Məhkəmə qərarları › İş №3(007)-100/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-100/2020

28.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-100/2020 28.01.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Gürcüstan Respublikası Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə 10000-0030/19 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və protokol ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və müddəti barədə lazımı qaydada xəbərdar edilmiş Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, inzibati xətanı törətməsində özünü təqsirli bilərək, izahatında göstərdi ki, o, pirotexniki vasitələri atəş fəşanlıq münasibəti ilə Azərbaycan Respublikasının ərazisinə gətirmək istəmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatının sonunda əməlindən səmimi peşman olduğunu, bir daha bu cür əməllərə yol verməyəcəyini bildirmiş və məhkəmədən onun barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat şöbəsinin təhqiqatçısı Aydın Məmmədov tərəfindən tərtib edilmiş, xx xxxxxx 2020-ci il tarixli, 10000-0030/19 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 3372 ədəd “Crazy robots”, 11193 ədəd “Black level (Mega) ek 23”, 4074 ədəd “Super Banger (6 srt)”, 29 ədəd “Sexy”, 152 ədəd “Evil Force”, 316 ədəd “Roman candle 100 shots”, 33 ədəd “Roman Candle 8 shots (böyük ölçülü)”, 54 ədəd “Roman candle 8 shots (kiçik ölçülü)”, 85308 “Sterminator”, 1116 ədəd “Red Stars with Report” 120 ədəd “8 shots color shots”, 1400 ədəd “X1” 4200 “Petards” 2400 ədəd “Preniya” 600 ədəd “Captain Mark” 14 ədəd “Morganas Night (36 shots)” 21 ədəd “Sofia Maxem (25 shots)”, 5 ədəd “We are the Night (16 shots)”, 11 ədəd “Midnight nightmare (36 shots)”, 37 ədəd “Show (36 shots), 4 ədəd “Enigma Ec6200/49”, 1 ədəd “Silver strobe willow” 13 ədəd “Mxd005 5 golden wave to silver swimming stars”, 93 ədəd “Mx004”, 4 ədəd “silver time rain to crosset” 221 ədəd “Mxd003 3golden willow to chrys” 1 ədəd “Fire Dragon” 1 ədəd “X2” markalı ümumi orta bazar qiyməti 75647,90 manat məbləğində olan pirotexniki vasitələrin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin pirotexniki vasitələri əldə etmiş və satmaq məqsədi ilə saxlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsi ilə inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Məhkəmə yuxarıda istinad edilmiş hüquq normasının tələbinə əsasən inzibati xəta haqqında protokolu və iş üzrə toplanmış digər sənədləri mötəbər sübutlar hesab edir və qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmiş malların tərəfindən əldə edilməsi və saxlanması iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Şəxs İXM-nin 504-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsinə əsasən malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barədə olan şübhələr də onun xeyrinə həll olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə Şəxs İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən hallar və İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyənedilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1967-ci il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 3372 ədəd “Crazy robots”, 11193 ədəd “Black level (Mega) ek 23”, 4074 ədəd “Super Banger (6 srt)”, 29 ədəd “Sexy”, 152 ədəd “Evil Force”, 316 ədəd “Roman candle 100 shots”, 33 ədəd “Roman Candle 8 shots (böyük ölçülü)”, 54 ədəd “Roman candle 8 shots (kiçik ölçülü)”, 85308 “Sterminator”, 1116 ədəd “Red Stars with Report” 120 ədəd “8 shots color shots”, 1400 ədəd “X1” 4200 “Petards” 2400 ədəd “Preniya” 600 ədəd “Captain Mark” 14 ədəd “Morganas Night (36 shots)” 21 ədəd “Sofia Maxem (25 shots)”, 5 ədəd “We are the Night (16 shots)”, 11 ədəd “Midnight nightmare (36 shots)”, 37 ədəd “Show (36 shots), 4 ədəd “Enigma Ec6200/49”, 1 ədəd “Silver strobe willow” 13 ədəd “Mxd005 5 golden wave to silver swimming stars”, 93 ədəd “Mx004”, 4 ədəd “silver time rain to crosset” 221 ədəd “Mxd003 3golden willow to chrys” 1 ədəd “Fire Dragon” 1 ədəd “X2” markalı ümumi orta bazar qiyməti 75647,90 manat məbləğində olan pirotexniki vasitələr müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar