Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-100/2024 11.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin polis sahə rəisi X2 və Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının YPX baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, 16 avqust 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi ev 127-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.1, 511.1.3 və 535.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 11 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli, Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 333-1.1 və 511.1.3-cü maddələri ilə 11 yanvar 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 11 yanvar 2024-cü il tarixli qərardadına əsasən qeyd olunan protokollar üzrə müvafiq olaraq 3(007)-100/2024 nömrəli və 3(007)-101/2024 nömrəli inzibati xəta haqqında işlər bir icraatda birləşdirilmiş, birləşdirilmiş işdə 3(007)-100/2024 nömrəsi saxlanılmışdır. İstinad olunan inzibati xəta haqqında protokollara və onlara əlavə edilən sənədlərə əsasən 11 yanvar 2024-cü il tarixdə saat 12:25-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə, “Q.Qarayev” metrostansiyası istiqamətindən “Neftçilər” metrostansiyası istiqamətində “Tofaş Şahin minik” markalı **-OE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edən Şəxs nəqliyyat vasitəsini narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, bu zaman həmin prospektdə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarmaqla və yolun səthində çoxsaylı təkər izləri buraxmaqla avtoxuliqanlıq etmiş, onun yol verdiyi həmin xətaların qarşısını almağa çalışan və inzibati məsuliyyətə cəlb edilməsi məsələsini həll edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin polis sahə rəisi X7 protokolun məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 333-1.1 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının YPX baş inspektoru X4 protokolun məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 11 yanvar 2024-cü il tarixdə saat 12:25-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə, “Q.Qarayev” metrostansiyası istiqamətindən “Neftçilər” metrostansiyası istiqamətində “Tofaş Şahin minik” markalı avtomobillə hərəkət edən zaman sürətlə hərəkət etdiyinə görə qəza şəraiti yaratmış, sonra yenə sürətlə öz hərəkətinə davam etmişdir. Bundan sonra yol polisləri onu saxlamağa çalışmışlar, o, saxlamayıb hərəkətini davam etdirmiş, lakin qarşıda onu saxlamışlar. Həmin yerdə o, polislərin tələbinə tabe olmayıb oradan çıxıb getmək istəmişdir. Belə ki, o, həmin vaxt narkotikdən istifadə etdiyinə, həmçinin avtomobilin nömrəsini dəyişib başqa nömrə ilə idarə etdiyinə görə narahat olmuşdur. Əməllərindən peşmandır. Nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının YPX inspektoru X5 izahatında göstərmişdir ki, 11 yanvar 2024-cü il tarixdə saat təxminən 12:28 radələrində Nizami rayonu, Q.Qarayev prospektində xidməti ərazidə olarkən “Tofaş Şahin minik” markalı nəqliyyat vasitəsinin yüksək sürətlə svetaforun qırmızı işığında hərəkətini davam etdirərək svetaforun yaşıl işığında hərəkətə başlayan və yola daxil olan digər nəqliyyat vasitəsi ilə kəskin qəza şəraiti yaratdığını, daha sonra dayanmadan, avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarmaqla və yolun səthində çoxsaylı təkər izləri buraxmaqla avtoxuliqanlıq etdiyini müşahidə etmişlər. Bundan sonra sürücünün bu qanunsuz hərəkətlərinin qarşısını almaq və barəsində inzibati tədbirlər görülməsi üçün “saxla” işarəsi vermişlər. Lakin avtomobilin sürücüsü ətrafdakı şəxslərin dincliyini, ictimai qaydanı pozmaqla yoluna davam etmiş, həmin vaxt isə ümumi istifadədə olan zolağa daxil olmuşdur. Az sonra sürücünün hərəkətini davam etdirməsinin qarşısını almaqla onu nəqliyyat vasitəsinin idarəçiliyindən kənarlaşdırmışlar, müəyyən etmişlər ki, avtomobilin dövlət qeydiyyat nişanı **-OE-*** olduğu halda, sürücü qanunsuz olaraq **-NY-*** dövlət qeydiyyat nişanını idarə etdiyi avtomobilə vuraraq idarə etmişdir, avtomobildə də konstruksiya dəyişikliyi etmişdir. Şəxsiyyəti sonradan müəyyən olunan Şəxs hərəkətləri şübhə doğurmuş, eyni zamanda onların polis əməkdaşı kimi qanuni tələblərinə tabe olmayaraq saxlanıldığı yeri tərk edib getməyə çalışmışdır. Bundan sonra Şəxs yayınmasının qarşısı alınmış, hərəkətləri isə açıq-aşkar şübhə yaratdığından tibbi müayinədən keçirilmiş və onun narkotik vasitələrdən istifadə etməsi, həmin vasitələrin təsiri altında olmaqla qeyd olunan inzibati xətaları törətməsi öz təsdiqini tapmışdır. Nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi təmin edilmiş, Şəxs barəsində isə inzibati tədbirlər görülməsi üçün raport yazaraq aidiyyəti üzrə müraciət etmişlər. İzahatında qeyd etdiklərini təsdiq edən videogörüntülərin olduğu DVD diski iş materiallarına əlavə etməklə məhkəməyə təqdim etmişlər. Materiala əlavə edilmiş 01 ədəd DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman inzibati xəta haqqında protokolda və məhkəmə iclasında verilən izahatlarda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. Materiala əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 11 yanvar 2024-cü il tarixli 1/30 nömrəli aktdan görünür ki, Şəxs həmin tarixdə saat 14:00-da keçirilən tibbi müayinəsi zamanı narkotik vasitələrdən istifadə etməsi müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1, 333-1.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməllər düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333-1.1, 511.1.3 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə - mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1, 511.1.3 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını, Şəxs oğlunun şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir, eləcə də onun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmaqla inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarından görünür ki, Şəxs hazırkı iş üzrə inzibati qaydada tutulmamışdır, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin əvvəli materialın məhkəməyə təqdim edildiyi vaxtdan, 11 yanvar 2024-cü il saat 17:30-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla əmək haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1, 511.1.3 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 511.1.3-cü maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla, barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 11 yanvar 2024-cü il saat 17:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X6 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-100/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-100/2024
11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver