilə bilməsi məsələsi yuxarıda göstərilən amilin dəqiq şəkildə iş materiallarında öz əksini tapmasından asılıdır. Eyni zamanda, protokol materiallarını təhlil edərkən müəyyən edilmişdir ki, İXM-in 100-cü maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. AR İXM-in 100-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda göstərilməlidir inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, yer, inzibati xətaya görə məsuliyyəti nəzərdə tutmuşdur. Lakin, müvafiq tələblərə inzibati xəta haqqında protokol tərtib edilərək qərarlaşdırıldıgında riavət edilməmişdir. Bütün bunlara baxmayaraq, məsələ ilə bağlı yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) yazılı şəkildə xx.xx.2024-cü il tarixdə şikayətini AR DİN müvafiq orqanına təqdim etmiş, həmçinin 902 qaynar xəttinə və MİA.GOV.AZ internet səhifəsinə, etdiyi şikayətlər mövcuddur və qeydiyyat nömrəsi verilmiş 3-1344-7/1-M-287xx/xx/2024 şikayətlərinə baxmayaraq dövlət orqanı qanunsuz protokolu qüvvəyə minməsini qərarlaşdırmışdır. Məsələ ilə bağlı hələ də hər hansı bir rəsmi məlumat təqdim edilməmiş və hər hansı araşdırma aparılmamışdır. Şikayət və müraciətlərinə aidiyyəti üzrə dövlət qurumu tərəfindən heç bir münasibət bildirilməməsi səbəbilə məcburiyyət qarşısında məhkəməyə müraciət edir. Yuxarıda yazılanları nəzərə alaraq, qanunsuz olaraq xx.xx.2024-cü il tarixində tərtib edilmiş qərarın ləğv edilməsinə (xitam) barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, hadisə 16 sentyabr 2024-cü il tarixdə “Madonna” dairəsində baş vermişdir, bir maşın onun maşınına dəymiş, dəyən maşın sürüb getmiş, o, gözləmişdir. 102-yə məlumat vermiş, həmin vaxt heç kim gəlməmişdir. Sonra 902-yə zəng vurmuş, demişlər ki, şəhər yol polisinə getsin, gedib orada ərizə yazmışdır. Yol həmin vaxt bağlı olmuşdur, arxadan xanım sürücü sürtüb getmişdir. Ətrafında maşınlar olmuşdur. Maşın şirkət maşını olmuş, öz maşını olmamışdır. Onun barəsində protokol tərtib edilib və 40 manat cərimə olunmuşdur. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şikayətə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin inspektoru tərəfindən tərtib olunmuş 24 sentyabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Hyundai Accent minik” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 24 oktyabr 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 16 sentyabr 2024-cü il tarixdə saat 08:03də Nizami rayonu “Madonna” dairəsində “Hyundai Accent minik” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə” Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə barəsində 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 16 sentyabr 2024-cü il tarixdə saat 08:03-də “Hyundai Accent minik” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobili Nizami rayonu “Madonna” dairəsində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda istinad olunan normalarının tələblərini pozmaqla, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə hərəkətini davam etdirmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Baxılan işə münasibətdə İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinin tələbləri baxımından, X2 yol verdiyi inzibati xətanın törədilməsini və bu inzibati xətanın törədilməsində onun təqsirinin olmasını təsdiq və sübut edən sübutlar mövcuddur, bu sübutların şübhə altına alınması, X2 inzibati xətanı törətməməsi, onun təqsirinin olmaması ilə bağlı hüquqi nəticəyə gəlinməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə X2 şikayətində və məhkəmədə verdiyi izahatında irəli sürdüyü dəlillər şəxsi mülahizəsi olmaqla, məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. İşin faktiki halları ilə müəyyən olunur ki, inzibati xəta 16 sentyabr 2024-cü il tarixdə törədilmiş, bu barədə inzibati haqqında protokol 24 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş, aparılan araşdırmaların nəticəsi üzrə X2 təqsirli olması müəyyən və sübut edildikdən sonra, artıq 24 oktyabr 2024-cü il tarixdə onun tənbeh olunmasına dair qərar qəbul edilmişdir. Bundan əlavə, X3 qərardan şikayət versə də, daha sonra törətdiyi inzibati xətaya görə barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar üzrə cərimə məbləğini ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 24 oktyabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar