Məhkəmə qərarları › İş №3(007)-1001/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1001/2021

29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1001/2021 29.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X4, onun nümayəndəsi X1, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X2 iştirakları ilə, "xxxx" MMC-nin təsisçisi və direktoru X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin 08 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarından və həmin qərarın dəyişdirilmədən saxlanılması haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 12 yanvar 2021-ci il tarixli, QYB-001/21 nömrəli qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin təsisçisi və direktoru X14 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin 08 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarından və həmin qərarın dəyişdirilmədən saxlanılması haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 12 yanvar 2021-ci il tarixli, QYB-001/21 nömrəli qərarından Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi əsassız protokollar tərtib edərək MMC-nin təsisçisi olaraq onu və direktoru olduğu "xxxx" MMC-ni əsassız maliyyə sanksiyalarına məruz qoymağa çalışır. Belə ki, bu idarə təmsil etdiyi "xxxx" MMCnin barəsində 26 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və təsisçisi olduğu üçün də onun barəsində 26 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və həmin MN seriyalı, ******* nömrəli protokol əsasında da 08 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. "xxxx" MMC-nin barəsində tətbiq olunmuş 26 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə direktoru olduğu "xxxx" MMC, yaratdığı flialın idarəçiliyini həvalə etdiyi X5 onunla əmək müqaviləsi bağlamadan onu işə cəlb etdiyi üçün Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Qeyd: "xxxx" MMC-nin barəsində 26 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibatixəta haqqında protokolla əlaqədar hər hansı qərar onları təqdim edilməmişdir. Digər 26 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol isə MMC-nin təsisçisi olduğu üçün onun barəsində tətbiq edilmiş və o, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin protokol əsasında inzibati tənbeh vermə haqqında 08 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərar qəbul edilmiş və həmin qərarla da Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat cərimə növündə tənbeh olunmağına qərar verilmişdir. O, qeyd olunan inzibati xəta haqqında 26 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli və 26 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokollardan, eləcə də 26 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında 08 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan yuxarı səlahiyyətli orqan olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.2-ci və 53.3-cü maddələrinin tələblərinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Bundan başqa MMC-nin təsisçisi və direktoru eyni şəxs olduqda MMC-nin təsisçisi ilə direktoru arasında müqavilə bağlana bilməz. Məhz o, bu MMC-ni tək təsisçi olaraq yaradan və direktoru, təmsilçisi özü olan şəxsdir. X10 direktoru və təsisçisi olduğu "xxxx" MMC-nin təsisçilərinin yığıncağının qərarı ilə MMC-nin Binəqədi flialının direktoru vəzifəsinə təyin edilmiş və ona səlahiyyətlərini müəyyən edən etibarnamə verilmişdir. Fəaliyyəti qeydiyyata alınmışdır. Şikayətinə baxılaraq ona ünvanlanmış 12 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında QYB-001/21 nömrəli qərarla şikayətinin təmin olunmadığı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında 08 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarının dəyişdirilmədən saxlanıldığı bildirilmişdir. Hesab edir ki, "xxxx" MMC-nın təsisçisi və direktoru olaraq barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır və pozulmuş hüquqlarının məhkəmədə müdafiəsi təmin olunmalıdır. Müvafiq qanunvericiliyə görə direktora nizamnaməyə əsasən səlahiyyətlər verilir. Qanunvericilikdə yazılmamışdır ki, Əmək Məcəlləsinin maddələri ona tətbiq olunur və ya məzuniyyət, əməkhaqqı nizamnamə ilə müəyyənləşdirilir. Əmək Məcəlləsinin 3-cü maddəsində işəgötürənin açıqlanması belə verilmişdir - İşəgötürən: tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs. Açıqlamadan aydın olur ki, təsisçi və ya təsisçilər ya özü (özləri) işəgötürən kimi çıxış edirlər və ya kənardan şəxs dəvət etməklə işəgötürən təyin edirlər. Yəni, direktor protokolla, qərarla təyin olunur. Təyin olunandan sonra işəgötürən kimi bütün məsuliyyət onun üzərinə düşür və işçilərlə əmək münasibətlərinin tənzimlənməsi üçün yazılı əmək müqavilələri bağlayır. Ştat cədvəli tərtib olunubsa, orda direktorun əməkhaqqı qeyd olunur və ya qeyd etdiyi kimi əməkhaqqı cədvəli tərtib olunanda onu imzalayanlardan biri də direktorun özüdür. Bu, artıq onun əməkhaqqını təsdiqləyir. Bundan əlavə, təsisçilər kənardan və ya öz aralarından direktor təyin edəndə, həmin şəxs mütəmadi olaraq onlara hesabatlar təqdim edir. Təsisçilər əməkhaqqı və digər hansı bir hallarla razılaşmasalar, direktoru işdən çıxara və ya digər addımlar ata bilərlər və yaxud protokolda əməkhaqqı barəsində də qeydlər aparıla bilər, buna heç bir məhdudiyyət yoxdur. Həmçinin, direktor həm direktor kimi işçidirsə və həm də işəgötürəndirsə, ona Əmək Məcəlləsinin müddəaları tətbiq olunur və məzuniyyət hüququnu da bura aid etmək olar. Hətta sual oluna bilər ki, bir neçə təsisçinin kənardan təyin etdiyi direktor müəssisədə yeyinti hallarına, maliyyə vəsaitlərinin mənimsənilməsinə yol verərsə, bu məsələlər necə tənzimlənir? Axı, ortada əmək müqaviləsi yoxdur. Bunun sadə cavabı var: Bu halda direktorun özü işəgötürən kimi inzibati və ya cinayət hərəkətləri edib və bunlara görə məsuliyyətə cəlb olunur. Sadəcə, belə hallarda təsisçilər direktorla hesabatlılıq münasibətlərini mütəmadi və düzgün formalaşdırmalıdırlar. Ona görə də Mülki Məcəllənin bir çox maddələrində yazılıb ki, məhdud məsuliyyətli müəssisələrdə (MMC) təsisçilər MMC-nin öhdəliklərinə görə və MMC təsisçilərin öhdəliklərinə görə məsuliyyət daşımır. Yəni, MMC-də baş verən hər hansı bir hala işəgötürən kimi direktor məsuliyyət daşıyır. Məhz yuxarıda qeyd olunanlardan çıxış edərək hesab edir ki, barəsində çıxarılmış qərarlar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin inzibati tənbeh vermə haqqında 08 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarının və həmin qərarın dəyişdirilmədən saxlanılması barədə 12 yanvar 2021-ci il tarixli, QYB-001/21 nömrəli qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bununla yanaşı X14 ayrıca yazılı vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, inzibati xəta haqqında MN seriyalı, ******* nömrəli və MN seriyalı, ******* nömrəli, 26 noyabr 2020-ci il tarixli protokollardan, eləcə də MN seriyalı, ******* nömrəli protokola əsasən çıxarılmış 08 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan yuxarı səlahiyyətli orqana, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət etsə də, şikayəti təmin olunmamış, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında QYB-001/21 nömrəli, 12 yanvar 2021-ci il tarixli qərarla X13 Xidmətinin Bakı şəhər idarəsinin inzibati xəta haqqında MN seriyalı, ******* nömrəli, 26 noyabr 2020-ci il tarixli protokol əsasında çıxardığı inzibati tənbeh vermə haqqında 08 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Tərəfindən protokol və qərarlardan Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilmiş, şikayəti üzrə məhkəmənin 3(007)-839/2021 nömrəli, 01 fevral 2021-ci il tarixli qərardadı qəbul edilmiş və həmin qərardadla şikayətinin geri qaytarılmasına qərar verilmişdir. Əsas kimi şikayəti ilə əlaqəli sənədləri ərizəsinə qoşma etməməyi göstərilmişdir. Hesab edir ki, "xxxx" MMC-nin təsisçisi və direktoru olaraq barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır və pozulmuş hüquqlarının məhkəmədə müdafiəsi təmin olunmalıdır. Yuxarıda qeyd etdiyi kimi, o, təmsil etdiyi MMC və özü barədə tərtib edilmiş protokol və qərarlardan vaxtında şikayət vermişdir. Lakin şikayəti ilə əlaqədar müvafiq sənədləri şikayətinə əlavə edilmədiyindən məhkəmə şikayətinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Hazırkı halda isə müraciəti nəzərdə tutulan müddət ötürülməklə verilir. Hesab edir ki, hazırkı şikayəti üzrə buraxılmış müddət üzürlü sayılmalı və şikayətinə baxılma təmin olunmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin inzibati xəta haqqında MN seriyalı, ******* nömrəli, 26 noyabr 2020-ci il tarixli protokol əsasında çıxardığı inzibati tənbeh vermək haqqında 08 dekabr 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli qərarla bu qərarın dəyişdirilmədən saxlanılması barədə qəbul olunmuş 12 yanvar 2021-ci il tarixli, QYB-001/21 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərardan verdiyi şikayətinə baxıla bilməsi üçün nəzərdə tutulan müddətin ona münasibətdə ötürülmüş hesab edilməməsini və şikayətinə baxılaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X14 şikayətinin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 nümayəndəsi X6 təmsil etdiyi şəxsin dəlillərini müdafiə edib, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X11 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan xəta törədilərək X12 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş, buna görə MMC-nin direktoru X4 barəsində 26 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol əsaslı olduğundan işə aidiyyəti üzrə səlahiyyətli orqan tərəfindən baxılaraq 08 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarla X14 4000 manat məbləğində cərimə olunmuşdur. Şikayətin rədd olunmasını, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, vəsatəti və şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, vəsatət və şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Kommersiya qurumunun dövlət reyestrindən çıxarışın surətindən görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi X8r; -Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, "xxxx" MMC ilə X12 arasında bağlanmış əmək müqaviləsi 01 mart 2019-cu il tarixli 2P936FR000800 nömrəli bildirişlə 02 mart 2019-cu il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmışdır; -Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, "xxxx" MMC ilə X12 arasında bağlanmış əmək müqaviləsi 04 noyabr 2019-cu il tarixli 2P936FR001200 nömrəli bildirişlə 04 noyabr 2019cu il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin əməkdaşı tərəfindən tərtib olunmuş 26 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, "xxxx" MMC-nin direktoru X14, X7 qarşı Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinin (əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunur, tərəflərin imzası ilə təsdiq edilir və bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır) tələblərini pozmuş, bununla da onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir; -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin rəisi tərəfindən qəbul olunmuş 08 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın surətindən görünür ki, "xxxx" MMC-nin direktoru X14 26 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 4000 manat məbləğində inzibati cərimə edilmişdir; -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 12 yanvar 2021-ci il tarixli, QYB-001/21 nömrəli qərarının surətindən görünür ki, "xxxx" MMC-nin direktoru X4 həmin Xidmətin Bakı şəhər idarəsinin 08 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməmiş, sözügedən qərar dəyişdirilmədən saxlanılmışdır; -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 3(007)-1655/2021 nömrəli qərarının surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən, xitam verilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati məsuliyyətdən azad edilmişdir. Məhkəmə ilk növbədə X4 qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin bərpası barədə vəsatətini müzakirə edərək, hesab edir ki, vəsatət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə vəsatətdə irəli sürülən dəlilləri, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddət yalnız 08 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarla bağlı, vəsatətdə irəli sürülən dəlillər nəzərə alınmaqla və üzrlü səbəbdən buraxılmış hesab olunmaqla, X9 münasibətdə bərpa edilməlidir. 12 yanvar 2021-ci il tarixli, QYB-001/21 nömrəli qərardan şikayətə isə, aşağıda əsaslandırılacaq dəlillər nəzərə alınmaqla, hazırkı icraatda baxılması mümkün olmayacağından həmin hissədə vəsatət müzakirə edilmir, ona görə vəsatət qismən təmin edilməlidir. Məhkəmə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 3(007)- 1655/2021 nömrəli qərarı ilə müəyyən olunmuş faktiki hallara diqqət çəkərək, qeyd edir ki, həmin işin məhkəmədə baxılmasına əsas olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş 26 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə görə, hüquqi ünvanı ünvan 1ərəfindən X12 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə işə baxarkən müəyyən etmişdir ki, "xxxx" MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs "xxxx" MMC tərəfindən törədilmişdir. "xxxx" MMC ilə X12 arasında yazılı əmək müqaviləsi bağlanmadığından elektron informasiya sisteminə yerləşdirilmiş bildirişlər, yəni əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi hüquqi qüvvəsi olan sənəd kimi qəbul edilə bilməz, bununla da inzibati xətalar qanunvericiliyinin tələbləri "xxxx" MMC tərəfindən pozulmuşdur. Ona görə məhkəmə belə nəticəyə gəlmişdir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. Lakin "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, xitam verilməli və MMC inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Lakin işin faktiki halları, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 iyul 2021-ci il tarixli 3(007)-1655/2021 nömrəli qərarı və yuxarıda istinad edilən digər sənədlərlə müəyyən olunur ki, X3 Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinin (əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunur, tərəflərin imzası ilə təsdiq edilir və bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır) tələblərinin pozulması ilə "xxxx" MMC-də işlərin görülməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən həmin MMC-nin barəsində hüquqi şəxs qismində 26 noyabr 2020ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmiş, eyni zamanda "xxxx" MMC-nin təsisçisi və direktoru X4 barəsində isə vəzifəli şəxs qismində eyni tarixdə, yəni 26 noyabr 2020-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün səlahiyyətli orqanın vəzifəli şəxsinə təqdim edilmişdir. Bununla da, müəyyən olunur ki, bir inzibati xətaya görə həm hüquqi şəxs qismində "xxxx" MMC, həm də vəzifəli şəxs qismində həmin MMC-nin təmsilçisi və direktoru qismində X15 inzibati məsuliyyətə cəlb olunmuşlar. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X3 Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinin (əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunur, tərəflərin imzası ilə təsdiq edilir və bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır) tələblərinin pozulması ilə "xxxx" MMC-də işlərin görülməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən həmin MMC-nin barəsində hüquqi şəxs qismində 26 noyabr 2020ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməsi, həmin protokol əsasında işə məhkəmədə baxılaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 iyul 2021-ci il tarixli 3(007)-1655/2021 nömrəli qərarı ilə həmin inzibati xətanın törədilməsində hüquqi şəxs qismində "xxxx" MMC-nin təqsiri müəyyən edildiyindən, həmin MMC-nin rəhbəri olaraq vəzifəli şəxs qismində X4 barəsində eyni xətaya görə inzibati xəta haqqında protokol tərtib olunaraq məsuliyyətə cəlb edilməsi əsassız olmuşdur, ona görə inzibati xəta hadisəsinin olmaması əsası ilə X4 barəsindəki 08 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə kollegial orqanın qərarından şikayət və ya protest - kollegial orqanın olduğu yerin məhkəməsinə verilir. Məlum olduğu kimi, "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin 08 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti həmin Xidmətin 12 yanvar 2021-ci il tarixli, QYB-001/21 nömrəli qərarı ilə təmin edilməmiş, sözügedən qərar dəyişdirilmədən saxlanılmışdır, hazırda X14 08 dekabr 2020ci il tarixli qərarla yanaşı, həmin 12 yanvar 2021-ci il tarixli qərardan da şikayət vermişdir. Lakin məhkəmə hesab edir ki, 12 yanvar 2021-ci il tarixli qərar kollegial orqanın qərarı hesab olunduğundan şikayətə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən baxıla bilməz, həmin qərardan onu qəbul etmiş kollegial orqanın olduğu yerin məhkəməsinə şikayət verə bilmək hüququ X9 izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət qismən təmin edilsin, "xxxx" MMC-nin təsisçisi və direktoru X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin 08 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarından şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət onun tərəfindən üzrlü səbəbdən ötürülmüş hesab edilərək ona münasibətdə həmin müddət bərpa edilsin. Şikayət qismən təmin edilsin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin "xxxx" MMC-nin təsisçisi və direktoru X4 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 4000 manat məbləğində inzibati cərimə edilməsinə dair 08 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 12 yanvar 2021-ci il tarixli, QYB-001/21 nömrəli qərarından, həmin orqanın olduğu yerin məhkəməsinə, şikayət vermək hüququ X9 izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar